YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

4 min read

Can verib torpağa can alan qəhraman oğulların adını yaşatmaq vətəndaşlıq borcumuzdur. Biz bir millət olaraq azadlığımız, müstəqilliyimiz üçün vətən oğullarına borcluyuq.
Vətən deyəndə onun sevgisindən ürək döyünür, qürurlanır insan, doğma yurdunun adı çəkiləndə fərəh dolur içinə.
Bizə əmanət olan bu yurdu, canımız bahasına qorumalı, ona sahib çıxmalıyıq… İllərdir həsrət qaldığımız, 30 il uzaqdan izlədiyimiz doğma torpaqlarımız bizə qəhraman şəhidlərimizin artıq əmanətidir. Biz vətənimizə bağlıyıq və ona sadiqik. Vətənə xəyanət olmaz. Biz öz sadiqliyimizi vətənpərvərliyimizlə, millətimizə olan sevgimizlə sübut edirik.

Həmsöhbətimiz Narın xanım gözlərini məchul bir nöqtəyə zilləyərək dedi:
– Ağdam rayonunun Xaçındərbənd kəndində gözəl bir ailəmiz vardı…

Nəsibov Şiraslan Qaçay oğlu 20 iyun 1963-cü ildə anadan olmuşdu. 1970 ci ildə Xaçındərbənd kənd orta məktəbinin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin orta məktəbi müvəffəqiyyətlə bitirmiş, sonra isə 136 nömrəli texniki peşə məktəbində traktor sürücüşü peşəsini öyrənmişdi. 1982-1984-cü illərdə Həştərxanda keçmiş Sovet ordusunun Hava Hücumundan Müdafiə qoşunlarında xidmət etmişdi.
Hərbi xidmətini başa vuraraq doğma kəndinə dönmüş, Mirzə Fətəli Axundov adına üzümçülük sovxozunda çalışmağa başlamışdır. İllər bir-birini əvəz etmiş, uşaq vaxtlarından öz cəldliyi, zəhmətsevərliyi ilə tay-tuşlarından seçilən Şiraslan Qaçay oğlu indi də əməksevərliyi ilə fərqlənirdi. Gənc yaşlarından öz halal zəhməti ilə dolanan Şiraslan sevib-seçdiyi Narın xanımla ailə həyatı qurmuşdu. O illərdə artıq mənfur düşmənlər baş qaldırmış və dinc əhaliyə hücum edirdi. Hər bir vətən oğlu kimi, Nəsibov Şiraslan Qaçay oğlu da könüllü olaraq Milli Ordunun sıralarına ilk yazılanlardan olmuş, “Vətən daşı olmayanlardan olmaz ölkə vətəndaşı” deyərək, ön cəbhəyə yollanmışdı. Ürəyi daim Vətən eşqi ilə döyünən Şiraslan Nəsibov hər zaman qələbə əzmi ilə döyüşmüşdü.

Köz olmaz da yad ocaqda,
Üşüyərsən buz otaqda.
Yad olarsan yad ocaqda
Oğul, vətən əmanəti.

Cinli, Qaralar, Əliağalı kəndləri uğrunda gedən döyüşlərdə şücaətlə döyüşən Şiraslan Nəsibov ona əmanət olan Vətən uğrunda gözünü belə qırpmadan, canını fəda etdi. Təki Vətən sağ olsun! – dedi.
Soncu dəfə 1992-ci il martın 4-də Ağdərə rayonu Qazancı kəndi uğrunda gedən ağır döyüşlərdə idarə etdiyi “BTR” zirehli maşını ilə minaya düşərək şəhidlik zirvəsinə ucaldı… Şəhid Ağdam rayonunda şəhidlər üçün ayrılmış 1-ci Şəhidlər xiyabanında dəfn olundu. Ağdam rayonunun Xaçındərbənd kənd orta məktəbinə Nəsibov Şiraslan Qaçay oğlunun adı verildi… 23 iyul 1993-cü ildə Ağdam işğal olundu… 28 il sonra müzəffər ordumuzun şücaəti ilə digər rayonlarımız kimi, Ağdam rayonu da düşmən tapdağından azad olundu… 16 dekabr 2021-ci ildə şəhidin həyat yoldaşı, uşaqları, şəhidin qardaş, bacısı və qohumları şəhidin məzarını ziyarət etdilər…

Nəsibov Şiraslan Qaçay oğlu ailəli idi vətənə əmanət iki qız övladı qalıb. Bu gün onlar da atalarının qəhrəmanlığından qürurla danışırlar.

İlk çağrışda hay verdin vətənə,
Doğma Qarabağım dardadır deyə.
Mənfur düşmənlə savaşa girdin,
Xalqımın qəhraman ay igid oğlu.

Könüllü olaraq getdin döyüşə,
Yazdın yaddaşlara qanla adını.
Sevdin vətənini ürəkdən, candan
Xalqımın qəhraman ay igid oğlu.

Düşmənin qəlbinə o qorxu saldı,
Əlində bayrağı öndə getdi.
Edib sinəsini gülləyə sipər,
Vətən torpağını qorudu hər an.

Şiraslan Nəsibov öz igidliyi ilə, döyüş bölgəsində göstərdiyi hünərlə kitabların, jurnalların, qəzetlərin mövzuları olub.
Vətənin qəhraman, mərd, igid oğlu, səninlə fəxr edir bütöv Azərbaycan.
44 günlük vətən müharibəsində uğrunda canınızı fəda etdiyiniz doğma Qarabağ işgaldan azad olundu.
Mənim qəhramanım, məzarında rahat uyu, uğrunda can verdiyin Vətən torpaqları, doğulub boya-başa çatdiğın doğma kəndin də azaddır!
Ruhlarınız şad olsun, igid oğullar, qisasınız alındı.
Ruhun şad olsun, igid oğul.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.

Raziyə Kamilqızı
AYB və AJB- nin üzvü

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir