AzTU-da “Energetikanın müasir inkişaf trendləri və texnoloji çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib
3 min readAzərbaycan Texniki Universitetində (AzTU) “Energetikanın müasir inkişaf trendləri və texnoloji çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.
Seminarda AzTU-nun rektoru Vilayət Vəliyev, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Polşanın enerji sektorunda müasir həllər təqdim edən şirkətlərin nümayəndələri, universitetin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanla Polşanın enerji sahəsində əməkdaşlığından danışıb. Bildirib ki, Polşa şirkətlərinin və investorlarının işğaldan azad edilmiş ərazilərdə enerji sahəsində bərpa və yenidənqurma işlərində iştirakı təqdirəlayiqdir. Rektor deyib ki, texnologiyanın inkişaf etdiyi dövrdə enerji sektorunda müasir çağırışlara cavab vermək üçün elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi ilə bağlı universitetlərin də üzərinə məsuliyyət düşür. AzTU ilə Polşanın texniki universitetləri arasında bu istiqamətdə elmi-tədqiqatların aparılması da prioritet məsələlərdəndir. Seminarın işinə uğurlar arzulayan rektor panel iclaslarda enerji sahəsi üzrə verilən təkliflərin hər iki ölkə üçün faydalı olacağına ümid etdiyini deyib.
Sonra çıxış edən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski hazırkı beynəlxalq vəziyyət kontekstində elektrik enerjisi və bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialı ilə bağlı təşkil edilən görüşü təqdirəlayiq adlandırıb. Səfir bildirib ki, enerji sənayesinin peşəkarlarının belə görüşləri sahibkarlar və ölkələr arasında əməkdaşlığın inkişafı üçün gözəl imkanlar yaradır.
Daha sonra AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli “Azərbaycan enerji sektoru: mövcud trendlər və çağırışlar” mövzuzunda təqdimatla çıxış edib. Bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Milli Prioritetlər ölkəmizdə enerji sektorunun davamlı inkişafının və onun çevikliyinin təmin olunması istiqamətində mühüm məsələlərdən biridir. Nurəli Yusifbəyli enerji sektorunda enerji səmərəliyi ilə bağlı qabaqcıl ölkələrin təcürbələri və Azərbacanda enerji sektorunun müasir trendləri ilə bağlı təhlilləri tədbir iştirakçılarının diqqətinə təqdim edib.
Tədbirin ikinci hissəsində Polşadan dəvət olunmuş ekspertlər ağıllı texnoloji avadanlıqlar və onların xüsusiyyətləri, yaşıl enerji texnologiyaları haqqında təkliflərlə çıxış ediblər.
İki gün keçiriləcək beynəlxalq seminar panel iclaslarla davam edib.