İSMAYIL ÖMƏROV – 70: ŞƏRƏFLİ ÖMÜR YOLU » ZiM.Az

20 min read

TƏBRİK EDİRİK!

İsmayıl Ömərov – bu ad çoxlarının yaddaşında yaxşı qalsa da, yeni nəsil, bəlkə də onun kimliyi haqqında o qədər də məlumatlı deyil. Onlar bilmirlər ki, İsmayıl Ömərov yola saldığımız XX əsrin sonlarında əcnəbi vulqar serialların, sənət və sənətkarlıqdan uzaq, dayaz, bəsit düşüncəli çal-çağır “sənət” adamlarının efiri primitiv şou proqramlarla zəbt etdiyi bir vaxtda, tamaşaçını dərindən düşündürən, onu özünün və Vətənin taleyinə biganə qalmağa qoymayan, döyüşkən, mübariz ruhlu siyasi proqramlarla ekrana gəldi və qısa bir müddətdə üstünlük qazanan ciddi tele-publisistikanın ən parlaq simalarından biri kimi məşhurlaşdı, xalqın sevimlisi oldu.

Elə buna görə də, gənc nəsilləri xalqımızın dəyərli ziyalısı, tanınmış telejurnalist və ictimai xadim İsmayıl Abbas oğlu Ömərovun şərəfli ömür yolu və zəngin yaradıcılıq fəaliyyəti ilə tanış etməyi özümüzə borc bildik.

 

 

İsmayıl Abbas oğlu Ömərov – 1954-cü il fevralın 20-də qədim Borçalı mahalında – Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb.
Eyni zamanda, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.
Azərbaycan Dövlət Televiziyasının “İctimai-siyasi proqramlar” redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər böyük yaradıcılıq yolu keçib.
“Siyasi proseslərin idarə olunmasında televiziyanın rolu” mövzusunda dissertasiya müdafiə edərək ciyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 noyabr 1998-ci il tarixli sərəncamı ilə İsmayıl Abbas oğlu Ömərov “Azərbaycanın əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Onu da qeyd edək ki, İsmayıl Ömərov həm də Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olub.

Yaxın tariximizin, ötən əsrin 90-cı illərinin qaranlıq səhifələrinin, həmin dövrdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin ciddi şəkildə araşdırılması və ilk dəfə ekranlaşdırılması məhz İsmayıl Ömərovla başladı. Bir-birinin ardınca, müəllifi və aparıcısı olduğu “Qanlı yanvar”, “Qarabağ düyünü”, “Blokada”, “Əsrin faciəsi”, “Xəyanət”, “Qurtuluş” və s. silsilə tele-serialları yaşadığımız ağrılı-acılı, qanlı-qadalı illərə ayna tutdu, qaranlıq hadisələr aydınlaşdı, indiyədək məchul qalan suallara cavab verildi. Mərhum prezidentlər Əbülfəz Elçibəy, Süleyman Dəmirəl, keçmiş baş nazirlər Tansu Çillər, Surət Hüseynov və bir çox partiya sədrləri, hüquq mühafizə orqanlarının, Milli Ordumuzun rəh-bərləri, eləcə də tanınmış ictimai xadimlərlə müsahibələri böyük rezonans doğurdu və hələ də yaddaşlardan silinməyib.
Bu tele-seriallar kimin kimliyini ortaya qoydu və təbii ki, adı qaranlıq hadisələrdə keçənlərin aqressiv hücumlarına tuş gəldi. Buna baxmayaraq, böyük aiditoriya tərəfindən rəğbətlə qarşılandı. Onun ağzından çıxan hər kəlmə, dövrü mətbuatda dərc olundu. Bu da hər jurnalistə nəsib olan xoşbəxtlik deyil.
Elə buna görə də, onun çıxışlarını hay-küylə qarşılayanlar faktlarla cavab verə bilmədiyindən geri çəkilməyə məcbur olur, ona “müstəntiq-jurnalist” adı qoymaqla sanki daxili hisslərini boğub, özlərinə təskinlik verirdilər.

Görkəmli alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz, şair və yazıçılarımız isə öz çıxışlarında, respublika mətbuatında dərc etdirdikləri məqalələrində bu verilişləri ciddi yaradıcı araşdırma işi kimi yüksək qiymətləndirir, onun ictimai-siyasi əhəmiyyətindən bəhs edirdilər.
Sevimli xalq şairlərimiz Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və çoxsaylı tanınmış və nüfuzlu ziyalılarımızın rəy və təklifləri İsmayıl Ömərovun fəaliyyətinə verilən ən gözəl qiymət idi.
Şair Qabil, Baba Pünhan və başqaları İsmayıl Ömərovun verilişləri haqqında şeirlər də yazdılar.
İsmayıl Ömərovun yaradıcılığını dəyərləndirənlər yaxşı bilirdi ki, bu verilişlər sadəcə istedadlı bir jurnalistin təxəyyülünün məhsulu deyildi, Vətənimizin məlum hadisələrinin ağrısını öz bioqrafiyasında yaşayan cəsarətli bir qələm sahibinin vətəndaş mövqeyi idi.
Məhz bu məziyyətlərinə və keyfiyyətlərinə görə İsmayıl Ömərov böyük coşqu ilə ilk tele-jurnalist kimi Milli Məclisə üzv seçildi.
Seçki zamanı, ona səs verməyən Dairə Seçki komissiyasında təmsil olunan müxalifət partiyasının nümayəndələrinin özləri etiraf etmişdilər ki, seçki nəticələrini əsk etdirən protaokola ilk imzanı da məhz onlar atıblar. Çünki qələbəni İsmayıl Ömərov halal səslə qazanmışdı.
2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olduğu müddətdə İsmayıl Ömərovun bir ictimai xadim kimi fəaliyyətini seçildiyi təkcə Xaçmaz rayon əhalisi deyil, bütün Azərbaycan yüksək qiymətləndirdi.

O vaxtlar ən mürəkkəb rayonlardan olan Xaçmazın ərazisində sözün əsl mənasında ədalətin zəfər çalması üçün əlindən gələni əsirgəmədi. Bir nəfər belə şikayətçinin sözü yerdə qalmadı, qulaq ardına vurulmadı. Məhz onun birbaşa millət vəkili kimi müdaxiləsindən sonra Xudat şəhərində yeni elektrik stansiyası quruldu. Nizami Gəncəvinin adına park salındı və orada ölməz şairin gözəl bir heykəli ucaldıldı. Çox saylı obyeklər istifadəyə verildi.
2005-ci ildə o, İTV-yə rəhbər – ilk baş direktor seçiləndə Nizamnaməyə əsasən Milli Məclis üzvlüyündən imtina etmək məcburiyyətində qaldı.
O vaxtın ən tanınmış və hörmətli hüquqşünası, bir şəxsiyyət kimi hamının böyük hörmət bəslədiyi, Milli Məclisin sabiq sədr müavini Zakir Zeynalovun bir cümləsini bu şərhlərə əlavə etmək yerinə düşərdi: “Milli Məclisə İsmayıl Ömərov çox lazımdır!”
Növbət seçki zamanı İsmayıl Ömərovun öz namizədliyini verməməsi seçicilərinin narazılığına səbəb oldu. Bu faktı ilk dəfə qeyd edirik. Etiraz əlaməti olaraq, seçki dairəsinin ən böyük seçki məntəqələrindən olan Yalama qəsəbəsinin seçiciləri seçkilərə getmədilər. Bu, İsmayıl Ömərova seçicilərin sevgi və etimadını təsdiq edən ən dəyərli sübutdur.

İsmayıl Ömərov təkcə peşəkar jurnalist, bacarıqlı ictimai xadim deyil, həm də İctimai Televiziyanın qurucusudur. Bu bir tarixdir, tarixi dəyişmək isə mümkün deyil!
İsmayıl Ömərov əsl jurnalist peşəkarlığını əgər AzTv-dəki verilişlərində, ictimai xadimliyini Milli Məclisin deputatı olduğu zaman sübut etmişdirsə, onun qurucu – bacarıqlı təşkilatçı olduğunu da Avropa Şurasının tələbi ilə ərsəyə gələn və üzərinə çox böyük yük qoyulan İctimai Televiziya və Radiosunu yaratmasında gördük.
Azərbaycanda ənənəvi televiziyalardan fərqli, müxtəlif siyasi cərəyanların, ideya, fikir daşıyıcılarının düşüncələrini böyük auditoriyaya çatdırmağa, onunla paylaşmağa imkan verən, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqlarını uzlaşdıran yeni televiziyanı sıfırdan yaratmaq elə də asan məsələ deyildi. Amma İsmayıl Ömərov bunu bacardı.
Onun İTv-yə direktor seçilməsi isə sözün əsl mənasında, 2005-ci ilin ən böyük qalmaqallı, ən çox müzakirə olunan mövzusu oldu.
22 nəfər tanınmış ziyalı öz namizədliyini vermişdi. Onların arasından İsmayıl Ömərov səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçildi.
Elə ilk müsahibəsində o, elan etdi ki, “çoxlarına əl çatmaz, şirin bir nağıl görünən İctimai televiziyanı, mən ən yaxın müddətdə – 100 günə quracağam”.
Bədxahlar bunu fürsət bilib, çox ciddi ideoloji hücuma keçdilər. Həm müxalifət, həm də rəsmi dövlət mətbuatında bu mövzu gündəmdən düşmürdü.
Ədalət naminə onları da başa düşmək olardı. Hələlik nə yeri, nə əmlakı, nə maliyyəsi, nə də özündən başqa bir nəfər də olsa işçisi olmayan televiziya kimi mürəkkəb mexanizmi belə qıssa müddətdə necə qurmaq olardı?
Hətta xarici mütəxəssislər belə deyirdilər ki, yeni TV-ni bir il yarımdan tez qurmaq mümkün deyil. Ancaq İsmayıl Ömərov bunu bacardı. Düz 3 ayın tamamında elan etdi ki, “Biz efirə çıxmağa hazırıq. Necə ildırım sürəti ilə gəldiksə, şimşək kimi də çaxacağıq!..”
Elə də oldu. 2005-ci il avqustun 29-da İctimai Televiziyanın açılış mərasimi əsl ümumxalq bayramına çevrildi. Hamı burada idi. Azərbaycan prezidenti, hökuməti və Milli Məclisin üzvləri, bütün müxalifət düşərgəsi, elm, sənət adamları, bir sözlə, milli elitamız… Bu çox nadir görüntüləri ilə yadda qalan mərasim idi. Çünki İctimai televiziyanı hamı özününkü bilirdi.
Beləliklə, qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və ən şəffaf institutlardan olan İctimai Tele-Radio yarandı.
Həqiqətən bütün tamaşaçı auditoriyası heyrət içində idi. Efirə indiyədək heç yanda görünməyən, amma nurlu sifəti ilə seçilən böyük bir gənclik ordusu gəlmişdi. Tez bir zamanda onların bir çoxu Azərbaycan televiziya məkanında parlaq ulduza çevrildilər. Məhz onların sayəsində keyfiyyətli yayım formatı və fərqli informasiya siyasəti ilə ictimai kanal qısa zamanda tamaşaçıların rəğbətini qazandı. Hamı düşünürdü ki, indiyə qədər gizlənmiş bu altun sərvəti – istedadlı gənclik ordusunu İ.Öməröv hardan tapmışdı?
İ.Ömərov isə mətbuat konfransında bildirdi ki, “onlar müsabiqə yolu ilə seçilmiş gənclərdir. İndi görün bizim millətin nə qədər güclü potensialı var”. Onu da söylədi ki, “hər bir kanal öz rəhbərinin xarakterinin göstəricisidir. Biz milli mənəvi dəyərlərimizə, həyat tərzimizə, əxlaqımıza zidd olan, zərər vuran, “Santa barbara” və s. bu kimi tele-seriallardan, ekranlarımızı iyrənc hala gətirən düşük şou proqramlardan xilas etməliyik. Onlar kanallarımızı necə zəbt etmişdilərsə, eləcə də, hətta daha sürətlə uzaqlaşdırılmalıdır. Biz formaca müasir, məzmunca milli bir Tv yaradarıq. Bu hamıya nümunə olmalıdır! TV-lərdə Azərbaycan filmlərinə üstünlük verilməlidir. Tv-lər xalqın milli-mənəvi sərvətinin, mədəniyyətinin təəssübkeşi olmalıdır. İctimai Tv isə bu mənada daha çox fəqlənməlidir. Burada siyasi qüvvələrə, ayrı-ayrı fikir daşıyıcılarına, qələm sahiblərinə, sənət adamlarına fərq qoymaq olmaz. Bizim ekranımız bütün Azərbaycan palitrası kimi zəngin və əhatəli olmalıdır!..”
Belə də oldu. İctimai Televiziya məhz dövlətin, xalqın milli maraqlarına, Azərbaycanın dövlətçilik ənənələrinə uyğun Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsini bütün dünyaya çatdırılmaq üçün yeni üsul və formalardan daha peşəkarlıqla istifadə etdi. Hər gün bir neçə dəfə efirə gedən “Xəbərlər” proqramının əvvəlində torpaqlarımızın erməni işğalında qalması barədə BMT-nin məlum dörd qətnaməsinin Azərbaycan, rus və ingilis dillərində səslənməsi dünyaya effektli bir çağırış idi..
Yeri gəlmişkən, qarşılıqlı razılaşma əsasında “Azadlıq” radosunun bütün dünya ölkələrində fəaliyyət göstərən müxbirləri ictimai televiziyanın “Carçı” xəbərlər proqramına ödənişsiz informasiyalar verir, reportajlar hazırlayırdı. Bu da ilk gündən kanalın populyarlığına böyük təkan oldu.

Ölkəmizdə gedən ciddi dövlət quruculuğu, Qarabağ həqiqətləri verilişlərin ana xətti, baş mövzusu idi. Milli Qəhrəmanlarımızın doğum günündə bir neçə dəfə maraqlı görüntülərlə bioqrafiyasının təqdim olunması ən təsirli anım tədbiri idi.
İTV-də məhz İsmayıl Ömərovun rəhbərliyi ilə xalqımızın ümummilli lideri, ulu önər Heydər Əliyev, eləcə də, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsibbəy Yusifbəyli, Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə və başqaları haqqında sənədli filmlər çəkildi. (Həmin filmlər həm müasir müstəqilik dövrümüzün, həm də Cümhuriyyət tariximizin öyrənilməsi baxımından maraqlı faktlar və məlumatlarla zəngindir).
Parlament seçkisi öncəsi bütün siyasi partiyaların nümayəndələri gəlib İTv-də canlı yayımda öz fikirlərini söylədilər. İqtidar və müxalifyönümlü politoloqlar İTv-də açıq polemikalarda birlikdə siyasi, ictimai problemləri araşdıraraq ortaq məxrəc axtardılar. İndiyə qədər Azərbaycan tele-məkanından uzaqlaşdırılmış, xeyli ziyalıların, sənət adamlarının, yazıçı və şairlərin doğma ünvanına çevrildi İTv…
Ögey-doğmalıq fərqi qoyulmadan bu kanal yola çıxdı və istəyinə də nail oldu.
Şairlərdən Musa Yaqub, Ramiz Rövşən, Məmməd İsmayıl, Əlisa Nicat, bəstəkar Cavanşir Quliyev, xalq artisti Flora Kərimova, görkəmli alimlərimiz Xalid Əlimirzəyev, Rafiq Əliyev, Firudun Səməndərov və b. İctimai kanalda dəfələrlə xalqın görüşünə gəldi, öz düşüncələrini onunla bölüşdü. Ekrandan-efirdən uzaq düşmüş bir çox görkəmli ziyalılar İTv-ni öz doğma ocağı bildilər. Bu milli birlik, həmrəylik İsmayıl Ömərovun ən böyük uğurlarından biri idi.
Həftənin iş günlərində günorta fasilə saatlarında efirə gedən “İşgüzar saat” verilişinin əsas iştirakçıları vətəndaşlarımız və tamaşaçılarımız idi. Onları düşündürən və narahat edən məsələlərlə istənilən dövlət orqanlarına müraciət edirdilər. Məsul şəxslər, o cümlədən, bir çox hallarda, nazirlər canlı yayımda həmin sualları cavablandırırdılar. Bu kimi verilişlər ictimaiyyətlə məmurlar arasında əlaqənin, dialoqun yaranmasına, bürokratik əngəllərin aradan qaldırılmasına kömək edirdi.
İctimai kanalın populyarlığı xarici qonaqların da nəzərindən qaçmadı. Bütün ölkələrin səfirlərini, diplomatlarını burada tez-tez görmək olardı. Bir çox xarici dövlətlərin rəhbərləri və nümayəndələri Bakıya gəldikdə ilk dəfə İTv-yə müsahibə verirdilər. Bu, onun beynəlxalq televiziya şəbəkəsinə qoşulmağına və nüfuzlu həmkarlar qazanmasına stimul verdi.
Gürcüstan, Türkiyə, Qazaxstan, Macarıstan və başqa ölkələrin kanalları ilə yaranan dostluq əlaqələri əsasında informasiya mübadiləsi edildi, tele-körpülər yarandı. TRT, BBS, Eronyus və s. tanınmış TV-lərlə ciddi iş birliyi başladı.
Türk xalqlarının son 100 ildə keçdiyi məşəqqətli yollar – Axıska türkləri, Cənubi Azərbaycanda məşhur Xalq Hərəkatı və s. də müasir TV-nin imkanları daxilində İctimai TV-nin verilişlərində yaddaşlara həkk olundu.
İranda, Cənubi Azərbaycanda yaşıyan soydaşlarımız birinci gündən İTV-nin diqqət mərkəzidə idi. Təbrizdən, Ərdəbildən, Urmiyadan, eləcə də, doğma Dərbənddən, Borçalı ellərindən efirə gedən tele-körpülər həmişə həsrətlə izlənilirdi.
Türk Xalqlarının Birliyi, ortaq dərsliklərimiz, dilimiz, tariximiz, mədəniyyətimiz sahəsində çox ciddi ideoloji iş aparıldı.
Seyrçilər tez-tez İtV ekranının 4 yerə bölündüyünü görürdülər: Tükiyə, Qazaxstan, Macarıstan, Özbəkistan…
Ortaq verilişlər yeni ortaq fikir məkanına çevrildi. İctimai TV bütün dünyaya səpələnmiş Türk xalqlarının sevimli kanalı oldu. Bu istək, bu arzudan İTv-nin təşəbbüskarlığı ilə ortaq türk kanalı “TRT-Avaz” yarandı. Kanalın açılışını Türkiyənin keçmiş prezidenti Abdulla Gül etdi və kanalın qarşısında duran çox mühüm vəzifələrdən danışdı.
TRT-nin baş redaktoru İbrahim Şahin və İTv-nin baş direktoru İsmayıl Ömərov öz öhdəliklərini yaxşı dərk etdiklərini bildirdilər.
Və heç şübhəsiz, təsadüfi deyil ki, İsmayıl Ömərov bu xidmətlərinə görə iki dəfə “Türk Xalqlarına Xidmət” ödülünə layiq görülən yeganə Azərbaycan televizyonçusudur.
İsmayıl Ömərovun bu gün yenə bu mövzuya təkrarən dönmək istəyi elə həmin fəaliyyətin davamıdır.
2009-cu ildə İsmayıl Ömərov təkrarən İTv-nin baş direktoru vəzifəsinə seçilib və o, ikinci müddəti də tam başa çatana kimi həmin vəzifədə şərəflə çalışıb.
İctimai kanalın populyarlığı Avropa Yayımlar Birliyinin diqqətindən yayınmamış, İTv-ni öz sıralarına qəbul etmiş və MDB ölkələri arasında ilk dəfə olaraq özünün növbəti sessiyasının məhz Bakıda keçirilməsinə razılıq vermişdi.
2010-cu ildə Avropa Yayımlar Birliyinin Bakıda keçirilən sessiyası əsl hadisəyə çevrildi. Dünyanın 56 ölkəsindən 87 ən nüfuzlu media institutlarının, Tele-radio şirkətlərinin rəhbərlərinin Bakıya toplanması nadir hadisə idi. Bu dünyanın informasiya texnologiyalarını yönəldən nəhəng media mərkəzlərinin Azərbaycanı tanımaq və onu tanıtmaq nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edirdi.
İctimai Televiziya milliliyi ilə yanaşı, həm də mükəmməl bir proqram siyasəti ilə seçilirdi. Ən operativ xəbərləri, ən maraqlı idman oyunlarını, bilik ya-rışıarını, peşakar musiqi proqramlarını tamaşaçı onun efirində izləyirdi.
Eurovision müsabiqəsindəki uğurumuzu isə İctimai televiziyanın Beynəlxalq brendi hesab edə bilərik. Bu mənada Azərbaycanın birinci xanımı – ölkədə çox böyük mədəni, humanitar missiyanın müəllifi Mehriban Əliyevanın rəhbərliyi ilə bu prosesin daha mükəmməl və qüsursuz aparılmasında, şübhəsiz İctimai Televiziyanın rolunu xüsusi qeyd etməliyik.
Təbii ki, İsmayıl Ömərovun da ardıcıl fəaliyyətini və gərgin zəhmətini unutmaq olmaz.
Məhz onun dövründə “Eurovisin” yarışmasında Azərbaycan yalnız birinci il 8-ci yerdə qərarlaşmış, sonrakı illərdə həmişə ilk 5-likdə olmuşdur.
2011-ci ildə isə Azərbaycan təmsilçilərinin I yerə çıxması ümum-Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin Avropada qələbəsi idi.
Bu qələbə, bu birincilik sayəsində bütün Avropa sənətçiləri növbəti il ölkəmizə gəldi və möhtəşəm inkişafı, tərəqqisi ilə çiçəklənən Azərbaycanı gördülər. Bakı yarışması Eurovision tarixinə həkk olundu.
Xəbər məkanının çox sürətlə dəyişdiyi, informasiya axının bir yerdə qərar tutmadığı, intensivliyinin kosmik sürətlə artdığı bir zamanda, döyüşən ideoloji cərəyanların içərisində öz dəst-xəttini, üslubunu saxlamaq, ölkəmizin həyatına kənar təsirləri müəyyən mənada neytrallaşmaqla milli mövqeləri qorumaq, Azərbaycanın öz düşüncəsini, iradəsini ortaya qoymaq nöqteyi-nəzərdən də İctimai Televiziyanın rolunu və fəaliyyətini xüsusi qeyd etməliyik.
Əlbəttə, bu anlamda bötüv Azərbaycan amilinin fərqli bir mədəni yanaşma ilə öz ifadəsini tapması və əlaqələrimizin böyük bir körpüyə çevrilməsi, qırılmış xəttlərin bərpa edilməsi İctimai Televiziyanın əsas prinsiplərindən biri idi.

Onu da qeyd edək ki, İsmayıl Ömərovun uğurunun kökündə tək jurnalistikanın incəliklərini bilməyi deyil, həm də şəxsi möqveyi, baxışı və ideyaları dayanırdı.
Elə buna görə də, növbəti mətbuat konfranslarının birində jurnalistlərin “bu qədər rəngarəng, samballı, baxımlı proqramlarınızın içində ən çox öyündüyünüz hansı layihənizdir?” sualına İsmayıl Ömərovun “Mənim ən böyük layihəm mənim kollektivimdir” – cavabını vermişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli sərəncamı ilə İsmayıl Abbas oğlu Ömərov Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
İki dönəm İctimai Televiziyaya rəhbərlik edən və Azərbaycanda ilk dəfə ictimai yayımın praktik sistemini yaradan İ.Ömərov həm də bir çox yaradıcı qurumlara örnək olacaq kollektivçilik ənənələri formalaşdırdı. Çünki ətrafına uzun illər televiziyaların hücrələrində dedi-qoduyla məşğul olanlar deyil, mükəmməl savadı, yüksək vətənpərvərliyi və güclü energetikasıyla seçilən gənclər toplanmışdı.

Bir sözlə, İTv İsmayıl Ömərovun yaradıcılığının şah əsəridir!

Elə buna görə də, Onun İTv-yə baş direktor seçilməsi kimi, müddətinin bitməsi ilə əlaqədar olaraq kanaldan getməsi də xüsusi görüntülərlə yadda qaldı. Telekanal əməkdaşları İsmayıl Ömərovun yola salınma mərasimində göz yaşlarını, təəssüf hisslərini gizlədə bilmədilər. Bütün mətbuat orqanlarında və müxtəlif saytlarda həmin tədbirdən yazılar verdilər, sosial şəbəkələrdə şəkillər, video-görüntülər paylaşdılar, şərhlər yazdılar.

 

 

Bəli, onun İTv-dən ayrılmağı bəlkə də yaradıcılığın ən pik vaxtına düşdü. Onun nə itirdiyini bilməsək də, amma onu dəqiq bilirik ki, TV çox şey itirdi.
Harda olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli dövlətçilik maraqlarını hər zaman qoruyan bir insandır.
Bu gün də kənarda yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, onların sosial qayğılarının yardımçısı olur.
İsmayıl Ömərov 2017-ci ildə Gürcüstanda, Bolnisi rayonunda xidmətlərinə və töhvələrinə görə Bələdiyyə üzvlərinin səsverməsi nəticəsində yekdilliklə “Fəxri vətəndaş” seçilib.

***

İsmayıl Ömərov milli-mücadilə tariximizin ən qanlı-qadalı, itkili və möhtəşəm Qələbələrlə zəngin olan Qarabağ dalğasında ekrana gəlib, tanınıb, populyarlaşıb. Təbii ki, Qarabağın azadlığı hamımızın arzusu olduğu kimi, İsmayıl Ömərovun da ən böyük arzusu idi. Və bu arzu “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” diləyi ilə hər gün İTV ekranından inadkar bir hayqırtı ilə səslənirdi…

Bu gün Qarabağımız azaddır. Qarabağımızın hər yanında üçrəngli bayrağımız dalğalanır. Bizcə, bu, elə İsmayıl Ömərovun 70 illiyinə ən gözəl hədiyyədir. İsmayıl Ömərov Vətənə sədaqət andına, keçdiyi yola, daşıdığı dəyərlərə sadiq qalan bütün soydaşlarımız kimi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə həyatının, arzularının və inamının ən böyük hədiyyəsini alıb. Daha İctimai Tv-nin efirindən dünyaya BMT qətnamələrinin icra olunmaması ilə bağlı çağırışlar deyil, müzəffər Ali Baş Komandanın işğala, bölücülüyə, məğlubiyyətə son qoyan “Qarabağ Azərbaycandır!” şüarı səslənir. Bu günləri görmək hər birimiz, o cümlədən bizlərdən biri olduğunu populyarlığının ən yüksək vaxtında belə unutmayan İsmayıl Ömərov üçün də Tanrının lütfüdür…

P.S.:
Biz də dəyərli ziyalımız İsmayıl Ömərovu anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
“Ziya” qəzetinin və
“Ziya.info.az” saytının baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az

.

 

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

 

Source link

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir