BİR ÜRƏYİN İKİ HƏSRƏT LAYLASI
9 min readAzərbaycan torpağı tarix boyu şərəfli, ləyaqətli insanların vətəni olub. Bu torpağın oğulları cəsur, qeyrətli, qorxmaz, qızları abırlı, ismətli və şücaətli olublar hər zaman. Xalqımızın milli-mədəni ruhu daim birlik və bərabərlik ruhuna köklənib. Təsadüfi deyildir ki, Azərbaycan Odlar yurdu adlanır. Çünki burda ürəyinin odu, qəlbinin atəşi, biləyinin gücü ilə düşmən bağrı yaran xeyirxah, vətənpərvər insanlar yaşayır. Belə vətənpərvər ailələrdən biri də Naftalan şəhərində yaşayan Dilqəm dayı və Zeynəb ananın ailəsidir. Onların ailəsində dörd oğlan və bir qız övladı böyüyüb, boya-başa çatıb. Vətənpərvər ruhda böyüyən bu övladların hər biri vətəni ruhunda, canında duyub torpağa çox böyük bağlılıq hissi ilə yaşayıblar.
Evin dördüncü övladı idi Mehman Bayramov. 1971-ci il aprel ayının 1-də dünyaya gəlib ailəsinin sevincinə sevinc qatmışdı. O zaman bu balaca oğlanın kiçicik ürəyində böyük bir vətən sevgisinin çüçərib boya atacağından və onun gənc yaşında özünü vətən yolunda şəhid edəcəyindən hamı xəbərsiz idi. Vətənin çətin günlərində onun harayına yetişən Mehman sonralar Zeynəb ananın kədərli misralarında bir ağrıya çevrildi:
Bir aprel dünyanın aldatma günü,
Göz açdın dünyaya bu yaz səhəri.
Həkim təbrik etdi, oğlun olubdur,
Gülürdü atanın üzü, gözləri.
Neçəsi muştuluq istədi ondan,
Neçəsi aldatdı həmin gün onu.
Bundan incimədi, dedi sevincək,
Təki xeyir olsun hər işin sonu.
Biri iyulda da çatdı bəd xəbər,
Yumuldu Mehmanın ala gözləri.
Bu acı xəbəri alan atanın,
Əyildi qaməti, əsdi dizləri.
Vətəni çox sevən igid Mehmanım,
Vətənin uğrunda canından keçdi.
Aprelin 1-də dünyaya gəldi,
İyulun 1-də dünyadan köçdü…
Mehman Bayramov 1992-ci il yanvar ayının 1-dən könüllü olaraq özünümüdafiə batalyonuna yazılmışdı. O, Xocalı faciəsindən sonra heç cür özünə gələ bilmir və hər dəfə də deyirdi: “Bu qisası yerdə qoymaq olmaz. Yoxsa nə gələcək nəsil, nə də bu torpaq bizi bağışlayar…”
Mehman ön cəbhədə olduğu dövrdə onun kiçik qardaşı Vaqif öz velosipedi ilə tez-tez onun yanına gəlir, əsgərlərə Zeynəb ananın bişirdiyi yeməklərdən və cəbhə bölgəsində zəruri ehtiyac duyulan corab, əlcək, jilet və s. şeylər aparırdı. Bu qardaşların sanki vətən sevgisi damarında qanına, şümüyündə iliyinə hopmuş idi.
Sonralar Zeynəb ana da kiçik Vaqifə qoşulub daim əsgərlərin yanında olurdu. Onlara ana qayğısı, ana nəvazişi göstərirdi.
Beləliklə isti bir yay günü Bayramovlar ailəsinin qapısını acı bir şəhid xəbəri döydü. Mehman Bayramov Ağcakənd-Talış istiqamətində gedən döyüşdə şəhid olmuşdu. O,öz döyüş yoldaşlarına son məqamda da öz qayğı və diqqətini əsirgəməyib: -Birdən mina qurarlar, partlayar, düşərsiniz minaya. Sizi evdə gözləyənləriniz var. Özüm gedib yoxlayacam” – deyərək özünü təhlükə qabağına atmış və mənfur düşmənin basdırdığı minanın partlaması nəticəsində ayağının şah damarından zədə almış və əbədi şəhadətə çatmışdı. Son nəfəsində belə “Qorxmuram, qorxmuram” deyə səslənən Mehman əsil qəhrəman kimi şərəfli bir ömrün əbədiyyatinə qovuşmuşdu.
Və sonralar Mehman Bayramovun məzarının kənarında əkilən çiçəklər və ayrıca əkilmiş qızılgül kolu gündəlik sulanır və boy atır gözəlləşirdi. Ailə bu qızılgüllərin kim tərəfindən əkilib qulluq göstərildiyini bilməsə də qızılgüllər nakam bir sevginin kövrək xatirəsinin təmsilçisinə çevrilmiş və Şəhid məzarını öz təravəti və ətri ilə daha gözəlləşdirirdi. Mehman Bayramov bir ailənin sevincini, bir kövrək qəlbin sevgi duyğusunu, ağrısını-acısını özü ilə əbədiyyətə aparmışdı.
Amma bu təəssüflər olsun ki, son deyildi…
Ailənin digər övladı olan Vaqif də sonradan vətən üçün canını fəda edən şəhidlər sırasına qoşuldu. Vaqif Bayramov 1979-cu ilin dekabr ayının 25-də doğulmuşdu.O,hələ uşaqlıq dövründən hərbi sahə ilə yaxından maraqlanır və bir növ hərbi hissədə əsgər və zabitlərin arasında böyüyüb boya-başa çatırdı. Vaqif Bayramov Zeynəb ananın təbirincə desək 12 yaşından vuruşurdu canıyla, qanıyla vətən olan sonsuz məhəbbət duyğularıyla. O, təpədən dırnağa əsgər idi, zabit idi, vətən təəssübkeşi idi hər zaman. Vaqif məktəbli olduğu dövrdə pul yığıb orduya 3000 rubl köməklik göstərmişdi. Hətta sonradan orduya etdiyi köməkliyə, dəstəyə görə Nəcməddin Sadıqov ona “malenkiy qeroy” balaca qəhrəman adı vermişdi. Bu balaca qəhrəman oğlanın orduya 3000 rubl göstərdiyi köməklik o vaxt insanlar arasında böyük səs-küyə səbəb olmuşdu. Vaqif təhsilini hərbi sahə üzrə almaq istəyirdi. Bu istək onu Cəmşüd Naxçıvanski adına Hərbi Liseyə, sonradan isə Bakı Ali Baş Birləşmiş Komandanlar məktəbinə gətirib çıxartdı. O, mükəmməl təhsil alıb savadlı hərbi mütəxəssis kimi formalaşdı. Və hərbi xidmətdə olduğu müddətdə də öz savad və bacarığı ilə vətəninə qüsursuz xidmət etdi. O, ön cəbhədə, düşmən ordusu ilə təmas xəttində olmağa hər zaman can atırdı. Vaqifin ön cəbhədə düşmənlə üzbəüz mövqeydə olduğunu bilən Zeynəb ana bir dəfə dözmür Müdafiə Nazirliyinə məktub yazıb müraciət edir.Və xahiş edir ki, oğlunu arxa cəbhədə xidmətlə təmin etsinlər. Bunu bilən Vaqif bu müraciəti etdiyinə görə anasından inciyir bir xeyli küskünlük yaşayır.
O, harda olur olsun əsgərlərini qoruyan, vətəninin hər qarışının müdafiəsinə qalxan cəsur zabit idi. Vaqif Bayramov daim ön cəbhədə, göz önündə olmağı seçirdi. Heç vaxt geriyə addım atmaz, ancaq irəli getmək əzmində olardı. Vaqif Talış istiqamətində gedən döyüşlərdə 3 postu düşmənlərdən almağın sevincini yaşayırdı. Mənfur düşmən isə öz çirkin əməllərindən heç cür əl çəkmək istəmirdi. Və bir dəfə belə bir vəziyyət yaranır ki, Vaqif özü üzbəüz erməni ilə döyüşə girmək məcburiyyətində qalır. O sona qədər döyüşüb gülləsi qurtaranda isə avtomatın qundağı ilə vuruşmağa başlayır. Vaqif təkbaşına vuruşduqca sanki qardaşı Mehmanın və gözü önündə şəhid olan əsgərlərinin qisasını alırdı. Vaqif əsil qəhrəman kimi son nəfəsinədək vuruşub aldığı ağır yaralardan şəhidlik məqamına yüksəlir.
Və yenidən aprel ayının 11-i Dilqəm dayının və Zeynəb ananın qapısına növbəti Şəhid tabutu gəlir… Bu ailə qəhrəmanlıq ruhunda böyutdüyü digər övladının ağrı-acısını, kədər və fəxarət hissini yaşamaq məcburiyyətində qalır…
Əslində hər şəhidin ölməzlik kitabının səhifələri yetərincə göz yaşları ilə doludur.
Şəhidlərin ağrısını-acısını siz bir də onların yaxınlarından, doğmalarından soruşun. Sizə nakam qalmış arzulardan, tamamlanmamış diləklərdən söz açsınlar…
Vaqif Bayramov 2016-cı il aprel ayının 5-də şəhid olsa da, onun tabutu ailəsinə aprel ayının 11-də təhvil verilir və Vaqif Naftalan torpağından son mənzilə yola salınır. Onun cənazəsinin düşmən tərəfdən alınmasında Polad Həşimov özü birbaşa iştirak etmişdir. Çünki Vaqif neytral zonada şəhid olmuşdu. Və düşmən tərəfi onun cənazəsini vermək istəmirdi.
Vaqif Bayramov şəhid oldu və Vətənə üç körpə balasını Zeynəbi, Aylini, Ümidi və nakam qalmış arzularını əmanət qoyub getdi.
Zeynəb ana deyir ki, Vaqif evə iki bayraq gətirib qoymuşdu. Deyirdi Şuşa, Xankəndi alınsın bayrağı aparıb ora sancacam. Bu arzusunu həyata keçirmək o vaxt ona nəsib olmasa da, illər sonra şücaətli ordumuzun qələbəsi sayəsində bu arzu yerinə yetirildi. Vaqif Bayramovun ailəsi bayraqları Xankəndinə gətirdilər və döyüş yoldaşı bayraqlardan birini Xankəndində yerləşən polis məntəqəsinə, digərini isə uca bir yüksəkliyə sancdı. Ruhun şad olsun, Şəhidim, artıq əmanət etdiyin bayraq canını qurban etdiyin torpağın yüksək zirvələrində dalğalanır.
Zeynəb Bayramova Vətənin azadlığı uğrunda iki qəhrəman övladını qurban verən qəhrəman anadır. O, bəzən duyğularını misralara köçürür və ağrı-acısını bu şəkildə ifadə etməklə bir növ təskinlik tapır.
Zeynəb Bayramova Nur ocağı ədəbi məclisinin üzvüdür. Hazırda səhhətində yaranan problemlərlə əlaqədar məclisdə iştirak etməsə də, məclisdə olan şairlərin hər birinin doğması, əzizidir. Məclis üzvləri bu ağbirçək nurlu ananı çox sevir, çox dəyərləndirir.
Zeynəb ana öz analığı, xanımlığı və ləyaqəti ilə qəhrəman Azərbaycan anasının simvoluna çevrilib illər boyunca.
Əziz, dəyərli Zeynəb ana, sizin və sizin simanızda bütün qəhrəman Şəhid analarının qarşısında baş əyirik.
Şəhidlər müxtəlif anaların bətnindən dünyaya gələn amma milyonlarla ananın övladına çevrilən yenilməz qəhrəmanlardır.
Zəfərin mübarək, Azərbaycanım. Sizlərə minnətdarıq bizə zəfər sevincini yaşadan Şəhidlərimiz, Qazilərimiz, Hərbiçilərimiz!
Sonda fikirlərimi Zeynəb anaya ünvanladığım misralarla tamamlamaq istəyirəm:
BİR ANANIN İKİ ŞƏHİD BALASI
(İki şəhidimiz Mehman və Vaqif Bayramov qardaşlarının anası Zeynəb anaya həsr olunub)
Bir ananın iki şəhid balası,
Bir ürəyin iki həsrət laylası,
Vaqif, Mehman yenilməzlik qalası.
Əzəmətdi, fəxarətdi, yurduma,
Uca Allah, güc-qüvvət ver orduma!
Bu dünyaya mərd oğullar gətirdin,
Gül bağçanda tər çiçəklər bitirdin,
Vətən eşqin qəlblərinə ötürdün.
İki şəhid oğul verdin xalqıma,
Qadir Allah, güc-qüvvət ver orduma!
Zeynəb ana Mehmanını arzular,
Vaqif üçün gör, nə qədər arzu var…
Bu ananın əzəməti xan çinar.
Kök salıbdır vətənimə, yurduma,
Uca Allah, güc-qüvvət ver, orduma!
Zeynəb anam, gözün yaşla dolmasın,
Gül bağçanı daha xəzan almasın,
Vətən, daha qoy, şəhidin olmasın.
Gözəl günlər nəsib olsun xalqıma,
Qadir Allah güc-qüvvət ver orduma!
RAMİLƏ ƏLİYEVA,
ZiM.Az
.