AzTU “SKY Global Internship” Mübadilə Proqramında təmsil olunur
2 min readGənc mühəndislərin əmək bazarının tələbləri səviyyəsində hazırlanması məqsədilə texniki universitetlər, o cümlədən Azərbaycan Texniki Universiteti (AzTU) yeni layihələrə imza atır.
Belə ki, gənclərin praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə AzTU 2022-ci ildən Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə sıx əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində AzTU-nun Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişaf Mərkəzinin baş mütəxəssisi, Radioelektron və aerokosmik sistemlər kafedrasının assistenti Malik Əliyev, 3311.01 – cihazqayırma texnologiyası ixtisası üzrə (qiyabi) doktorant Bibixanım Cabbarlı və maşın mühəndisliyi ixtisası üzrə I kurs magistr tələbəsi Merac Abasquliyev 2-26 may 2023-cü il tarixlərində təşkil edilən “SKY Global Internship” Mübadilə Proqramında iştirak edir.
Proqram üzrə müasir təcrübənin ölkəmizdə inteqrasiyası, birgə imkanların artırılması məqsədilə Milli Aviasiya Akademiyasının (MAA) əməkdaş və tələbələrinin təmsil olunduğu 6 nəfərlik dinləyici heyəti də AzTU-nun təşəbbüsü ilə “SKY Global Internship” Mübadilə Proqramında təmsil olunur.
Qeyd edək ki, TUSAŞ ilə qarşılıqlı razılaşmaya əsasən, təcrübə proqramlarında AzTU üçün ayrılan yer sayı 20 nəfərdir.
Bu istiqamətdə tələblərin müəyyən edilməsi və seçimlərin təşkili AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.