BAYRAM İSGƏNDƏRLİNİN ESSELƏRİ
3 min read
OXUCU MƏKTUBU
Salam, Müşfiq müəllim, saytınızı daim izləyirəm; maraqlı, oxunaqlı materiallar təqdim edirsiniz. Sizə bir neşə esse göndərirəm; xoşunuza gəlsə, saytınızda yerləşdirməyinizi xahiş edirəm. Yeri gəlmişkən deyim ki, sizi qiyabi tanıyıram; “Ədəbiyyat qəzeti” redaksiyasına gələndə redaksiyanıza da baş çəkəcəyəm, əyani olaraq sizinlə tanış olacağam.
Hörmətlə, yazıçı Bayram İsgəndərli
Bayram İsgəndərli – 1943-cü il iyunun 17-də Naxçıvan şəhərində doğulub. Uzun illər jurnalist peşəsi ilə məşğul olub. Ədəbi yaradıcılığa erkən yaşlardan başlayıb. İndiyə qədər – “Bir payız günü”, ”Günəş həmişə olacaq”, “Balaca nağılçı”, ”Yeddi ilin ayrılığı”, ”Vaxtla üz-üzə”, ”Sevgi məktubları”, ”Qorxaq ayı balası Toxmaq” və “Çil xoruzun aqibəti” kitabları işıq üzü görüb.
Uşaqlar üçün bir sıra pyeslər yazıb. Onlardan “Cırtdanın yeni sərgüzəşti” və “Xeyirxah kirpi” pyesləri Naxçıvan Dövlət Kukla Teatrında, ”Meşə əhvalatı” və “Sıçanların hiyləsi” pyesləri isə Naxçıvan Dövlət Uşaq Teatrında tamaşaya qoyulub.
Hekayələri müntəzəm olaraq “Azərbaycan”, ”Ulduz”, ”Göyərçin” jurnallarında, ”Ədəbiyyat qəzeti”, ”Kaspi “, “525-ci qəzet” və digər qəzetlərdə çap olunur.
Biz də Bayram İsgəndərliyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə essesini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
YUXULAR, APARIN MƏNİ…
(ESSE)
Yuxular, qara buludlar üzərində aparın məni yaxın gələcəyə. O gələcəkdə başqa bir dünya olacaq. Başqa… O gələcəkdə silahlar susacaq, insanlar dinc bir həyat yaşayacaqlaq.
O gələcəkdə məhəbbət ürəklərə hakim olacaq…
O gələcəkdə göy üzündə bəmbəyaz buludlar olacaq; durnalar sevgi nəğməsi oxuyacaq; çiçəklər, güllər min rəngə çalacaq.
O gələcəkdə…
Yuxular, aparın, aparın məni o gələcəyə…
16.01.2025.
BİTMƏYƏN DUYĞULAR
(ESSE)
Pəncərə önündə yenə dikilib qalmışam; güclü şimal-qərb küləyinin hirs-hikkəsini həyəcanla izləyirəm; qızılgüllər, qarağat kolları amansızcasına döyəclənir, az qalır köklərindən çıxsın.
Döyəclənən qarağat kollarının altında iki qaratoyuq dimdik-dimdiyə dayanıb; bir-birinə nəsə deyir, küləyin hirs-hikkəsi veclərinə deyil…
Yazıq evkalipt ağacı yay kimi əyilib qalxır; deyirsən bəlkə indicə tən ortasından bölünəcək.
Nərgiz gülləri soyuqdan, küləyin zərbəsindən tir-tir əsir…
Mənsə səni düşünürəm. Mənə elə gəlir ki, sən də üşüyürsən…
Elə bu an, məhz elə bu an isti, çox isti bir küləyə dönüb qızılgülləri, qarağat kollarını, tir-tir əsən nərgizləri… bir də səni isitmək, qızındırmaq istəyirəm…
P.S. Yaman kövrəlmişəm…
08.02.2025.
TELEFON SUSUR…
(ESSE)
Telefonla soruşur: -Necəsən? -Deyirəm: -Ağrıyıram. -Deyir:
Haran ağrıyır?-Deyirəm: -Başım, ciyərim, ürəyim… Mənə
gərək olan ilacları sadalayır. -Daha sonra ?-deyə soruşur.
Onda mən yanıqlı bir ah çəkirəm, Nəsiminin qəzəlindən bu beyti ona deyirəm:
-İstərəm surəti-vəslin ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Susur; telefonu söndürür…
10.02.2025.
DƏNİZ SƏSİ
(ESSE)
Dəniz səsi… Bu səsi dinləməkdən doymuram. Mənə elə gəlir ki, o səs ürəyimin çırpıntısıdır. Səsə çevrilib; deyə bilmədiklərimi deyir.
Səsin dənizin səsinə oxşayır.
Səsinə qulaq asmaq istəyirəm.
18.02.2025.
ZiM.Az