Əbədi ölməzlik nəsibin oldu…

3 min read
GENERAL
Polad Həşimovun xatirəsinə

Bir oğul doğuldu… Bir ailənin
Sevinci sığmadı nə yerə göyə.
Bir ümid bürüdü bir ailəni
Sabaha, həyata və gələcəyə…

Bir qış gecəsini yaza çevirib
Səadət bəxş etdi ailəsinə…
Kövrək addım atıb, asta yüyürdü
Hər gün bir buğda boy artdı zamanla.

İlk sözü körpənin anacan oldu
Zamanla çoxaldı dilində sözlər.
Böyüyüb boy atdı dostlarla birgə
Ona həyan oldu gizli ümidlər.

Məktəb illərində Ana Vətənin,
Mavi göylərini buludlar aldı
Arzu tutdu o an illərlə sonra
Arzusuna çatıb, hərbi dərs aldı.

İçində bir aslan yetişdirdi o
O aslan böyüyüb cəbhəyə getdi.
Yüzlərlə əsgərlə çiyin-çiyinə
Səngərdə dayandı, döyüşə getdi.

Bəzən zəfər çaldı, bəzənsə heyif
Geriyə kədərli anlarla döndü
Fəqət o aslanın ürəyindəki
Şəhidlik zirvəsi gerçəyə döndü.

Bir döyüş səhnəsi canlandırırdı
Gizlicə aşkarda bəzən röyada
Döyüşdə öndəydi əsgərlərindən
Gedirdi arzuya çatana qədər.

Bir döyüş təbili çalındı gecə
Göy üzünü tüstü duman bürüdü
Atəşkəs olsa da ikitərəfli
Düşmən çaqqal kimi yürüdü gecə.

Yağırdı güllələr yağış, dolu tək
Göy üzü atəşdən alov saçırdı
İgid cəngavəri görən düşmənlər
Çaqqal tək ulayıb geri qaçırdı.

İgid qəhrəmanım girib meydana
Gedirdi döyüşə Vətən yolunda
Dostları qürurla ona baxaraq
Sağında, solunda addımlayırdı.

Yüyürüb sürətlə o sipər çəkdi
Düşmən gülləsinə öz sinəsiylə
Torpağa düşməsin xain mərmisi
Hamıya bəllidir filmin gerisi…

Düşmən hiyləgərdi bunu bilirdi
Sanırdı baş tutmaz onun hiyləsi
İgid Generalım nə biləydi ki,
Tuşlanıb köksünə düşmən gülləsi.

Bağrını dələrək köksünü yardı
Göy üzü o anda qana boyandı
Gözünün önündən xəyallar keçdi
Ölüm şərbətini zamansız içdi.

Sanki bir aslanın nəriltisindən
Qulaqlar gurladı, dillər tutuldu
Bayraq al qan ilə boyandı yenə
Bir igid oğulu Vətən itirdi.

Ananın çəkildi yuxusu ərşə
Gözləri dikildi o gedən yola
Bilirdi gələcək böyük dəstəylə
Qorxurdu gələndə gözləri dola.

Dayanıb övladlar göz yaşlarını
Gizləmək istəyir biri-birindən
Bir qadın dayanıb yol kənarında
Xəbər gözləyirdi Şəhid ərindən.

Ana göz yaşını içinə töküb
Səssizcə baxırdı söz verdi onda
Söz verdi oğlunun Səhid ruhuna
Göz yaşı bitəcək döyüş bitərsə.

Ana yana yana icinə tökdü
“Yerdə qalmaz” dedi: “Polad, bil qanın!
Sən getdiyin məkan Cənnət məramı
Ruhun sağ qalacaq getsə də canın.”

Özünə taxt qurdun əməllərinlə
Şəhidlik zirvəsi nəsibin oldu
Onu bil ey mənim arxa umidim
Əbədi ölməzlik nəsibin oldu.

Ülviyyə Məhəmməd
19.07.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir