NİZAMİ HÜSEYNOVUN YENİ ŞEİRLƏRİ

5 min read

Nizami Hüseynağa oğlu Hüseynov – 12 yanvar 1960-cı ildə Cəlilabad ra­yo­­nunun Xəlilli kəndində anadan olub. 1985-ci ildə ADPU-nun filolo­gi­­­­­ya fa­kül­təsini bi­ti­rib. Bakı­nın Su­ra­xanı ra­yo­nun­dakı Hövsan qəsəbə­sin­də yer­lə­­şən Elçin Qaranzadə adına 270 N:-li tam orta məktəb­də Azər­bay­can dili və ədəbiyyatı müəllimi işləyir. Eyni zamanda, DİM-də eks­pertdir. Metodik vəsaitin həm­müəl­liflərindən biridir. “Qabaqcıl maarif əlaçısı”“Baş müəllim” adlarına layiq görülüb.

Nizami müəllim həm də gənclik illərindən bədii yaradı­cı­lıqla da məşqul olur. “Çağlayan bulaq” adlı ilk şeirlər 2020-ci ildə “Borçalı” nəşriyyatında çap olunub. Şeirləri “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, “zim.az”“zir­ve.info”, “ziya.info.az” saytlarında, “Zirvə” poe­ziya anto­lo­giya­sında, “Ziya”, “Zəfər”, “Heydər zirvəsi”, “Canım Azər­bay­ca­nım”, “Turan”, “Şah dağı”, “Qara-Arxac”  və s. ədəbi məc­muə­lərdə dərc olunub.

“Abdulla Şaiq”,  “Zirvə”, “Zəfər”“Qızıl Qələm” müka­fat­ları laureatıdır.

Ailəlidir. İki övlad, 3 nəvəsi var.

Biz də Nizami müəllimə yeni-yeni yaradıcılıq uğurları arzu­layırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!

ZiM.Az

 

 

MÜƏLLİM

 

 

Gecələr sübhədək yatmayıb bəzən,

Sabahkı dərsini düşünər müəllim.

Yeni bir üsulu kəşf eləyərsə,

Bir qanadlı quşa dönər müəllim.

 

Elmin yollarında şam kimi yanar,

Hər ağrı- acını gizlədər, danar

Şagird sorağıyla yollara qonar,

Sevincdən kükrəyib daşar müəllim.

 

Qaranlıq yolları işıqlandırar,

Gecələr tez yatıb səhər tez durar,

Özünü çox xoşbəxt bir insan sanar,

Elmli şagirdi olan müəllim!

 

 

TANRIM, ELƏ YAZ KI…

 

Tanrım, elə yaz ki, qalan ömrümü

Hörmətdən düşməyim dil bazarında

Dünyamı dəyişib mən olmayanda

Xəcalət çəkməsin heç məzarım da.

 

Heç vaxt deməsinlər,riyakar idi,

Desinlər, haqq söylər, düz danışardı.

Kimsəni incitməz,xətrinə dəyməz

Küsməzdi, küssə də tez barışardı.

 

Xeyirxah olaq ki, unudulmayaq

Həmişə qürurla ansınlar bizi.

Yaddan çıxarmayıb hərdən olsa da,

Ziyarət etsinlər qoy qəbrimizi.

 

 

GÖRÜŞÜNƏ GƏLMİŞƏM

 

Ata yurdum. Ana yurdum, Cəlilabad!

Sənin görüşünə gəlmişəm bu gün.

Ətrini hiss edib əsən küləkdən

Sənin görüşünə gəlmişəm bu gün.

 

Gözəl təbiəti seyr etmək üçün,

Yaxın insanlarla görüşmək üçün,

Kədəri,sevinci bölüşmək üçün

Sənin görüşünə gəlmişəm bu gün.

 

Səndə həmişəlik mən qalmamaqçün,

Sənli günlərimi xatırlamaqçün,

Torpağı öpərək səcdə qılmaqçün

Sənin görüşünə gəlmişəm bu gün.

 

İndi aydın oldu, niyə.nə üçün,

Sənin görüşünə gəlmişəm bu gün?

Bax bütün bunları yaşamaq üçün

Sənin görüşünə gəlmişəm bu gün,

Sənin görüşünə gəlmişəm bu gün!

 

 

İSTƏRƏM

 

Vətən, torpağında bir çay da axır,

Qəlbləri odlara yandırır, yaxır.

O taydan qardaşım həsrətlə baxır,

O baxan qardaşa çatmaq istərəm.

 

Arazın ürəyi aramla vurur,

Yolumda ən böyük bir sərhəd durur,

O tayda qardaşlar boynunu burur,

Sərhəddi aradan atmaq istərəm.

 

Hər səhər bu taydan o taya baxıb,

Qəlbimi alovsuz odlara yaxıb,

Şəhriyar çeşəməyin gözünə taxıb,

Savalan dağına baxmaq istərəm.

 

Nizami sözünü düzgün anlayın,

Ustad Şəhriyarı tapın, yanlayın,

Qorxmaz ərənləri yığın,sanlayın,

O tayı bu taya qatmaq istərəm.

 

 

ŞAD OLAR

 

Oğrun-oğrun həsrət ilə baxan yar,

Elə baxma, ürəyimi qəm alar.

Baxışıyla məni dərdə salan yar,

Könül versən, mənim qəlbim şad olar.

 

Hamı bilir, qışda boran, qar olar,

Sevən qəlblər geniş olar, dar olar

Sənin kimi  gözəl mənə yarl, olar,

Könül versən, mənim qəlbim şad olar.

 

Sənsiz həyat mənə bir zindan olar,

Ürəyim həsrətdən odlanıb yanar,

Səni görcək ,gözəl, dərdim azalar,

Könül versən, mənim qəlbim şad olar.

 

ŞAD OL, KÖNÜL

 

Ömrün gözəl bir çağıdır,

Şad ol, könül, nə məlulsan.

Hər tərəf cənnət bağıdır,

Şad ol, könül, nə məlulsan.

 

Əsir düşmüşdü Şuşamız,

Susmuşdu şən avazımız,

Azad oldu torpağımız

Şad ol, könül, nə məlulsan

 

Əridi dağda qarımız,

Gəldi çiçəkli yazımız,

Hasil oldu muradımız,

Şad ol, könül, nə məlulsan.

 

 

BİLMİR Kİ…

 

Şərəfdən, düzlükdən danışır biri

Bunlar nə deməkdir, anlamır onu.

Ləyaqət, insanlıq tapdalanırsa,

Bəlkə, yetişmişdir dünyanın sonu.

 

Kiçik böyük bilmir,söz dinləməyir,

Ağlına nə gəldi, onu eyləyir.

Günahkar olana irad tutursan,

Özün haqlı bilir, hədyan söyləyir.

 

Hamıdan özünü çox güclü sanır,

Bilmir ki, dünyanı bir yaradan var?

Bilmir ki, hər şeyi idarə edən

Bir gün bu dünyanı ona edər dar.

 

 

NƏ YAXŞI…

 

Pislik edənlərə yaxşılıq eylə,

Qoy bu yaxşılıqdan pislər utansın.

Pislik eləməyə nə var ki, axı

Gərək yaxşılığa insan can atsın.

 

Həyatda özünün yolun olmalı,

Kimsənin diqtəsi xeyir gətirməz.

İnsan insanlığın qorumalıdır

Nəyin xətrinəsə onu itirməz.

 

Nə yaxşı həyatda bəzi insanlar

Səhvlər etsələr də, belə deyillər.

Onlar dərk edirlər,hörmətdən salar

İnsanı yabançı belə meyillər.

 

ZiM.Az

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir