BÜLLUR SƏSİN HƏZİN DUYĞUSU
3 min read
Bəhiyyə xanım Nağıyeva – mən bu ada ilk dəfə bir gözəl şeirin kövrək sətirlərinin qiraətini dinlədiyim zaman rast gəldim. Və o gündən də düşdüm bu səsin sehrinə.
Bəhiyyə xanım müxtəlif səpkidə, müxtəlif tərzdə şeirləri öz ruhunda, öz duyğusunda o qədər gözəl səsləndirir ki, onun qiraətində insan o şeirin mahiyyətini daha dərindən anlayır və o mühitin içinə düşür, müəllifin keçirdiyi hisləri dərk edir, başa düşür.
Bəhiyyə xanım bəzən döyüşə atılan mübariz əsgər, bəzən ürəyi fəryad edən ana, bəzən dərddən beli bükülmüş ata, bəzən nazlı xanım, bəzən nakam aşiq olur.O,hər şeiri öz duyğusunda yaşayır və yaşadır.Mən hər zaman qeyd edirəm gözəl qiraət şeirə gələn ikinci nəfəsdir.Müəllif öz duyğularını misralarda ifadə edir, oxucuya təqdim edir. Gözəl qiraət isə o şeiri bütün oxucular üçün əlçatan edir və tanıdır.
Mən Bəhiyyə xanımı qiraəti ilə tanıdım, amma sonradan olan ünsiyyətimiz onu bir insan kimi mənim üçün aşkar etdi. Fərqinə vardım ki, o, sadəcə qiraət zamanı deyil, adi həyatda da, danışıq və ünsiyyət zamanı öz kübarlığını, səlis nitqini qoruyub saxlayır, qarşıdakı insana dəyər verir.
Bəhiyyə xanım mədəniyyət ordusunun müsəlləh əsgəridir. O, daim öz üzərində çalışır, gözəl şagirdlər yetişdirir, ədəbiyyatımıza, mədəniyyətimizə xidmət edir. Onun duyğu dünyası rəngarəng çalarlarla zəngindir.
Gözəl Şəki torpağının köksündə boy atıb mədəniyyətimizi səsiylə, nəfəsiylə layiqincə təmsil edən bu Azərbaycan xanımı həm də bir Şəhid bacısıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəhiyyə xanım qiraət etdiyi şeirlərdə yaxınları Şəhid olmuş ana-bacıların,ataların, qardaşların, Şəhid xanımlarının ürək yanğısını yaşayaraq dinləyiciyə çatdırır.
Şeirin və şairin dostu olan bu gözəl Azərbaycan xanımına mən sonda cansağlığı arzu edirəm. Arzu edirəm ki, gözəl duyğuları axarınca insanlara çatdırmaq əzmindən, düşüncəsindən heç vaxt yorulmasın, usanmasın. Çünki ədəbiyyatımızın gözəl sözə, gözəl düşüncəyə və bu həzin qiraətə ehtiyacı var.
Sizə uğurlar diləyirəm, Bəhiyyə xanım.
RAMİLƏ ƏLİYEVA.
“Borçalı” nəşriyyatının redaktoru,
ZiM.Az saytının baş redaktoru.
“Heydər Əliyev” Fəxri Media Mükafatı laureatı
ZiM.Az
.