Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları AzTU-da tələbələrlə görüşüb
2 min readAzərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları ilə görüşü keçirilib.
İştirakçıları salamlayan Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov bildirib ki, görüş Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” əsasında hazırlanan Tədbirlər Planına uyğun təşkil olunub. Qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla təhsilin müxtəlif səviyyələri üçün yeni tədris proqramlarının hazırlanmasının, eləcə də sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılmasının Tədbirlər Planında xüsusi yer tutduğu da vurğulanıb.
Görüşdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu haqqında məlumat verib. Könüllülərin fəaliyyət istiqamətləri, təcrübə proqramları, mükafatlandırılması qaydaları, əldə edəcəkləri faydalar və digər məqamlar tələbələrin diqqətinə çatdırılıb.
AQTİ-nin Xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Səbinə Nuruzadə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması tarixi, fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, kompleks tədqiqat laboratoriyaları, eləcə də ölkənin laboratoriyalar şəbəkəsindən danışıb. Bundan başqa, AQTİ-nin həyata keçirdiyi təlimlər haqqında da tələbələrə məlumat verilib.
Tədbirin sonunda tələbələrin və əməkdaşların sualları cavablandırılıb.
“Ziya”