QÜRUR TARİXİMİZ

14 min read

ELTON MƏMMƏDOV,

AMEA-nın Sosial Xidmətlər

şöbəsinin müdiri,

texnika elmləri doktoru,

professor

Son 20 ildə Azərbaycan sürətlə inki­şaf edə­rək böyük bir tarixi mis­si­yasını icra edib. Dünya tarixinin son 50 ilinə baxsaq, görərik ki, heç bir dövlət öz ərazisini müharibə yolu ilə işğalçılardan azad edə bil­mə­yib. Azərbaycan isə bu şanlı səhifəni Pre­zident İlham Əliyevin uzaq­görən siyasəti, yüksək diplomatik mə­harəti və güclü iradəsi ilə yaza bi­lib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən mühari­bəsi, həmin müharibəyə qədər baş verən Aprel döyüşləri (2016-cı il, 1-5 aprel), Günnüt zəfəri (2018-ci il, 20-27 may), Tovuz dö­yüşləri (2020-ci il, 12-17 iyul) və diplomatik cəbhədə görülən işlər heç şübhəsiz memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunun əzəmətindən xəbər verir. Lakin, bu dəfə qazanılan qə­ləbə əvvəlki dövrlərdən fərqli olaraq daha əsaslı idi. Bu zəfəri daha da möhkəm edən Azərbay­can ordusunda, Azərbaycan diplomati­ya­sındakı nəzərəçarpacaq qədər hiss olunan inkişaf idi. Dəyişməyən isə Azərbaycan xalqının iradəsi və vətən eşqi idi. Qeyd edək ki, 44 gün­lük Vətən mü­haribəsində şanlı Qələbəmizə aparan yol Aprel dö­yüş­lərindən başladı. Məhz 2016-cı ilin aprelin əvvəlində hələ o dövr­də möv­cud olmuş təmas xəttində işğalçı Ermənistanın Azərbay­cana qar­şı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliy­yatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edə­cək. Düşmənin 2020-ci ilin sentyabrın 27-də baş verən növbəti təxri­batı nəhayət 44 günlük Vətən müharibəsinin başlan­ması ilə nəti­cə­ləndi. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını al­maq, mül­ki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbay­can ordu­su­nun komandanlığı tərə­findən qoşun­ların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan Res­­­publikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təx­ri­batlar törətməsi ilə əlaqədar olaraq, Prezident İlham Əliyevin fər­manı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublika­sının bü­tün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qis­mən səfərbərlik elan edildi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xeyli az itki ilə böyük zəfərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda “Laçın Dəhlizi”nə doğru irəliləməyə başladı. “Laçın Dəhlizi” Qara­bağ­dakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, mi­naatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermə­nistan ordusuna zərbələr endirirdi.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Fü­zuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şu­şa şəhəri və ümumilikdə 300 dən çox kənd və yaşayış yerləri iş­ğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həya­tımda bəl­kə də ən xoşbəxt günlə­rimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildir­mişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıt­mışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizim­dir! Qa­ra­bağ bi­zim­dir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müha­ribənin ta­­leyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olun­ması xə­bəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azər­bay­can Prezi­den­tinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza at­mağa məcbur oldu. Noyabr ayının 10-da Azərbaycan Respub­li­ka­sının Pre­zi­denti İlham Əliyev, Ermənistan Respublika­sının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiya­sının Prezidenti Vladimir Putin müna­qi­şə zonasında atəşin və bütün hərbi əməliyyatların tam da­yan­dırıl­ması barədə bəyanat imzala­dılar. Bəyanata əsasən noyabrın 20-də Ağ­dam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir gül­lə atıl­madan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həm­çi­nin Nax­­­çıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını bir­ləş­dirən yeni nəqliyyat kommuni­kasiyalarının inşasının təmin edil­mə­­­si elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermə­nis­­­tanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əmə­liy­­yatlar nəticəsində Azərbaycan xal­­qı tarixi qələbə qazanmış, ölkə­mi­zin ərazi bütövlüyü bərpa olun­muşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Res­publika­sında Zəfər Gününün təsis edil­­məsi haq­qın­da” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Və­tən mühari­bə­sində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azər­bay­canda “Zəfər Günü” kimi qeyd edil­mə­si qərara alın­mışdır. 44 gün­lük Vətən müharibəsi dövründə Pre­zident İlham Əli­yev 30-a yaxn xarici KİV-ə müsahibə verdi. Bu mü­sa­hibələrdə dövlət başçısı Azər­baycanın haqlı mövqeyini, müharibə­nin başlanma səbəb­lə­rini sis­temli şəkildə, siyasi uzaqgörənliklə bey­nəl­xalq auditoriyanın diqqə­tinə çatdırdı. Məhz bu müsahibələr Azər­bay­canın informasiya savaşında da qələbəsini təmin etdi. Bəşər tari­xi­nin son onillikləri mü­haribələrlə doludur. Lakin heç bir dövlət baş­çı­sı həmin müharibə za­manı çoxlu sayda aparıcı KİV-in maraq dai­rə­si­nə düşməyib. Bu ba­xımdan Prezident İlham Əliyevə müsahibə üçün dün­yanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növ­bədə, Azər­bay­can Prezidentinin qlobal miqyasda nüfuzlu lider ol­ma­sından irəli gə­lirdi. Beləliklə, döyüş meydanında qalib olan Pre­zi­dent, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya sava­şın­dan da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Respub­likası­nın Prezidenti İlham Əliyev həm də erməni təbliğatına düşmənin ma­raqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vur­du. Bu­nunla da, həm Ermənistan, həm də dünya erməni şovi­nizminin Azər­baycana qarşı qərəzli informasiya mühiti yaratmaq xül­yası iflasa uğ­­radı.

Ölkə başçısı 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xa­ti­rə­sinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən mü­ha­ri­bəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haq­qında sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəh­rəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur dö­yüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunma­sı­na görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olun­masına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olun­ma­sına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbə­cərin azad olun­masına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olun­­masına görə” və digər medallar təsis edilmişdir. Qeyd edək ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sa­yə­sində 44 günlük Vətən müharibəsndə Türkiyə, Pakistan, Əfqa­nıstan və digər ölkələr Azərbaycana mühüm mənəvi-siyasi dəstək göstər­di­lər. Qardaş Tür­kiyənin xalqımıza dayaq durması qələbəmizdə mü­hüm rol oynadı. Bun­dan əlavə, Prezident İlham Əliyevin böyük nü­fuzu və şəxsi sə­yinin nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr də ölkə­mizə siyasi dəstək verdilər. Buna görə də, N.Paşin­ya­nın rəhbərlik et­diyi hərbi-xunta höküməti beynəlxalq ictimaiyyəti al­dat­maq təşəb­büsləri iflasa uğradı.

Dekabrın 10-da isə keçirilən möhtəşəm Zəfər paradı isə Azər­bay­canın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nü­mayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan İlham Əliye­vin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbə­nin təcəssümü oldu. Paradda nümayiş etdirilən texnikalar dövləti­mizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi tex­nika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistem­ləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Pa­radda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordu­sunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimət­lərin bir qismi də nümayiş olunmuşdur. Aprelin 12-də Azərbaycan Respub­likası Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkının açılışı olmuşdur. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbay­cana Zəfər qazandıran dö­yüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətən­pər­vər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dün­yaya sübut etdi. Azərbaycan tarixi torpaq­larına – Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gən­cə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı hə­lak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri biz­­lərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Ermənistanın təslimçilik – kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müd­dəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən baş­lıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edə­rək humanitar məqsədli Laçın yolundan öz çirkin hərbi-siyasi məq­sədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qara­bağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazi­lərin minalan­ma­sını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçir­dilər. Bundan əlavə Qarabağ iqtisadi rayo­nunda təbii sər­vətlərimiz vəhşicəsinə talan edilir və ekologiyaya ciddi zərər vu­rulurdu. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənis­tan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzə­rində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzi­miz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalan­dırıldı. Bununla da Azərbay­canın ərazi bütövlüyü tam bərpa oldu. Beləliklə, xalqımız ölkə sərhədlə­rinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplo­matik addımlar dayanır.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qo­yulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenil­məzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrə­manlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Beləliklə, aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respub­likasının Pre­zidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzə­li torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şə­hər­lə­rin­­də, eləcə də Əsgəran qəsəbəsində üçrəngli döv­lət bayrağı­mızın ucal­dılması və Prezident İlham Əliyevin Xan­kəndi şəhərindən xal­qımıza müraciəti ölkəmizin bütün ərazilə­rində suverenliyimizin bər­pasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşı­landı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azər­baycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstər­mişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qara­bağ müharibəsi daya­nan­da da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keç­mə­miş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkə­zindəyik, Azər­bay­can Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəl­kə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 okt­yabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şan­lı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dün­yaya Azərbaycan xalqının nə qə­dər böyük, yenilməz, dəmir ira­dəli, mü­zəffər xalq olduğunu göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə plan­laşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarak­terli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəb­dəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kə­lamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış bö­yük uğur və nailiy­yətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bun­dan sonra da möhtəşəm qələbələrə imza atacaq.

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir