Qayıdışla başlanan Qurtuluş  

12 min read

                              

Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti

 

Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır.

Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir, onların əməllərinin sayəsində dünyanın nuru artır. Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan vermişdir.

Tariximizin ən çətin və keşməkeşli dönəmlərində xalqımızın nicatı, xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər təkrarsız və  bənzərsiz dahi tarixi şəxsiyyətdir. Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində H.Əliyev şəxsiyyətinin rolu danılmazdır. O, öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. O,  tariximizin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Onun birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda XX əsrin 70-80-ci illərində milli özünüdərkin yüksəlişi başlanmış, yazıçı və şairlərin əsərlərində milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülmüşdür. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra isə milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi ortaya çıxmışdı. H.Əliyev elə bir lider olmuşdur ki, onun irsinin öyrənilməsi, təbliği ümumdövlət, ümumxalq işidir və bunun üçün elmi-tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac var. Yüksək milli-əxlaq nümunəsi olan ümummilli liderimiz H.Əliyevin fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz onun şəxsiyyətinə müraciət etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunmasına çalışmalıyıq.

        Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur- Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması onun misilsiz xidmətlərindəndir. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. “Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz”. Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndərə məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimizin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. H.Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firəvanlıq içində yaşaması üçün çox işlər görmüşdü.   Xalqın imdad səsini eşidib, ulu öndər özünü xalqın köməyinə yetirdi. Vətən göylərində Günəş kimi parladı, şimşək kimi çaxdı, müdrik Qorqud kimi didərgin xalqının önündə dayandı. Öz müdrik kəlamı, dərin ağlı, işıqlı zəkası, güclü siyasəti ilə prezident seçildi, dünya şöhrəti qazandı. Onun uzaqgörənliyi və siyasəti sayəsində Azərbaycanın haqq səsinə hay verməyən dünya indi Azərbaycan həqiqətlərini qəbul edir, ona dayaq durur. Bu gün torpaqlarımızda qan tökülmür, analar, bacılar yeni şəhid qəbirləri üstündə göz yaşı axıtmırlar. “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü.” Böyük ədibimiz H.Cavid sanki bu misraları Heydər Əliyevin haqqında demişdir.

O,  xalqınının xoşbəxt və firavan gələcəyi naminə çox işlər görmüşdür. Hakimiyyətin birinci mərhələsində biz onu daha çox qurucu, yaradıcı bir dövlət xadimi kimi görürüksə, artıq ikinci mərhələdə o, öz xalqının xilaskarı funksiyasını çox böyük məharətlə, ustalıqla yerinə yetirdi. O, 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmasaydı, çox güman ki, bugünkü müstəqil Azərbaycan Respublikasının taleyi də çox acınacaqlı ola bilərdi. Məhz həmin vaxt  xalqımız müstəqilliyə yenicə qovuşmuş bir dövlətin idarə olunmasını ulu öndərimizə etibar etdi. Heydər Əlirza oğlu da öz öhdəsinə düşən bu xilaskarlıq missiyasını inamla həyata keçirdi və Azərbaycanı xilas etdi. O XX əsrin sonu və XXI əsrin əvvəllərində dünyanın ən tanınmış siyasi liderlərindən idi. Onu dünyanın əksər ölkələri və ən tanınmış siyasi xadimlər belə qəbul edir, onunla hesablaşırdılar.

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!  Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyev bütün cəhətlərinə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək! H. Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. Ulu öndər nəinki ölkədə sabitliyi bərqərar etdi, həmçinin Azərbaycanı dünya arenasında sayılıb-seçilən ölkələr içərisinə çıxardı.

Heydər Əliyev xalqımıza ulu Tanrının payıdır – Bəli, böyük şəxsiyyətləri tarix yetişdirir. Onlar isə tarixdə əbədi iz qoyurlar. Əliyev böyük dövlət adamı, siyasi xadim, siyasət şahmatının məğlubedilməz qrossmeysteridir. O, müstəqil dövlətimizin bu gününün və gələcəyinin inkişafını təmin edən strategiyanın müəllifi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, sözün əsl mənasında böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Bu sonsuza qədər uzunömürlülük onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident İ.Əliyev tərəfindən uğurla inkişaf etdirilən müstəqil Azərbaycan Respublikasının tərəqqisində, möhkəmlənməsində, qüdrətlənməsində təcəssüm edir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan hər bir azərbaycanlı böyük iftixar hissi və vüqarla “Mən müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam” – deyə bilir, bununla fəxr edirsə, ulu öndərin Vətəni və Azərbaycan xalqı yolunda şərəfli mücadiləsini, ömrünü şam kimi əritməsini unuda bilməz.

O, ölkəmizdə tolerantlığı qoruyub saxlayan bir dünya lideri idi və ölkəmizdə yaşayan çoxmillətli xalqlarının nümayəndələrinin daim  qayğısına qalmış,  onlara xüsusi diqqət göstərmiş, mənsub olduğu din, dil və s. dəyərləri yüksək qiymətləndirmişdir. Bütün bunlarla yanaşı o, öz dinimizi-müsəlmançılığımızı da hər zaman diqqətdə saxlamış, bu yöndə maarifçilik ideyalarını dəstəkləmiş, öz çıxışlarında Qurani Kərimdən sitatlar göstərmiş,  məscidlər tikdirmiş, dinimizin gözəlliklərini dəfələrlə dilə gətirmişir. H.Əliyev  bu yöndə müxtəlif təşəbbüslər irəli sürüb, göstərişlər vermişdir. Belə ki, Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumları iş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.

O, Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi. Milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının şüurlarda kök salması, dilimizin tətbiqi sahələrinin genişlənməsi, tariximizin yenidən obyektivcəsinə yazılması və s. Əliyevin çoxşaxəli fəaliyyətinin yalnız bir tərəfidir. Yaxın tariximizin son bir qərinəlik dövrünə nəzər saldıqda görürük ki, Azərbaycanın bütün sahələrində qazandığı uğurlar, onun günbəgün artan nüfuzu, sözün əsl mənasında, böyük insan olan H.Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz H.Əliyev fəaliyyətinin nəticəsidir. Dahi şəxsiyyətin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Onun fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. O, öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Müstəqil Azərbaycanın hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş xalqının ümummilli lideri xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır.

Milyonların ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti, xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.

Gəlin tariximizə, dövlətimizə, müstəqilliyimizə, xalqımıza ulu öndərin öz sözləri ilə nəzər salaq: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”, “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasına öz töhvəsini verir”.

ZAUR EYVAZOV

Ucar rayonunun Çiyni kəndindəki 

“Hacı Ağamirzə” məscidinin

Dini İcmasının sədri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir