Əkbər Rəvan: “QİSAS QİYAMƏTƏ QALMADI ŞÜKÜR!”

6 min read

Əkbər Rəvan (Əkbər Mətləb oğlu Əkbərov) – 1960-cı il noyabrın 1-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub.
1978-ci ildə Arus kənd tam orta məktəbini bitirib.
Elə həmin il APİ-yə (indiki ADPU-ya) daxil olub.
İlk yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayıb.
İlk şeiri APİ-də çıxan “Gənc müəllim” qəzetində çap olunub. Həmin ərəfədə bir neçə dəfə nəşriyyatda, “Göyərçin” jurnalının redaksiyasında rəhmətlik Tofiq Bayramla, Tofiq Mütəllibovla görüşüb və şeirlərini oxuyub bəyəniblər.
İnstitutu bitirəndən sonra rayon qəzetində çap olunub.
“Ömür qatarım gedir” “Bəy namusu” adlı kitabların müəllifidir.
Bütün bunlardan əlavə, “Vətən”, “Canım Azərbaycanım”, “Zəfər” , “Zəfəri qazananlar”, “Zəfər çələngi”, “Gəlirik Qarabağ”, “Rəvan”, “Yarpaqlar”, “Qayalardan süzülən söz” və s. antologiyalarda çap olunub.
Hazırda Yardımlı rayonunun Məlikli kənd ümumi orta məktəbində müəllim işləyir və yaradıcılıqla məşğul olur.
2020-ci ildən ‘Qızıl qələm’ media mükafatı laureatı, “Yurd” ədəbi-bədii, elmi-publistik jurnalının xüsusi muxbiri, 2021-ci ilin yanvar ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Biz də Əkbər Rəvana yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az

 

 

QİSAS QİYAMƏTƏ QALMADI, ŞÜKÜR!

 

Çox qara geyindik,qara gün gördük,

Bir yandan doğulduq, bir yandan öldük.

Ümid itirmədik,qeyrətə döndük,

Qisas qiyamətə qalmadı şükür!

 

Yağının oyunu nifrətə döndü,

Zəfərə aparan yollar göründü.

İgidlər şəhidə, mələyə döndü,

Qisas qiyamətə qalmadı şükür!

 

Çox uzaq getmədi zalımın atı,

Gücümüzü gördü düşmən dığası.

Göydən yerə endi cəllad ovqatı,

Qisas qiyamətə qalmadı şükür.

 

Dəmir yumruq kimi cəngə kökləndik,

Ölümə düz baxdıq, geri dönmədik.

Yurdumuzdan düşmən ayağın kəsdik,

Qisas qiyamətə qalmadı şükür!

 

Bitdi üstümüzdən hiylə, hoqqalar,

Ulaya-ulaya qaçdı çaqqallar.

Öz qanıyla dastan yazdı oğullar,

Qisas qiyamətə qalmadı şükür!

 

 

DÜŞMƏSİN

 

Qadir Allah budur səndən istəyim,

Millətim bir daha qana düşməsin.

Dağılmasın obalar,yanmasın evlər,

İşlər tərsə,qada cana düşməsin.

 

Qana bulanmasın igid libası,

Dumanlı payızı,çiçəkli yazı.

Kədərli çalmasın aşığın sazı,

Dərd əlindən çölə ana düşməsin.

 

Qan dadı verməsin bağlar, zəmiləri,

Pozular nizamı, zay olar bəşər.

İgid oğullara içirib zəhər,

Yar əlindən dərdə sona düşməsin.

 

Bir də keçirməyək matəm yürüşü,

Qanla boğulmasına uşaq gülüşü.

Elimin,obanın müşkül görünüşü,

Namərdlər oyununda dona düşməsin.

 

 

ŞUŞA XATİRƏLƏRİNDƏN

 

Fikirə dalmışdı xanım Natəvan,

Dünyanın ən gözəl qadın şairi.

Qəhrəman xalqımın məğrur şəhəri,

Dağılmış evləri, daş heykəlləri.

 

Üzeyirlə Bülbül çiyin-çiyinə,

Halın danışırdılar gəlib-gedənə.

Sevincdən axırdı gözlərindən yaş,

Şükür,qələbəylə bitibdir savaş.

 

Evlər hamısı bir-birinə bənzər,

Üstündən, başından yağırdı kədər.

Zülümdən daşlar da içmişdi zəhər,

Nifrət vardı düşmən ləyaqətinə.

 

Vaqifin məzarın etdim ziyarət,

Qarşıladı məni qara, daş heykəl,

Etdi zəmanədən giley,şikayət,

Yağdırdı düşmənə ürəkdən lənət.

 

Bir yanı Xocalı, bir yanı Şuşa,

Topxana meşəsi gözəl tamaşa.

Cıdır düzü Xarı bülbüllə qoşa,

Düşmənlərə Yallı dərsi keçirdi.

Daşaltıdan baxdım, papağın düşür,

Şuşadan baxanda dərə görünmür.

Hər yeri görməyə marağım düşür,

Xuraman qâyası cəlb edir məni.

 

Gözümü yaş deşir,ürəyimi kədər,

Qucaq açdığımız veribdir qəhər.

Dəyərimiz yoxmuş bir mərmi qədər,

Müqəssir gəzirik du qismət üçün.

 

Deyirlər yıxılan bərkiyir sonu,

Bir də yıxılmayaq düşmən önündə.

Ey ulu millətim,unutma bunu,

Tarix bağışlamır tez yıxılanı.

25.11.2022

 

 

BU YER MƏNİM ÖZ EVİMDİR

 

Kəlbəcərdən keç Laçına,

Xankəndinin sorağına.

Bizi salıb çox qırğına,

Bu yer mənim öz evimdir.

 

Şuşa gözəl şəhər,sona,

Yol sal İsa bulağına,

Cıdır düzü oylağına,

Bu yer mənim öz evimdir.

 

Suqovuşan, Fizulidən

Olsun dərman neçə dərdə.

Xocalı da, Xocavənd də,

Bu yer mənim öz evimdir.

 

Zəngilandan Kafana bax,

Düşmən bağrın yandırıb yax.

Qubadlıda şəhər salaq,

Bu yer mənim öz evimdir.

 

Cəbrayıldan gedən yoldu,

Hər arzumuz hasil oldu.

Ağdərədə ruhum coşdu,

Bu yer mənim öz evimdir.

 

İlham Ali Baş Komandan,

Hamı olub ona heyran.

Əmri verib dedi hər an,

Bu yer mənim öz evimdir.

 

 

LAÇINIM

 

Yenə bayram, yenə təntənə, zəfər,

Bənzəyir çiçəyə,gülə Laçınım

Qurtarıb niskildən, acı tənədən,

Bürünüb bayraqdan tülə Laçınım.

 

Dağları,daşları yelə gəlibdir,

Yaşılbaş sonalar gölə gəlibdir,

Məhəbbətin səsi zilə gəlibdir,

Sevincdən düşübdür dilə Laçınım.

 

Qayıdacaq elə qaçqın olanlar,

Dağına,daşına həsrət qalanlar,

Yaşı işğalından kiçik olanlar,

Sığalın çəkəcək telə Laçınım.

 

Neçə illik həsrət,o tikanlı divar,

Yolunda can verdi igid oğullar.

Ali Baş Komandan, cəsur ordun var,

Arxayın ol,bundan belə Laçınım.

    27.08.2022

 

 

GÖRDÜM

    (Qısa giriş)

Şükürlər olsun İlahi,

İz(i)n verdin Şuşanı gördüm.

Mərd igidlər sayəsində,

Geri alınanı gördüm.

 

Çatdıq Şuşanın özünə,

Yollandıq Cıdır düzünə.

Topxana meşəsin yenə,

Sevinclə baxanı gördüm.

 

Məqbərəyə Salam verdim,

Başa düşdüm şair dərdin.

Əsirlikdə keçən ömrün,

Kədərli halını gördüm.

 

Küçələri sökük-sökük,

Heykəlləri dəlik-deşik,

Biz-biz oldu başımda tük,

Sinədə qanını gördüm.

 

Natəvanın öz bulağı,

Şuşanın köhnə vağzalı,

Üzeyir Bəyin tut bağı,

Dolandım, hər yanı gördüm.

 

Gedir abadlıq işləri,

Bəzənir ərlər şəhəri.

Qeyrətli ər igidləri,

Hünəri olanı gördüm.

Şuşanı alanı gördüm.

    24.08.2022

 

 

QİSAS QİYAMƏTƏ QALMASIN

 

Yenə cuşa gəlib nər igidlərim,

Bilməyirlər qorxu nədir, hürkü nə?

Qisas qiyamətə qalmaz deyirlər,

Vəlvələ salıblar düşmən kürkünə.

 

Gözü qanlı,könlü acdır düşmənin,

Yurdumuzda yamaq olan itlərin.

Peysəri yoğnumuş,əqli kütlərin,

Tamahı var türkün əzəl mülkünə.

 

Minib igidlərim dəmir atını,

Çatladırlar göyün yeddi qatını.

Tanıyırıq quduz düşmən zatını,

Yanlarında çaqqal nədir, tülkü nə.

 

Haydı qəhrəmanlar, tufan qoparın,

Yağıları əzin,bitsin hoqqalar.

Birləşdirin elin küncün, bucağın,

Qisas qiyamətə çatıb, qalmasın,

Vəlvələ salın siz düşmən kürkünə.

07.08.2022

 

“Zəfər”

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir