XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏ BİLİRİKMİ?

7 min read

Məsələn, “UŞAĞA BUYUR, DALINCA YÜYÜR” ifadəsi hansı mətləbləri özündə ehtiva edir?

Hikmətlər, müdrik kəlamlar, atalar sözləri elə dəyərlərimizdəndir ki, onlar əsrlərin dərin qatlarından süzülüb gəlib, süzüldükcə də saflaşıb, durulaşıb; sanki bulaq suyu tək pak və təmiz… Onlara toxunmaq, onların ruhunu incitmək olmaz. Çünki onlar ulu əcdadlarımızın yadigarı və nişanəsi olmaqla bərabər, həm də o kəlamlar babalarımızın qüdrətli nəfəsi ilə sehrlənmiş, onların düşüncə və təfəkkürü həmin ifadələrin məğzinə hopmuşdur. Bu nöqteyi-nəzərdən də hər bir kəlamın öz rəngi, öz boyası, öz ətri, öz rayihəsi var. Necə ki, qızılgülün, nərgizin, bənövşənin, yasəmənin, lalənin və s. güllərin, çiçəklərin öz rəngi, öz boyası, öz ətri, öz rayihəsi olduğu kimi… Aydındır ki, gül və çiçək topası birlikdə çələng yaradır; sözlərdən isə söz çələngi, hikmətlər toplusundan isə hikmət dünyası, hikmət xəzinəsi əxz olunur. Hansı güldən, hansı çiçəkdən hansı məqamda istifadə edilməsi artıq hər bir insanın özünün zövq mərhələsi, bir duyum məsələsidir. Hikmətlər də bu nöqteyi-nəzərdən məqamına görə, yerinə görə, zamanına görə, tərəf müqabilimizin anlama səviyyəsinə görə işlədilir və ifadə dərəcəsi də həmin məqamlara görə dəyişir. Onun dəqiq dərk edilməsini artıq ağıl müəyyənləşdirir, əqli qabiliyyətlərimizin hansı həddə olduğu dərəcəyə müvafiq anlaşılır. Yəni, çirkin olduğumuz halda güzgünü vurub sındırmaq nə qədər uyğundursa, hikmətlərimizə, atalar sözlərimizə də bu yöndə yanaşmaq həmin bənzərliyə söykənir.

Dilimizdə belə bir ifadə var: deyilir ki, “UŞAĞA BUYUR, DALINCA YÜYÜR.”
Həqiqətən də bu, böyük hikmətə söykənir, dərin bir düşüncəni özündə ehtiva edir. Ancaq acı təəssüf doğuran hal odur ki, çox zaman müşahidə etdiklərimiz, qarşılaşdıqlarımız və eyni zamanda müxtəlif  məqamlarda eşitdiklərimiz, demək olar ki, bizi həmin hikmətdən süzülüb gələn əsas mətləblərdən tam mənada uzaqlaşdırmış olur.   Demək olar ki, əksər anlarda belə düşünülür ki, uşağa iş tapşırıldısa, o işin xoş sonluqla başa yetməyəcəyi bir yana dursun, hətta belə bu halda böyük bir peşmanlıqla üz-üzə qalmış olacağıq.
Əzizlərim, bu cür yanaşma ilə də çox ciddi yanlışlığa yol vermiş oluruq; həm də tərbiyə prosesi ilə bağlı nəzərdə tutulan tələblər tam şəkildə pozulmuş olur. İş bacarmadıqları barədə informasiya ötürülməklə uşaqaqlar bədbinliyin girdabına yuvarlanıb, gələcək barədə düşüncələri kökdən düşmüş olar. Axı ata-babalarımız bu qədər bəsit təfəkkürə, tərbiyə elementləri ilə daban-dabana zidd  təxəyyülə, gələcəyimiz olan uşaqlarımız barədə qaranlıq təsəvvürləri özündə ehtiva edəsi düşüncələrə malik ola bilməzlər. Qətiyyətlə deyə bilərik ki, bu tərz tam mümkünsüzdür. Dədə-babalarımız müdrik olduğu kimi, onların ərsəyə gətirdiyi hikmətlər də dərindən dərin məna kəsb etməlidir və necə ki edir də…
Sözügedən hikmətdəki elə “BUYURUN” ifadəsinə diqqət yetirsək, əgər ondakı əxz olunmuş mahiyyətin dərinliyinə nüfuz edə bilsək,  həqiqətin nədən ibarət olduğunu duyub anlasaq, əsl mətləbləri düşünüb-daşınıb dəfələrlə təfəkkürümüzün süzgəcindən keçirsək, o zaman həmin ifadənin nə qədər həlim və mülayim, nə qədər nəvazişli və şirin bir anlam ifadə etdiyi gün kimi aydın görünər. Əgər böyüklər tərəfindən kiçiklərə iş buyurulursa, təbii ki, bu da uşaqlara göstərilən həm böyük diqqət və qayğının, həm də onları əməyə, zəhmətə alışdırmaq istiqamətində fəaliyyətin tərənnümüdür.
Bəli, “uşağa buyur” dedikdə, yəni ona iş tapşır; çünki dünyaya gəlişi ilə insanın qarşısına qoyulan missiya ondan ibarətdir ki, o, fəaliyyət göstərsin, zəhmətə alışsın, əmək sərgiləsin və bu fonda da qursun, yaratsın… Çünki əməksevərlik, zəhmətə bağlılıq insanda əxlaqi keyfiyyətlər formalaşdırır, ona yüksək mənəvi keyfiyyətlər qazandırır. Təbii ki, insan həyatda öz əməyi ilə ucalır, öz əməli və fəaliyyəti ilə yaddaşlarda iz qoyur. Bu baxımdan kiçik yaşlarından zəhmətə və əməyə alışmış olan uşaqlarımız həyatda inamlı görünər; çətində də, darda da  mübarizlik sərgiləyər, dözümlü və mətin olarlar. Bu kimi keyfiyyətləri özündə kəsb etməklə onlar həm də öz gələcəklərini nikbin və parlaq zəmində bərqərar edərlər.

“Dalınca yüyür” dedikdə isə, burada duyulan ondan ibarətdir ki, uşaq yaşlarında insan hələ çox mətləblərdən hali olmur. Demək olar ki, tapşırılan işin öhdəsindən lazımi səviyyədə gələ bilməsi üçün hələ onda lazımi bacarıqlar formalaşmayıb. Çünki uşaq təfəkkürü, o cümlədən təcrübəsizlik əksər buyrulan işləri dəqiq icra etmək imkanlarını məhdudlaşdırır. Uşaq olaraq hələ ki, onun öyrənməyə ehtiyacı çox böyükdür. Böyüklər də uşaqların mövcud ehtiyaclarını duyub, müvafiq qaydada qarşılıq göstərməli, mövcud istiqamətdə onlara lazım olan yardımı heç vədə əsirgəməməlidirlər. Yardım da ondan ibarətdir ki, uşağa tapşırılan işin necə yetiriləcəyi böyüklər tərəfindən izlənilməli və həmin işin icra vəziyyətinə nəzarət tam şəkildə həyata keçirilməlidir. Əgər ki, tapşırılan işin icrası zamanı hardasa kiçiklər tərəfindən yanlışlığa yol verilərsə, o zaman böyüklər o yanlışlığın aradan qaldırılmasında lazımi köməklik göstərməlidirlər. Köməklik isə mütləq mənada işin bütün detalları diqqətə gətirilməklə izahlı şəkil almalı və prosesə tam mənada aydınlıq verilməsindən ibarət olmalıdır. Çünki şüura əsaslanmış, hafizəyə hesablanmış izahatdan çox şey asılıdır. Bu əsasda da uşaq həmin işin yerinə yetirilməsi barədə tam və əhatəli biliklər əldə etmiş olar. Elə ki, uşaqlar tapşırılan işin öhdəsindən müvafiq qaydada gəlmək bacarığına yiyələndi, daha sonra mərhələli şəkildə ağırlıq səviyyəsi və ya mürəkkəblik dərəcəsi əvvəlkindən bir az da artıq olan digər bir iş onlara buyurulur. Ancaq heç vədə unutmaq olmaz ki, iş tapşırılan zaman hər bir uşağın iş görmə qabiliyyət və bacarığının hansı səviyyədə olması mütləq mənada nəzərə alınmalıdır. Yəni hər kəs çəkə biləcəyi qədər yüklənməlidir; necə ki, “Allah da hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.” Əks-təqdirdə işin öhdəsindən gələ bilməmək nöqteyi-nəzərindən uşağın inamı baltalanar, ümidləri şil-küt edilmiş olar.

Hər bir mərhələdə diqqətli olmaq lazımdır ki, səhvlər buraxılmasın, yanlışlığa yol verilməsin; çünki söhbət gələcəyimiz olan uşaqların taleyindən gedir…

Həbib Mirzəyev,

Azərbaycan Texniki Universitetinin

Humanitar fənlər kafedrasının müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

“Ziya”

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir