Qəzəlxan-şair Mövlan Şahidin qəzəllərindən nümunələr
9 min read
Dünya üzündə, bütün xalqlar arasında çoxlu sayda yazıçılar və şairlər var ki, onların yaradacılığı haqqında danışmaq və yazmaq gərəkdir. Heç də tərif sözləri ilə deyil, lakin onların yaradıcılığı haqqında ədalətli sözləri söyləmək, və əsərlərin təhlili nəticəsində haqlı mühakimələri çıxarmaq lazımdır. Şərt deyil ki, bu cür insanlar mütləq incəsənət sahəsində müxtəlif təbiət mənzərələrin rəsmi ilə məşğul olsun, onlar həm də yazıçı, şair, bəstəkar ola bilər, çünki onların hər biri öz dünyanlamını, dünyagörüşünü, fərdi mürəkkəb daxili aləmlərin və həmçinin gördükləri, sehr etdikləri gözəllikləri hərəsi ayrı-ayrılıqda oxucuya, tamaşaçıya, dinləyənə, yəni ətrafdakılara çatdırmaq üçün və həmin məfhumları təsvir etmək üçün öz vasitələrdən istifadə edir. Tam təbii və haqlıdır ki, burada söhbət əsl peşəkarlardan, söz ustalarından, əsl sənətkarlardan, yəni öz peşəsində yüksək mütəxəssislərdən getməlidir. Əminəm ki, istənilən ölkə, Yer kürəsindəki istənilən xalq, məhdud sayda olsa da, bu cür mütəxəssislərlə öyünə və fəxr edə bilər. Bizim Azərbaycan xalqının bu mənada bəxti gətirdi. Bütün dövrlərdə, hər zaman belə ustadlardan, belə yazıçı və şairlərdən biri ilə fəxr etmək bizə nəsib olmuşdur. Xalqımızın, milliyyətimizin nümayəndələri hər zaman bədii ifadə sahəsində ön sıralarda olublar və indi də aramızda bu möhtəşəm ənənələri yüksək səviyyədə davam etdirən söz sənətkarlarının olduğunu fəxrlə dərk etmək çox xoşdur. Bədii ədəbiyyatın incilərinin zənginliyi və nəhəngliyi (həm say və həcm baxımından, həm də ustalıq baxımından) bizim xalqı, müasir sivilizasiyanın özülün, təməl daşın qoyan Qədim Yunan xalqı ilə müqayisə etmək olar. Bu da öz növbəsində olduqca gürürverici məqamdır. Burada, bizim müasir gəzəlxan-şairlərdən biri olan, Mövlan Şahid adı ilə yazıb-yaradan şairdən bir bir neçə kəlmə demək istərdim. Bu, böyük, istedadlı müasir şairdir, söz ustasıdır. Mövlan Şahid, şübhəsiz ki, Vətənimizin fəxr edə biləcəyi böyük şairdir. Amma gəlin burada, şairimizin yaradıcılığının inciləri ilə tanış olub, onları qiymətləndirmək və onlardan mənəvi məmnuniyyət almaq üçün hörmətli oxucunun qarşısına təqdim edək. Əgər Əliağa Vahid qəzəl ustası və böyük Füzulinin işinin davamçısı olmuşdursa, – Mövlan Şahid, necə deyərlər, təmiz vicdanla, bu şərəfli estafeti almış və şərəflə daşıyan şair kimi adlandırıla bilər!
Nəhayət, biz də redaksiya heyətimiz adından, tanınmış qəzəlxan-şair Mövlan Şahidə yeni-yeni uğurlar arzulyır və aşağıda onun bir neçə qəzəlini dəyərli oxucularımıza təqdim edirik.
EL BAKUVİ
(ELDAR HÜSEYNOV)
ZiM.Az
* * *
Nə dedim ki, qara gözlər süzülür, qan içirəm.
Gecə, gündüz üzülür can içi, hicran içirəm.
Yazılan namələrim qaldı cavabsız, dilə gəl,
Yıxılır üstümə zülmətli bu cahan, içirəm.
Günümü, yollarının həsrəti yorduqca, yorur.
Sənsiz o, yolları süzdükcə pərişan, içirəm.
Bu dəli hicran alıb ağuşa, könlüm didilir.
Yoxdur xilasım ola, dərdi bədgüman içirəm.
Ey gözəl nazı əzabdan da ağır, daş yatağım,
Ahuzarımdı mənim üstümə yorğan, içirəm.
Sonu ölməkdi bu ömrün bilirəm, rahət ölüm,
Mənə qismət ola ey sevgili canan, içirəm.
Əlimdə əlin izi, gözlərində gözlərimin,
Rəngi atəşlərə döndükcə al-əlvan, içirəm.
Çatdırın naməmi siz aşiqim olmuş gözələ.
Olmuşam eşqin əlindən dəli Mövlan, içirəm.
26.05.2025
* * *
Ömrün sənə dərdikcə bəhər son baharından.
Versin əməlin ruhuna dad, iftixarından.
İnsan olaraq irsi müqabilliyə baş vur.
Fəxrin ala səndən gələcəklər, vüqarından.
Əhsən səni ehsanın ola, ta əbədiyyət,
Tutduqca yolun həzzin ala elmi, varından.
İnsanlıq odur, ruhunu sevdikcə çökürsən.
Və bəlli olursan cahana, etibarından.
Hikmət duyula hər baxışından sənin ey can.
Çəksin salavatın səni kim görsə, arından.
Rəbbin sənə öz ruhunu, öz canını vermiş.
Ki, səs duyasan aləmi eşqin diyarından.
Dinlə sənə Azanı çatınca nə der’ Haqqın.
Ayrılma, yaxın gəl mənə ey kəs, O, Yarından.
Mövlan sizə bağ əkdi ki, kim dərsə nuş etsin.
Bəh-bəh deyilincə dura hər an, məzarından.
24.05.2025
* * *
Yandıqca cahan əhli xəyanət ocağında.
Qalmaz ki, məhəbbətli hərarət, ocağında.
İnsanlığa dəvətdi səmaviyyə kitablar.
Ömrün keçə Allaha ibadət ocağında.
Dərk eylə ey insan ki, səadətdir, bir anlıq,
Görsün səni Rəbbin o, sədaqət ocağında.
Səbrindədir hər anına hökmüylə gələnlər.
Şükr et, nə payın qalsa qənimət ocağında.
Bir günlük ömür badəsin içmək özü şansdır.
Yandırma sən o, şansı fəlakət ocağında.
İnsan kimi insanlığının hakimi ol, sən.
Sür ömrünü azadə, fərağət, ocağında.
Mövlandan alan ibrətin olsun, bir ömürlük,
Bəslər sizə daima nəzakət, ocağında.
21.05.2025
* * *
Məni məndən aparır gözlərinin mənası.
Dəli etdikcə çəkir cəzbinə eşq sevdası.
Səni təsvir elədikcə, gülü şəbnəm qoxuyur.
O, gözəllikdən ətirləndi könül dünyası.
Baxışın naxşı tutub könlümün eşq aynasını,
Daha da parlaq olur sevgimizin şüası.
Gülüşün şövqü səfadır gözəlim, aşiqinə,
Dözərəm, canımı aldıqca da hər cəfası.
Bəxtiyar aşiq o, kəsdir ki, sevildikcə, sevir.
Bəziyir aşiqini, sevgisinin vəfası.
Gözlərindən saçılan sevgi, məhəbbət diləyir,
Aşiqin məlhəmidir, naz ilə hər şəfası.
Bürünüb sehrinə ey gül, səni sevdikcə Könül,
Alıbdır ağuşa Mövlanı bu eşq bəlası.
17.05.2025
* * *
Çəkdiyim hər dərdimə mən sirli, pünhan, ağlaram.
Yox ki, bir çarəm ola nöqtəmdə güman, ağlaram.
Hər göz üstündə qaş oldum ki, yayınmaz diqqəti.
Tapmadım bir qəlbi ünvan, könlü peşman ağlaram.
Ağladıqca sönmədi könlüm, duruldu göz yaşım.
Çaldı min şanlı zəfərin qanlı hicran, ağlaram.
Görmədim gözlərdə eşqim çağlaya, sızlar mənim,
Halımı görcək tökür gözlərdən al qan, ağlaram.
Ey könül bəxtimdə qurmuş təxti-tacın;- sultanım,
Ver qərarın ölmümə fəxr ilə fərman, ağlaram ?
Bax, qürurumdur tutan tab ilə taqət üstəyəm,
Dövr edir dövrəmdə zülmətlər nə tüğyan, ağlaram.
Çəkmə gözlərdən gözün, gör könlümü aynamdasan.
Ta ki, axdıqca gözümdən qarə mərcan, ağlaram.
Ağlamaqdan başqa bir çarəsi yox ki, Mövanın,
Getsə dönməz bir daha “Gül üzlü” canan, ağlaram.
15.05.2025
* * *
Cəhd eyləmə yandırmağa, yanmaz daha könlüm.
Olmaz yuva həsrət qoxulu bir aha, könlüm.
Zülmətlər içindən süzülən gur çırağ idim.
Səslər, yarım olsan səni xoş sabaha könlüm.
Hey xırdalanıb qədrimi bilməzlərə, əfsus,
Heç yetmədi öz fəxrinə nə, fəraha könlüm.
Yandıqca ucuzlaşdım ucuzlar bazarında.
Eşq əhlinə olmuş ləli-zərdən baha, könlüm.
Dil tökdü ki, mehmanıma, eşq süfrəsi açsın,
Əl açmadı amma nə xana və şaha könlüm.
Məzlumlara rəhmin uca tutmuş, yaşadıqca.
Bağlandı ümidvar olaraq Allaha könlüm.
Bir aşiqi danəndəsiyəm elm ilə eşqin.
Üz tutdu sorağımda olan dərgaha, könlüm.
Mövlana məhəbbətli kaman, tarı çalınsa.
Vallah düşəcək ritmi o, dəm seygaha, könlüm.
08.05.2025.
* * *
Qoyma bir nöqtə mürəkkəb belə getsin hədərə,
Ta ki, son qoydu bu millət əzabından kədərə.
Kimi duzla çörək axtardı, kimi qan qoxulu,
Yükün altında yatır, məzlumu tutmur fəqərə.
Tutdum üz Allaha, ya Rəbb nə bəladır çəkirik ?
Dedi;-Ol üzdən asılmış sizə surəm, bəqərə.
Qoymadım fərqi kimin, kimlə ola tərsə nəsib,
Hələ ar olmadı insanlığa, ya tüm bəşərə.
O, fəlakətlər üzündən qaralıb asimanım,
Düşəcəksiz hələ bundan sora bundan betərə.
Zaman, ibrət alana dövranı təkrar eləyir.
Ayaq altında qalır bax, yenə fağır, füqəra.
O, zaman ki, gələcək çərxi zamanın dönəcək.
Yetən olmaz sizə bir kimsə gələ şad xəbərə.
Tutdu Mövlanı yenə ahuzar üstündə fələk.
Dedi;- kim var ola qail, çökə qismət, qədərə ?
04.05.2025
* * *
Yenə yaz gəlmiş açıb gül yaxasın, bülbülünə.
Qonubdu tazə dənin süd qoxusu sünbülünə.
İçilə sübh çağı nuş, can ətirli xoş havası,
Gələr əlbət bu şirin nəğməsi şair dilinə.
Bu gözəllikləri gördükcə gözəllər gül açar,
Qonacaq yaz mehi öpdükcə ətir, tər gülünə.
Sübh çağı seyr elədikcə bu həyat mənzərəsin.
Çəkilər xoş nəfəsin pərdəsi ürək telinə.
Toxunur bülbülümün avazı əzan səsinə,
Düşürəm mən bu səsin sehr ilə axan selinə.
Sözümün rənginə düşdükcə təbiət, sevinir,
Ki, çəkib yaz tülünü Azər(i)baycan elinə.
Mövlanı təbrik edir gül ləçəyin əsdirərək,
Verib öz zövqünü yaz fəsli, zərif qəzəlinə.
01.05.2025
Mövlan Şahid
.