RƏNA TƏBƏSSÜM: “ŞƏHİD ANARIN ƏMANƏTİ” (Sənədli hekayə)

51 min read

Bəhruz kimya zavodlarının birində adi işçi idi.  Halal zəhməti ilə qazandığı pulu evinə, ailəsinə xərcləyirdi. Dədə-baba yurdu Şamaxıdan köçüb Sumqayıt şəhərinə gələndə sevib seçdiyi Nəcibə ilə toyları olmuşdu. Onların Anar və Turanə adlı iki övladı vardı. Ailə yataqxanaların birində tək otaqlı mənzildə şən və mənalı günlər yaşayırdı. Uşaqlar böyüdükcə arzu və istəkləri də çoxalırdı. Anar orta məktəbdə bütün fənləri yaxşı oxuyur, hərbi sahəyə daha çox maraq göstərirdi. Turanə isə dərslərini oxuduqdan sonra ev işlərində anasına kömək etməyə, biçmə-tikməyə daha çox meylli idi.  Aralarında bir yaş fərq olan bacı-qardaşın həyata baxışları başqa idi.

İllər ötdükcə ailənin sevincli və xoş günləri artırdı. Anar orta məktəbi bitirib ali məktəbə qəbul olunmaq üçün imtahan verdi və yüksək balla İqtisadiyyat Universitetinə qəbul olundu. Lakin sonradan sənədlərini geri götürüb ali hərbi məktəbə təqdim etdi və böyük həvəslə orada təhsil almağa başladı.  Evdə anasının buna etirazını görəndə deyirdi ki, mən özümü hərbiçi kimi görürəm, başqa sahələr mənlik deyil.

Anar hərbi məktəbdə nizam-intizamı, tərbiyəsi və səliqəsi ilə başqa kursantlardan seçilirdi. Hər dəfə həftə sonları evə gələndə hərbi məktəb üçün darıxdığını söyləyirdi. Atası Bəhruz oğlunun öz müəllimlərindən ibrət götürdüyünə sevinir və get-gedə daha çox mətinləşdiyindən iftixar hissi keçirirdi. O zarafatla oğluna: – Kişilik məktəbində yetişib kişiləşmisən, – deyirdi.

Anar dörd illik təhsilindən sonra leytenant rütbəsi alaraq təyinatla Ağcabədi rayonuna göndərildi və buradakı  hərbi hissədə əmək fəaliyyətinə başladı.  Məzuniyyət günlərinin birində evə gələndə Nəcibə ana oğluna dedi:

  • Anar, sən mənim gözümün ağı-qarası bircə oğul balamsan. Öz istəyinə çatmısan,

şükür Allaha! Bizim sözümüzü, məsləhətimizi eşitmədin, sevdiyin sahəni seçdin. Hərbiçi oldun, onu da deyim ki, hərbi forma səni lap qəhrəmanlara bənzədir.

Deyib-gülməyi sevən Anar işində çox ciddi idi. Anasının sözlü adam olduğunu hiss edib gülümsədi və dedi:

  • Ana, bilmək olmaz, bəlkə mən də qəhrəmanlardan biri oldum. Hərbi formanı geyinib

yaraşır deyə, lovğalanmaq olmaz. Bu formanın sahibi işinə vicdanla və məsuliyyətlə yanaşmalıdır. Mən hər dəfə bu formanı geyinəndə böyük Vətənimin bir oğlu olduğumu düşünürəm. İndi de görüm sözünün canı nədir?

  • Bax oğlum, mən sənə seçdiyin sənətə görə haqq qazandırıram. İnsan gərək işindən zövq

alsın.

  • Məni anladığın üçün sənə təşəkkür edirəm, canım anam. Təkcə işdən zövq almaq azdır,

insan gündəlik yaşam tərzindən zövq almalıdır. Yəni, hər şey, hətta yeyib-içdiyi də onun ürəyincə olmalıdır. Necə ki, mən indi zövq alıram… Yolda idim, zəng etdim ki, gəlirəm. Sevincindən az qala qanad açıb uçasan. Soruşdun ki, nə bişirim sənin üçün? Mən də dedim ki, kartoşka və kotlet. Bu yeməyi yeməkdən doymuram, çünki sən bunu daha ləzzətli bişirirsən.  İndi də iştahla yeyirəm, bəh-bəh…

  • Nuş olsun, oğlum! Amma kim bilir, bəlkə məndən də yaxşı bişirənlər var. Evlənsən

görərsən ki, haqlıyam.

  • Evlənmək? Narahat olma, vaxtı çatanda evlənərəm. İşə hələ təzə başlamışam, təyinatımı

başa vurum, sonra görüm harda işləyəsi olacağam. İndi evlənmək barədə fikirləşmirəm, çünki buna nə vaxt var, nə də istədiyim qız .

  • Ay oğul, məgər evlənmək də vaxtladır? Sən uşaqlıqdan nə mənim, nə də atanın sözündən

çıxmamısan. Həyətdə uşaqlarla futbol, ya başqa oyunlar oynayanda hərdən evə gec gələrdin. Eyvandan bircə dəfə səni çağıranda, ana gəlirəm, deməyinlə evə çıxmağın bir olurdu.

Anar anasının ondan incidiyini hiss etdi və ağzını kağız salfetlə silib dedi:

  • Anacan, mən heç indi də sənin sözündən çıxmıram. İmkan verin, bir az işləyim, sonra ev

alım. Yataqxanaya hamımız sığmarıq axı…  Bəlkə o vaxta qədər könlüm də kimisə sevdi, hə? Qismət Allahdandır…

  • .. Bacın Turanənin elçiləri düşdü, ailə qurdu. Kim bilirdi ki, onun qisməti kimədir… On

yeddi yaşına çatan kimi qızı toy edib apardılar. Dədə-baba yurdumuz Şamaxıya gəlin köçüb ailəsi ilə birlikdə xoşbəxt günlər yaşayır. Qismət deyib gözləmək də düz deyil, bəxtinə birinci kim çıxdısa, məncə, ən gözəl qismət də elə odur.

  • Bacım gözəldir, maşallah! Yadımdadır, məktəbdə oxuyanda rəfiqələrinin arasında seçilirdi.

Tətil günlərində Poladlı kəndinə dincəlməyə gedirdik. Xalam Dünya o vaxtı subay qız idi. Bacını yanında gəzdirəndə görənlər xalamdan çox bacıya vurulurdu. Dünya xalam da qəşəngdir, onu çox istəyirəm. Amma bacı öz gözəlliyi ilə bütün kəndin qızlarını kölgədə qoyurdu.  Eh… O günlər üçün yaman darıxdım…

  • Anar, sənə nə olub ki? Mərtəbəmizin qızları səni çox istəyir, hətta uşaqlıqdan yaşıdların

arasında kök olduğun üçün səni zarafatla ponçik çağırırdılar.

  • Ürəyə hökm etmək olmaz, qismətimdəki kimdirsə, gəlib çıxar. Onda özüm gəlim

deyəcəm ki, ay ana, ay ata məni evləndirin.

Nəcibə ana oğlunu qucaqlayıb dedi:

  • Təki belə olsun, mən də arzuma çatım, qucağımda oğul nəvəsi gəzdirim.

***

Günlər, aylar ötürdü… Hər dəfə məzuniyyət günlərində evə gəlib gedəndə ana oğluna evlənmək barədə düşünməyi məsləhət görürdü.  Çox keçmədi ki, oğul ananı  sevindirdi. Sevdiyi qızın adının Zərifə olduğunu bildirdi və onlara elçi getmələrini istədi. El adəti ilə Anarla Zərifəyə nişan qoyuldu, ancaq bəzi səbəblərdən bir-birini dəlicəsinə sevən gənclər üç il nişanlı qaldı. Şəhərdəki restoranların birində toyları olan gənclər nəhayət ki, qovuşdular. Yeni həyata başlayan Anarın  iyirmi altı yaşı vardı. Ailəsi ilə birgə Corat qəsəbəsində yaşamağa başlayan hərbiçi iş yerində təyinatının müddəti bitdiyindən  başqa hərbi hissədə  əmək fəaliyyətini davam etdirirdi.  Bir il sonra evinin çırağı daha da gur yandı, Anar ata oldu. Onun gözəl qız övladı dünyaya gəldi, adını Kubra qoydular.  Nəcibə ana ilə Bəhruz atanın sevinci yerə-göyə sığmırdı. Bacısı Turanə də bütün qohumlara, yaxınlara  bibi olduğunu söyləyirdi. Hamı onlara gözaydınlığı verirdi. Günlər beləcə xoş keçirdi. Kubra yeddi aylığına çatmışdı. Müşfiq qəsəbəsindəki hərbi hissədə çalışan Anar evə çatanda birinci qızını qucağına alır, doyunca öpüb oxşayır, sonra əynini dəyişib yeməyini yeyirdi.

2016-cı ilin mart ayının son günləri idi. Novruz bayramını birlikdə qeyd edən ailə tez-tez birlikdə gəzməyə çıxırdı.  Yazın ilk günlərində onlar yenə dənizkənarına gəzməyə çıxmışdılar. Hava çox sakit idi. Bəhruz ata  ermənilərin  son vaxtlar yenə təxribatlar törətdiyi barədə eşitdiklərini oğluna danışdı. Anar: – Narahat olmayın, təxribatların qarşısı biz tərəfdən həmişə alınıb, yenə alınar, – dedi.

Aprelin ilk günləri, 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək məqsədilə ön xətt mövqelərini və yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdu.  Artıq  kapitan rütbəsini daşıyan Anarı  təcili işə çağırdılar. O yeni tapşırıq alaraq iş yerindən birbaşa Füzuli rayonuna getməli oldu.

Atəşkəsin pozulması xəbərini televiziya vasitəsilə eşidən Bəhruz kişi Nəcibəyə dedi:

  • Anar dünəndən evə gəlməyib. Vəziyyət pisləşib, düşmən yenə də  atəşkəsi pozub.

Görəsən necə olacaq? Düzünü oğlumuz  bilər, ətraflı  məlumatı ondan öyrənsək yaxşı olar.

Nəcibə ərindən oğluna zəng edib hərtərəfli məlumat almağı məsləhət bildi. Bəhruz  mobil telefonunu götürmək istəyəndə Nəcibənin nömrəsinə zəng gəldi. Nəcibə: – Anardır, – deyib sevincək telefonu açdı.  Anar hal-əhval tutduqdan sonra evdəki vəziyyəti xəbər aldı və özünün  işlərinin çox olduğunu, bir müddət evə gələ bilməyəcəyini söylədi. Ömür-gün yoldaşı Zərifə ilə də danışıb körpə qızını yerinə öpməyi tapşırdı.  Başlanan döyüşlər barədə soruşulanda: – Narahat olmayın, qarşısı alınacaq, – dedi. Lakin özünün  qızğın döyüşlərdə iştirak etdiyini gizlətdi. Yalnız döyüşlər bitdikdən sonra o ailə üzvlərinə həqiqəti  söylədi.  Aprelin 1-dən 2-nə keçən gecədən başlayan döyüşlərin ayın 5-də qələbəmizlə bitdiyini dedi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndinin, Suqovuşan kəndi istiqamətində yolların düşməndən azad edildiyini danışdı. Füzuli, Cəbrayıl, Ağdərə  rayonlarının azad edilmiş ərazilərində bu gun üçrəngli bayrağımızın dalğalandığını söylədi. Anar evdəkilərə aprel döyüşlərinin atəşkəs dövründə ən ağır döyüş olduğunu, amma yeni qələbəyə cığır açdığını vurğuladı.

Nəcibə ana oğluna fərəhlə baxıb dedi:

  • Sənə halaldır, neçə gündür ki, erməni ilə vuruşursan, amma biz indi bilirik. Niyə demirdin?

Axı, sən mənim evimin çırağısan. Sən evdə olanda bu işığımız daha gur yanır.

  • Ana, sizi narahat etmək istəmirdim. Desəydim, nigaran qalacaqdınız. Şükür allaha, sağ-

salamat gözünüzün qarşısındayam.

Anar anasını qucaqlayıb üzündən öpdü. Sonra ömür-gün yoldaşı Zərifəyə yaxınlaşıb körpə qızını onun  ağuşundan aldı və  yuxarı qaldıraraq  gülə-gülə ucadan dedi:

  • Ata sənin gələcəyin üçün vuruşurdu, gözəl qızım! Lazım gəlsə, yenə vuruşacam, Qarabağı

sənin üçün alacağam. Qarabağda sənin kimi körpələrin nəfəsi duyulmalı, torpağına ayağı dəyməlidir. Məhz körpələrin sevinci azad Qarabağda firavanlıq yaradar, yaşamaq həvəsini artırar.  Məni ata edən körpəm… Sən sönməz ocaqdan  gələn elə bir nursan ki, varlığınla düşmənin gözünü qamaşdırıb onu kor edərsən. Sənin kimi körpənin varlığı, isti nəfəsi, qığıltısı, gülüşü bütöv Azərbaycanın döyünən ürəyidir. Sən bizim həyatımıza yeni növraq bəxş etdin, qızım!

Nəcibə ana Bəhruza baxıb gördüyü mənzərədən fərəhləndiyinə işarə edirdi. Sevincini gizlətməyən Bəhruz bu günün xüsusi qeyd edilməsini istədi və onun təklifi ilə ailəliklə restoranların birinə getdilər.

Xoş günlər yenə də davam edirdi…  Bir il sonra, yəni 2017-ci ilin  mart ayının 23-də  Anarın bir oğlu oldu. Sevincinin həddi-hüdudu yox idi.  Oğlunun adını Emil qoyan Anarın başı işinə-gücünə o qədər qarışırdı ki, iş vaxtının bitdiyini yalnız qaranlıq çökəndə hiss edirdi. Amma işindən sustalıb heç vaxt şikayət etmirdi.  Bəhruz  oğlundan hərbidəki işlərinin vəziyyəti barədə soruşanda o atasına gülə-gülə: – Bəlkə öz işinlə məşğul olasan, ay ata, – deyirdi. Atası ondan incimirdi, bilirdi ki, hərbiçi oğlu haqlıdır. Hərbidə sirr vermək olmaz.

*** 

Aradan bir neçə il keçdi.  Turanə əri Elsevər və iki balaca oğlu ilə birlikdə Şamaxıdan  Sumqayıt şəhərinə, əvvəllər yaşadıqları yataqxanadakı bir otaqlı mənzilə  köçdü.  Onlar tez-tez Corat qəsəbəsində yaşayan doğmalarına baş çəkməyə gedirdilər. Qardaşı Anar evdə olanda hamını yığıb gəzməyə, restoranların birində yeyib içməyə aparırdı.

2020-ci ilin qızmar yay günləri idi. Turanə ailə üzvləri ilə birlikdə anasıgilə getmişdi. Oğlanları Məmməd və Ömər Anarın  beş yaşlı qızı Kubra və üç yaşlı oğlu Emillə həyətdə qaçdı-tutdu oynayır, müxtəlif növ oyunlarla başlarını qatır, əylənirdilər.

Nəcibə nənə və gəlini Zərifə həmişə olduğu kimi bu gün də dadlı yeməklər hazırlayıb süfrəyə düzürdü.  Hamı süfrə başına yığışıb Anarı gözləyirdi. İş yeri Goranboy rayonuna dəyişdirilən Anar isə  nədənsə gecikirdi… Nəhayət, qapı açıldı və qanıqara içəri daxil olan Anar heç kimlə görüşmədən  gəlib stulda əyləşdi.  Atası oğlunu dilxor görüb soruşdu:

  • Anar, niyə belə bikefsən? Səni həmişə gülərüz içəri girən görmüşük. İndi nə olub, gəmilərin

batıb? Görüşməyi də unutdun… Yoxsa, iyul ayının istisi yolboyu səni birtəhər edib?

Anarın danışmağa ağzı açılmırdı. O üzürxahlıq edib əl-üzünü yumağa getdi.  Bəhruz nəvəsi Məmmədə dedi ki, get televizoru yandır, görək yeni nə xəbər var. Özü də telefonda internetə girib yeni xəbərləri izləməyə başladı. Birdən səsini başına atıb çığırdı:

  • Lənət olsun sizə, nankorlar! Ermənilər yenə atəşkəs rejimini  pozublar, təxribatlar

törədirlər. İndi də Tovuz əraziləri boyunca dünən gecədən hücuma keçməyə cəhd göstəriblər.  Artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Yəqin buna görə də oğlumuzun kefi yoxdur.

Məmməd nəvə gəlib: – Baba, televizoru açmışam, gəlin baxın, – dedi.

Bəhruz  baba:  – Daha ehtiyac olmadı,  xəbəri internetdə saytdan  oxudum, – dedi.

Anar əl-üzünü yuduqdan sonra atasına yaxın gəlib maraqla soruşdu:

  • Ata, saytdakı xəbərdə nə yazırlar?

Bəhruz yazılanları oxumağa başladı. Hamı diqqətlə qulaq asır, iyulun 13 və 14 tarixlərində  Ermənistanın silahlı birləşmələrinin Tovuz rayonunun  Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyması xəbərindən sarsılırdı.  Anar isə başını yelləyir,  xəbəri oxuyan atasına baxır, hərdən isə gözlərini səmaya dikir, sanki bir-birini əvəz edən ağ-ağ topa buludların arasında sulh göyərçinini arayırdı. O baxdıqca, göy üzündəki buludların rəqs etdiyini görür, təbiətin yaratdığı gözəlliklərdən heyrətə gəlirdi. Bu gözəlliklər içərisində ağ göyərçini gözləyirdi, lakin o hələ görünmürdü…  Anarın səbri daraldı. O: – Yeməyinizi yeyin, – deyib çörəyə əl atdı. Ailə üzvləri isə hələ də xəbərin təsiri altında idi.

Bəhruz oğlundan soruşdu:

  • Anar, sənin Tovuz hadisələrindən xəbərin varsa, bəs niyə bizə  demirsən? Bunun axırı

necə olacaq? General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və beş hərbi qulluqçu iki sutkalıq döyüşdə həlak olublar.   İndi başa düşürəm  ki, niyə qanın qaradır.  Yəqin müharibə olacaq, hə?

Süfrə arxasında əyləşənlər müharibə adını eşidəndə elə bil, canlarına  vəlvələ düşdü.  Nəcibə ana yerindən qalxıb əllərini göyə açdı və allaha yalvarıb sülh olmasını dilədi. Anar ayağa qalxıb anasının yanına gəldi və onu sakitləşdirib dedi:

  • Qorxmayın, yəqin hər bir təxribatın qarşısı alınar, amma inanın ki, mən müharibənin

olmasını istəyirəm. Çünki  müharibəsiz işğal altında olan torpaqlarımızı  geri ala  bilməyəcəyik. Bu gün general-mayorun şəhid olma xəbərini eşidirik, sabah kimləri eşidəcəyik Allah bilir… Polad kimi mərd adam  son nəfəsinədək döyüş meydanında öz əsgərləri ilə birgə olubdur. Bu o deməkdir ki, ölərik, amma öz torpağımızdan geri çəkilmərik. Bu döyüşdə yeddi nəfər şəhid olub, bir nəfər isə mülki şəxs evinin həyətinə düşən mərmi parçasından həyatını itirib. Mənə elə gəlir ki, bu döyüş xalqımızı zəfərə aparan cığır olacaqdır.

Turanə titrək səslə soruşdu:

  • Qardaşım, müharibə olsa sən də gedəcəksən?

Anar verilən sualdan təəccübləndi və dedi:

  • Əlbəttə! Hərbiçi deyiləm? Polad Həşimovla birgə şəhid olanların qisasını almalıyam…

Məncə, Vətənini sevən, torpaq həsrətindən bezən hər kəs qisasın alınması üçün bu ikigünlük qanlı döyüşün cığırı ilə tam qələbəyə doğru getməyə hazırdır. Qələbəyə hər kəsin ümidi var. İnanın ki, elə parça-parça ümidlər birləşib azadlığın himnini oxuyacaq, libasını toxuyacaq və istəyimizi doğruldacaq. İllər sonra Qarabağda “Vətən marşı”nı oxumaq üçün əsgər və zabitlərimiz, bütün vətənsevərlər düzüm-düzüm sıralara düzülübdür. O sırada mən də varam!

Nəcibə ana yeməklərin süfrədə soyuduğunu görüb dedi:

  • Yaxşı, oturun yeməyinizi yeyin. Görək nə olur…

Üç yaşlı Emil anasınn qucağından düşüb qollarını atasına tərəf açdı. Anarın üzü güldü və

oğlunu qucağına götürüb dedi:

  • Canım mənim, sən ananın qucağında niyə qalmadın? Atanı cox istəyirsən, hə? Ata da

səni, bacını yerlə göy qədər çox istəyir. Mənim sizə olan sevgim sonsuzdur.  Elə sizin xoşbəxt gələcəyiniz, firavan yaşamanız naminə ata düşməndən intiqam alacaq. Siz  də böyüyüb atanızla fəxr edərsiniz. Deyərsiniz ki, atamız kapitan Anar Heydərov  bizə azad Vətən bəxş edibdir.

Bəhruz kövrək hisslərlə danışan Anara dedi:

  • Yaxşı, müharibə olanda birinci sən gedərsən. İndi oturun yeməyinizi yeyin.

Emil balaca toppuş əllərini atasının üzündə gəzdirib onu öpür, atası isə oğlunu qucağında

oynada-oynada yeməkdən az-az həm onun, həm də öz  ağzına qoyur, hərdən isə dərin fikrə gedirdi.

Bəhruz kişi yeyib-içməyi, deyib-gülməyi xoşlayan oğlunu fikirlərdən ayırmaq, gülüşünü yenidən  eşitmək  istəyirdi, lakin onun son təbəssümü üzündə donub qalmışdı.

Şam yeməyindən sonra Bəhruz  həyətdə o başa – bu başa gəzişən oğluna yaxınlaşıb dedi:

  • Anar, əynini dəyişmək istəmirsən? Onsuz da bütün günü hərbi formada olursan. Get ev

paltarını geyin, rahat ol,  sonra gəl təmiz havada oturaq söhbət edək.

  • Ata, biz hərbiçilər hər şeyə hazır olmalıyıq. Bəlkə, yeni bir tapşırıq aldım, ona görə

əynimi dəyişməyə tələsmirəm.

  • Elə bilirəm, bu tezliklə tapşırıq verilməz. Vaxtı çatanda tapşırıq da veriləcək, düşmən

üzərinə hücuma keçmək üçün əmr də olacaq.  Özbaşına deyilik ki… Eşitdim hərbi komissarlığa artıq gedib müraciət edənlər olub, amma hələ heç kimi heç yerə aparmırlar…

  • Hə, elədir ata, hamı ölkə rəhbərindən, Ali Baş Komandandan əmr gözləyir. Səbrimiz

qalmayıb, gör neçə illərdir ki, ulu torpaqlarımız düşmən tapdağı altındadır. Torpağından qovulanlar otuz ilə yaxındır ki, öz ölkəsində köçkün kimi yaşayır. Bunun bir sonu olmalıdır, daha dözmək olmur. General-mayor Polad Həşimovun və onunla bərabər döyüşdə şəhid olanların xəbəri düşmənə olan nifrəti daha da artırır. Bu qədər ölüm olar?

  • Anar, birinci Qarabağ müharibəsi başlayanda nə qədər oğullarımız könüllü döyüşə getdi,

Vətən yolunda canını qoydu, şəhid oldu. O vaxtlar nə güclü silah-sursatımız, nə də ordumuz var idi. Çoxu ov tüfəngi ilə düşmən üzərinə hücum edir, öldürür və onun müasir tüfəngini götürüb yenidən vuruşurdu. O könüllü dəstələrdəki igid oğullarımız yaradılan batalyonlarda birləşib planlı şəkildə  düşmənin başladığı elan olunmayan müharibəni udmağa çalışırdı. Amma pərakəndəlik, səriştəsizlik və əsas böyük, güclü ordumuzun olmaması ucbatından Qarabağ bölgəsindəki torpaqlarımız düşmənin əlinə keçdi. Millət kimi kökü olmayan, soyu bilinməyən ermənilər orada yaşamağa başladılar. Böyük Ermənistan xülyasına düşən düşmənlərimiz Qondarma Qarabağ Respublikasını yaratdıqlarını dünyaya bəyan etməyə çalışdılar. Ancaq gec-tez haqq-ədalət qalib gəlir, oğlum.  Sonda üzə çıxan və tanınan həqiqətlərə öz möhürünü vurur. Bu dünyada yalan həmişə yeriyir, düz tapdalanır. Tez boy atan alaq otları  tez də saralır, yaşıllıq isə susuzluqdan deyil, onun  gözəlliyinə və təravətinə  mane olan çirkinlikdən  kibritsiz alışıb yanır, məhv olur. Lakin közərən ocaqları üfürsən, göylərə qalxan alovunu söndürə bilməzsən. Elindən-obasından didərgin düşənlərin içindəki yurd həsrəti də yavaş-yavaş alovlanmağa başlayır. Bu alovun içində qanlı-qadalı günlər, nankor ermənilərə nifrət, dəhşətli müharibənin yeni qığılcımları var. Müharibə bu dəfə biz tərəfdən olacaq, amma vaxtı çatanda…

Anar atasını sonadək dinləyib dedi:

  • Sən haqlısan, ata! Müharibənin olacağını mən də hiss edirəm. İnan ki, əmr gözləyirəm.
  • Görürəm, Anar! Hər halda əmr bu gün verilməz, get əynini dəyiş, dincəl.
  • Ata, sən də , anam da əziyyətimi çox çəkmisiniz, heç bilmirəm adınıza layiq övladam ya

yox…  Elə nənəm də, babam da əziyyətimi çəkib, axı uşaq vaxtlarında Şamaxıda onların da yanında  qalıb birgə yaşamışam. Orta məktəb təhsilimin yarısını orda almışam. Sonradan Sumqayıta gəlib on nömrəli orta məktəbdə oxumağa davam etmişəm. İdmanla da məşğul idim, hətta çoxları məni gələcəkdə idmançı kimi, bəziləri isə polis kimi görmək istəyirdi. Mən isə  ancaq hərbiçi olmaq istəyirdim. Başqa hərbiçilərin əynində görüb həsəd apardığım bu formanı öz əynimdə görmək arzusundaydım… Şükür Allaha, arzuma çatdım.  Bircə şəhidlərimizin də qisasını alıb Qarabağı azad edə bilsəydik… Elə bilirəm onda bütün ağrılı-acılı günlərin üstündən xətt çəkib azad, firavan və şən həyata qovuşardıq. Qaçqın, köçkün damğasını gəzdirənlərin də üstündən ağır ad götürülərdi.

  • Düz deyirsən, Anar. İnanıram ki, hamısı qaydasına düşəcək, təki salamatlıq olsun.
  • Hə… Təki salamatlıq olsun, ancaq heç kim ölümdən sığortalanmayıb… Allah hərəyə bir

ömür yolu yazır, kiməsə uzun, kiməsə qısa…

  • Oğlum, ölüm haqdır. Heç kim dünyanı tutub durmayıb, amma elə yaşamaq lazımdır ki,

bu dünyadan köçəndə desinlər ki, urvatlı getdi. Allah rəhmət eləsin, nə bilim… Dur, dur get dincəl, yorğunsan.

  • Ata, məncə əbədiyaşar insanlar var… Şəhid olsam, yəqin mən də bu dünyada əbədi yaşar

olaram. Övladlarım da mənimlə fəxr edər. Şəhid olmasam da fəxr edərlər, axı hərbiçi kimi Vətənin keşiyində dururam. Ya Qarabağ, ya ölüm! Ədalətə tapınan insanın  ürəyində Vətən vəfası, köksündə bir sükut çığırtısı, qəlbində qələbə eşqi yanar.

Bəhruz oğlunun kövrək hisslərlə danışdığını görüb onu dinləməyə davam etdi.  Ata-bala gecə yarıya qədər söhbət edib dərdləşdi.  Gecə isə çox sakit idi, dərd artıran uzun gecənin öz dərdi yox idi, heç söhbəti də… Sanki olacaqların hamısını bilirmiş kimi dinməzcə sirr saxlayırdı…

***

Günlər ötürdü…  Anar Goranboyda çalışdığı hərbi hissədən ailəsi ilə tez-tez telefon əlaqəsi saxlayır, həftə sonları evə gəlirdi. Bir gün  yenə evə gələndə Turanə ondan soruşdu:

  • Anar, hava xoşdur, yəqin həyətdə oturacaqsan. Bir söz soruşmaq istəyirəm. Bu gün

anayla bazara getmişdim. Eşitdik ki, guya şəhərdəki zirzəmiləri boşaldırlar, yəqin müharibə olacaq, hə? Deyirlər ki, düşmən tərəfdən raket ata bilərlər, nə bilim daha nələr… Vəziyyət pis olsa, bizi zirzəmilərə yığacaqlar, hə?

  • Turanə, bazarda ancaq belə söhbətlər eşidə bilərsən. Deyəsən, bazardakılar artıq

müharibəyə də başlayıblar. Nə olacaqsa, olacaq! Hamı da görəcək, biləcək, başa düşdün?

Turanə: – Başa düşdüm, – deyib mətbəxə keçdi. O qardaşından incimirdi, bilirdi ki, hərbiçi qardaşı sirr verməyi xoşlamır.

Nəcibə ana həyətin bir kənarında yuyub qurutduğu döşək yununu çırpır, hissə-hissə döşək mitilini çırpdığı yunla doldururdu.  O qızını səsləyib dedi:

  • Turanə, qardaşına bir çay süz gətir.

Turanə mətbəxdə idi. O anasının səsinə səs verib: – Yaxşı, – dedi. Çox keçmədi ki, Bəhruz da gəlib çıxdı. Qızından ona da çay gətirməyi xahiş etdi. Turanə qapının ağzında dayanıb yuxulu gözləri ilə atasına baxan Kubra ilə Emili gördü. Onlara da çay süzüb bişirdiyi şirniyyatlarla gətirib həyətdə ağacların arasındakı stolun üstünə qoydu. Kubra şirniyyatdan dadıb: – Bibi, çox dadlıdır, – dedi. Turanə: – Nuş olsun, hamınız şirniyyatın dadına baxın. Əminəm ki, siz də bəyənəcəksiniz, Emilə də verin yesin, – dedi. Sonra yenə mətbəxə keçdi.  Zərifə də mətbəxdə idi. Şam yeməyi üçün hazırlıq  görürdü. O Turanədən soruşdu:

  • Turanə, özünə niyə çay süzmədin? Təmiz havada oturub onlarla birgə çay içərdin də…
  • Sən ki bilirsən, mən çox çay içən deyiləm. Səhər tezdən içdiyimdir. Mənimki sudur,

kompotdur…  İstəyirsənsə, sənin üçün çay süzüm.

Zərifə əynindəki qırmızı güllü donun cibindən kağız salfet çıxarıb əllərini sildi. Sonra boşqabdakı şirniyyatdan götürüb dişlədi və gülə-gülə dedi:

  • Zəhmət çəkmə, bayaqdan çayı süzüb qoymuşam içəm, amma heç vaxt tapmıram. Bu dəfə

bişirdiyin şirniyyatın çox dadlıdır. Bəh-bəh, əldən verməyim,  çayla  içim.

  • Nuş olsun, Zərifə.

Zərifə çayı içə-içə baldızının bikef oturmasına fikir verirdi.  O dözməyib soruşdu:

  • Deyəsən kefin yoxdur, nə olub? Elsevər nəsə deyib, yoxsa uşaqlar səni incidir?
  • Heç kim məni incitmir. Elsevər də mənə gündən ağır söz demir. Şükür allaha, hər şey

qaydasındadır.

  • Bəs niyə belə qaşqabaqlı oturmusan? Bəlkə Anar xətrinə dəyib, hə?
  • Zərifə, uşaqlıqdan qardaşımla aramızda çox söz-söhbətlər olub, amma heç vaxt ondan

küsməmişəm. Onu arxamda duran bir dağ bilmişəm, amma ölkədə yaranmış ağır hərbi vəziyyət mənim beynimi qarışıq düşüncələrlə doldurur. İrəli baxanda həyatı sonsuz, geriyə baxanda qərinələrlə dolu görürəm.

  • Nə etmək olar? Yaranışdan həyatın bir başında sevinc, o biri başında isə kədər qaynayıb

daşır.

  • Zərifə, əlimdə imkan olsaydı, yer üzündən kədərin tamam silinməsini hökm edərdim.

İnsanlara sevinc dolu günlər yaşadardım.

  • Ah, kaş ki o imkan səndə olaydı… Təsəvvür edirəm, hər kəsin üzündə təbəssüm olardı.

Üzü təbəssüm, qəlbi xoş dualarla dolu olan insanlar… Dünyanı yaxşılar və yaxşılıqlar gözəlləşdirir. Bu  birləşmələr gözəl həyat deməkdir, amma hanı?

  • Zərifə, mən də istərdim gözəl həyatı yaşayaq. Son vaxtlar kimin üzünə baxırsansa, elə bil,

dərddən-fikirdən boğulur, rəngi də qaralıb. Qardaşım bizə heç nə demək istəmir. Ordan-burdan eşidirik ki,  kiminsə oğlu hərbi komissarlıqda adını könüllü siyahıya yazdırıb, ya kiminsə oğlu hərbi təlimlərə aparılıb, ya da ki şəhərdə zirzəmilər boşaldılır, təmizlənir. Nə bilim, daha nələr…

  • Turanə, dediklərini mən də eşidirəm, ancaq dəqiq heç nə bilinmir. Yaşayarıq, görərik!

Allah kimə nə qədər ömür yazıbsa, harda vaxtı çatsa, orda da o söz…   Nə isə… Hökumət nə qərar versə, o da olacaq, bildin?

  • Hə, allah xeyirlisini etsin. Amin!
  • Amin!

***

2020-ci ilin sentyabr ayı idi. Anar evdə doğmalarının hamısına təklif etdi ki, birlikdə

gəzməyə çıxsınlar, bir yerdə oturub nahar etsinlər.  Hamı bu təklifə sevinib razılaşdı. Bircə Nəcibə ana evdə işlərinin çox olduğunu bildirdi və getmədi. Hər kəs gəzməyə getmək üçün bəzənib-düzəndi. Zərifə son model kostyumlarından birini seçib geyindi. Qızı Kubraya ən qəşəng paltarlarından birini, Emilə isə üstündə açıq ağ və göy rəngli zolaqları olan təzə dəst şalvar-köynək geyindirdi. Anar onları öz maşını ilə dənizkənarındakı ən dəbdəbəli restoranlardan birinə apardı.  Onlar çox sevincək idilər. Anar övladlarına, ömür-gün yoldaşı Zərifəyə baxır zarafatlar edirdi. Neçə vaxtdır üzü gülməyən Anarın bu halı Zərifəni sevindirirdi.

Zərifə dedi:

  • Anar, sən əvvəldən deyib-gülməyi, yeyib-içməyi xoşlayan olmusan. Amma neçə vaxt idi

ki, üzün gülmürdü. Sənə gülmək, sevinmək çox yaraşır. Həmişə belə ol, sən gül ki bizim də üzümüz gülsün.

  • Zərifə, bu gün sizi bura gətirdim ki, yenə birlikdə yeyək-içək. Bəlkə müharibə oldu, mən

də şəhid, daha gətirə bilmədim sizi. Şəhid olmamışdan qabaq gəldim ki, buraları bir də fırlanım. Nə qədər ki, sağam kef edin. Bilmək olmaz, mən də şəhid ola bilərəm, onda uşaqlara yaxşı baxarsan.

Onlar şəhərin hər yerini gəzib axşam evə qayıtdılar.  Səhər açılanda Anar hərbi formasını geyinib işə gedirdi. Amma axşamdan anasına demişdi ki, guya Turanə onu görmək istəyir. Ona görə də anasını gətirib bacısıgildə qoydu. Hamı ilə qucaqlaşıb görüşən Anar onlara salamat qalın, özünüzə yaxşı baxın, deyirdi. Anasını isə bağrına basıb öpməkdən doymurdu.

Anası soruşdu:

– Uzağa gedirsən? Yoxsa, həmişəki kimi öz işinə?

  • Ana, öz hərbi hissəmizə işə gedirəm, Goranboya.
  • Hə, lap yaxşı. Qorxdum, elə bildim ki, müharibəyə gedirsən.
  • Yox ana, narahat olma, müharibə hələ başlamayıb. Bəlkə heç olmayacaq, bilinmir. İşimiz

çoxdur, təlimlər keçirilir. Bəlkə bir müddət yenə evə gələ bilmədim. Uşaqlarımı sənə əmanət edirəm, onlara yaxşı bax.  Qoyma korluq çəksinlər, məni soruşsalar de ki, gələcək. Özündən muğayat ol, ana!

  • Anar, uşaqlara görə narahat olma. Onlara göz bəbəyim kimi baxıram, baxacam da.

Həmişəki işindir də gedirsən. Get, yaxşı yol! Sağ-salamat qayıt gəl!

Anar pilləkənləri enib həyətdə dayandı. Böyüdüyü yataqxananın həyətinə baxmaqdan doymurdu. Uşaqlıqdakı qayğısız, xoş günlərini xatırlayıb doluxsundu, sonra evlərinin pəncərəsinə baxdı. Turanə anası ilə birlikdə ona əl edirdi. O maşınını işə salıb böyüdüyü həyətdən  getdi…

Anar hər gün evə zəng vurur, hal-əhval tuturdu. Nəcibə ana da bir-neçə gün qızıgildə qalıb yenidən Corata oğlunun evinə getdi. Turanə də uşaqları və ömür-gün yoldaşı Elsevərlə birlikdə

onunla getdi. Nəcibə və Bəhruz həyətdə ağacın kölgəsində oturub atılıb düşən nəvələrinə baxaraq fərəhlənirdilər.

Bəhruz dedi:

  • Nəcibə, dünən o biri məhəllədə kişilərlə söhbət edir, nərd atırdım. Onlardan eşitdim ki,

səfərbərlik başlayıb. Cavanların çoxusunu, hətta hərbi xidmətini başa vurub gələnləri, ehtiyatda olanları da hərbi komissarlıqdan çağırıb təlimə aparırlar.

Bayaqdan nəvələrinə baxıb gülən Nəcibənin üzündəki təbəssüm itdi.

  • Bəhruz, nə demək istəyirsən? Müharibə olacaq?
  • Belə çıxır ki, olacaq. Nə bilim, bəlkə də olmayacaq… Ehtiyat tədbirləri görülür, təki

olmasın. Sülh yolu ilə razılaşıb bu Qarabağ problemini həll etsəydilər, yaxşı olardı. Ölüm, itim olmazdı.

  • Düz deyirsən, Bəhruz. Allah heç bir valideynə bala dərdi verməsin. Anar hər gün evlə

telefon əlaqəsi saxlayır,  müharibə gözlənilsəydi, deyərdi.

  • Anar bizə nə vaxt söz deyib ki? Bildiklərini hərbi sirr kimi saxlayır, demir.
  • Allahın millətimizə rəhmi gəlsin.
  • Amin!

 

xxx

 

Ölkə müharibə ərəfəsində idi. Neçə gün idi ki, evdə hamı narahat idi. Anar gündə bir neçə dəfə

doğmalarına zəng vursa da hər işin qaydasında olduğunu söyləyirdi. Hərbiçilər əslində, hazır vəziyyətdə dayanıb, əmr gözləyirdilər. Son vaxtlarda Qarabağ bölgəsində düşmən tərəfindən atəşkəsin ardıcıl pozulmasına, dinc əhalinin evlərinə də atəş açılmasına dözməyən əhali düşməni susdurmaq üçün müharibənin başlanmasını istəyirdi. Şiddətlənən hərbi vəziyyət sentyabr ayının  27-də ölkə rəhbərinin müharibəni başlamaq barədə əmr verməsinə səbəb oldu. Bu əmr gözlənilirdi, çünki artıq hər kəsin səbr kasası dolmuşdu… Kişilər cəbhə bölgəsinə can atırdı, hətta hərbidən bildiriş almayanlar könüllü cəbhə bölgələrinə döyüşə gedirdilər.

Müharibə barədə əmr veriləndə Anar intiqam alacağını düşündü və sevindi. İşğal altında olan torpaqlarımızın yalnız müharibə yolu ilə geri qaytarılacağına böyük ümid bəslədi. Əslində, müharibənin olacağını bilirdi, çünki başqa yol qalmamışdı… Otuz il bundan əvvəl başlanmış münaqişənin gərginləşməsinə yalnız müharibə ilə cavab vermək, nəticəsi ilə öyünüb həqiqətləri dünyaya çatdırmaq mümkün idi.

Anar üç gün idi ki, qızğın döyüşlərdə öndə vuruşurdu. O, evə zəng edib danışanda anasına cəbhə bölgəsində olduğunu deməsə də, anası ona qanlı müharibənin başlandığını və özünü arxa cəbhədə qorumağı tapşırırdı. Anar isə əksinə, lazım gəlsə, öndə gedəcəyini, general-mayor Polad Həşimovun, bütün şəhidlərin qisasını alacağını bildirirdi.

***

Döyüşlər gedirdi…  Qarabağ uğrunda canını fəda edən şəhidlərimizin xəbəri gəlirdi. Müharibə başlanan gündən ön cəbhədə vuruşan Anar Tərtərdə idi, tez-tez evlə telefon əlaqəsi saxlayırdı.  Anası ilə danışanda bildirdi ki, kəşfiyyatçı döyüşçü şəhid olduğundan özü kəşfiyyatçı kimi döyüşə gedəcək.

Döyüşlərin birində ayağından güllə yarası alan tağım komandiri, kapitan Anar jqutla ayağını bağlayıb döyüşü davam etdirirdi. Anar iki-üç yerdən yaralandığından dizini də bükə bilmirdi. Lakin buna baxmayaraq yenə də öndə gedirdi. Yoldaşları ona hospitala getməyi məsləhət görsə də imtina edirdi. Düşmənlə vuruşa-vuruşa gəlib Suqovuşanda Qaranlıq meşə adlanan yerə çatmışdılar. Anar bu dəfə döyüşdə sağ çiynindən yaralandı. Hərbiçi yoldaşı ona tərəf irəliləyib köməyə gələndə üstünə qışqıraraq: – Sən get yaralı əsgərlərə kömək et, onları çətin vəziyyətdən çıxart, – dedi. Hərbiçi: – Axı, siz də yaralısınız komandir, köməyə ehtiyacınız var, – söylədi. Anar isə: – Mənə heç nə olmaz, yaram yüngüldür, əsgərlərə kömək et. Bura qədər yüzlərlə ermənini məhv etmişik, ermənilərin iki postunu almışıq. Qarşıda onların bir postu da var, oranı da mütləq almalıyıq, son nəfəsədək irəli getməliyik, irəli, vəssalam,  – dedi.

Vəziyyət get-gedə pisləşir, döyüşlər qızışırdı. Tez-tez əsgərlərin əhvalı ilə maraqlanan Anar yaralılara döyüşü davam etdirməyə icazə vermirdi. Onlarla danışır, ürək-dirək verir, qalib gələcəklərini söyləyirdi. Əsgərlərdən biri ona: – Siz çox yaxşı komandirsiniz, bizi qoruyursunuz, – dedi. Anar əsgərin ona verdiyi dəyəri alqışıayıb öz boynundakı gümüş sepini çıxartdı və onun boynuna taxaraq dedi:

  • Hə əsgər, bu sep komandirindən sənə yadigar qalsın. Dünyanın işini bilmək olmaz, sepi

həmişə boynunda gəzdir və məni xatırla.

Kövrələn əsgər dedi:

  • Komandir, bəlkə şəhid oldum. Özünüzdə qalsa yaxşı olar, axı bu sizə məxsusdur.

Anar əsgərin tərəddüd etdiyini görüb dedi:

  • İnsana məxsus heç nə yoxdur. Hamısı yaradanındır, yerin-göyün, üstündə gəzdiyimiz, bu

gün müdafiəsinə qalxdığımız bu torpağındır. Sonda hər şey, nə varsa. hamısı torpağa qarışır… Qoy səndə qalsın, gümüş sep və torpaq.  Nə qədər sağsansa özünlə daşı… Bəlkə mən şəhid oldum, nə bilmək olar… Müharibənin öz qanunları, qaydaları var. Hamımız Vətən yolunda Allaha əmanətik. Bu sep isə hələlik sənə əmanətdir, sonrası bəlli deyil. Özünü qoru, əsgər!

Əsgər: – Baş üstə, komandir, – dedi.

Hər ikisi bərk-bərk qucaqlaşdı. Əsgərlər yığışıb onlara baxırdı. Hamısı yeni tapşırıq gözləyirdi.

Anar döyüşçülərə dedi:

  • Sentyabr ayının son günüdür. Biz Suqovuşandayıq, hazırda olduğumuz yer isə Qaranlıq

meşə adlanır. Bugünədək şəhidlərimiz olub, amma onlar ölməyib. Vətən yolunda can qoyanlar ən uca zirvədə əbədi yaşayır. Müharibə itkisiz olmur. Qorxmayın, möhkəm olun! Biz irəli, ancaq irəli gedib düşmənin postunu ələ keçirməliyik.  Döyüş vaxtı çalışın ayıq olun. Sıldırımlı qayalar var, axşamdan yağış yağıb, hər tərəf palçıqdır, sürüşkəndir. Bir-birinzə dəstək olun, yaxın durun ki, sürüşməyəsiniz, düşmən tərəfə əsir düşməyəsiniz. Düşmən tərəf min oyun, hiylə qurur, ehtiyatlı olun, amma geri çəkilməyin. Tapşırıq alan kimi irəli gedəcəyik! Yalnız  zəfərə doğru, irəli!

Gecə saat on ikinin yarısı idi. Anar evlə əlaqə saxladı. Zərifə uşaqların yatdığını, şirin yuxuda olduğunu bildirdi. O: – Zərifəyə telefondakı şəkillərimi silmə, şəhid olsam paylaşarsınız, – dedi. Sonra anası ilə danışaraq: – Özünüzdən muğayat olun, uşaqlarımı sənə tapşırıram, ana, – deyən Anar sonda bir qədər fasilə verib çox kövrək və titrək səslə:  – Ana, səni öpürəm, – kəlmələrini həmişəlik anasının yaddaşına yazdı.  Anarın bu son danışığını, xüsusilə son kəlmələrini öz-özünə yatağında təkrarlayan Nəcibə ana səhəri diri gözü ilə açdı və ilk sözü bu oldu: – Anar, kaş ki səni yenə qucaqlayıb öpə biləydim, sən də məni…

***

Oktyabr ayının ilk günü idi. Qarşıdakı erməni postunu ələ keçirmək üçün yeni döyüşə başlanıldı.  Düşmən tərəfdən atılan güllələr yağış kimi yağır, susmaq bilmirdi. Bir az əvvəl  birlikdə olan əsgərlərdən şəhid olanlar, yaralanıb yarı yolda qalanlar vardı. Qayalıq hissələrdən sürüşüb yıxılan əsgərlər də olurdu. Ehtiyatsızlıqdan yıxılanların bəziləri bizimkilər tərəfə, bəziləri isə erməni tərəfə sürüşüb düşürdü. Anar hər dəfə arxaya dönüb baxanda əsgərlərin sayının azaldığını görür pis olurdu.

Erməni postu uzaqdan görünürdü. Anar iki ayağından da yaralanmışdı, amma Elçin adlı döyüşçü ilə öndə irəliyə posta tərəf dik gedirdi.  O, arxasıyca gələn əsgərlərə: – İrəli, irəli, – deyirdi. Ermənilər postun təxminən on – on beş metliyində olan bu komandirin səsindən vahimələnib qorxur və dayanmadan atəş açırdılar. Göz açmağa aman verməyən atəşlər onsuz da yaralı olan  Anarı hər iki qıçından və sağ tərəfindən yaraladı və o yerə yıxıldı. Elçin komandirinə kömək etmək üçün ona tərəf gedəndə güllə ilə bir neçə yerdən vuruldu və o şəhid oldu. Yaralı Anarı qan aparırdı, özündə güc toplayıb olduğu yerdən kənara çəkildi. Müddətdən artıq başqa bir döyüşçü ona tərəf sürünə-sürünə gəldi. Qan içində olan taqətsiz Anar onu görüb dedi:

  • Yaralıyam, kömək et.

Həmin döyüşçü: – Narahat olma komandir, kömək edəcəm. Çıxaracam səni burdan, aşağı

yaralıların yanına endirəcəm, – dedi.  Əsgər kömək üçün komandirin sağ qolundan tutmaq istəyəndə əli qatlanan qoltuq hissədən içəri keçdi. Sağ qolunun altından döş qəfəsinə qədər komandirin  vurulduğunu gördü.  Həmin hissə aralanmışdı,  axan qan ətrafı bürüyürdü. Bu vəziyyətdə tağım komandirini güclə dartıb yolun yarısına qədər çıxardı. Aparmaq istəyəndə düşmənin atdığı 120 minamyotun təsirindən mərmi döyüşçünü yoldan kənara tullayaraq yaxınlıqdakı ağaca çırpdı. Bir az keçdikdən sonra həmin əsgər başını qaldırıb ətrafa baxdı. Hər tərəfdən od püskürür, ətraf cəhənnəmə bənzəyirdi. O ayağa qalxıb komandirinə kömək etmək istəsə də bacarmadı, çünki özü də yaralı idi və qalxa bilmirdi. Komandirinin olduğu tərəfə baxdı və gördü ki, müddətdən artıq hərbi qulluqçu İlkin Hüseynov yolda qan içində uzanılı qalan tağım komandiri Anarı dartıb aparır. Ancaq ermənilər ona da atəş açaraq yaraladılar. Düşmən hər iki yaralını birlikdə əsir götürdü. Onlar əsir kimi aparılanda yarı yolda qalan Anara tərəf  baxdılar və komandirin qan içində hərəkətsiz qaldığını gördülər. İlkin onunla əsir düşən doyüşçüyə komandirin artıq keçinmiş olduğunu söylədi. Döyüşçü ondan saat neçə olar görəsən, soruşdu. İlkin: – Anarın qolunda saat var idi, baxanda on ikiyə on dəqiqə qalırdı, indi isə təxminən bir saat keçmiş olar. – dedi. Döyüşçü gündüz vaxtı qaranlığa bürünən dünyanı gördüyünü, əsir düşməkdənsə, şəhid olmaq istəyini bildirdi. Onların pıçıltı ilə danışdığını görən ermənilər söhbəti davam etdirməyə imkan vermədilər. Həm şəhid verdiklərinə görə, həm də əsir düşdüklərinə görə hər ikisi çox pis olmuşdu. Yaralı vəziyyətdə qollarını burub beyninə qurşunu sıxan ermənilər onları öz postlarına aparırdı.  Ermənilər sonradan postun yaxınlığında yarı yolda qalan Anarın nəşini də gəlib götürdülər.

*** 

     Səhər tezdən dilinə çörək  vurmayan Nəcibə ana gecə oğlu ilə danışığını, bir az fasilə verib sonra dediyi, ana öpürəm, səni, kəlmələrini tez-tez beynində fırladır, dilinə gətirirdi. Bəhruz onun həyətdəki ağacın altında bikef oturduğunu görüb soruşdu:

  • Niyə bikefsən? Xəstələnmisən?
  • Yox, xəstə deyiləm. Bu gecə saat on ikinin yarısı Anar zəng etmişdi. Səsi həmişəkindən

fərqli idi. Onun bir az susduqdan sonra, ana səni öpürəm, deməsi bütün içimi tərpətdi.  Bayaqdan gözləyirəm ki, bəlkə yenə zəng edər, amma hələ etməyib. Bəhruz, bəlkə sənə zəng edib, hə?

  • Yox Nəcibə, mənə dünən günorta zəng etdiyidir. Deyirdi ki, yaxşıyam, narahat olmayın,

uşaqlara, özünüzə yaxşı baxın.  Deyirdi ki, iki erməni postunu almışıq, nə qədər erməni öldürmüşəm, yenə öldürməyə gedirəm. Şəhidlərimiz, yaralılarımız var, ancaq ümidimizi üzmürük, qisas alacağıq. Qələbə bizim olacaq! Nə bilim… Elə bunları dedi, sonra telefonu bağladı.

Nəcibə dərindən ah çəkib dedi:

  • Hər gün səhərlər də zəng edərdi… Artıq günortanı keçib, ancaq hələ də zəng etməyib. Mən

də, gəlin də səhər tezdən neçə dəfə zəng vurmuşuq, ancaq cavab vermir.

Bəhruz ürəyindəki narahatlığı bildirmir və  məhzun anaya təsəlli verirdi:

  • Narahat olma, vuruşan təkcə o deyil ki… Allah hamısını qorusun, amin!

Günəş batır, öz şəfəqlərini yer üzündən gizlədir, buludlar arasında yox olurdu.  Evdə hamı öz

telefonuna baxır,  Anardan zəng gözləyirdi… Onun mobil telefonda əvvəlki danışıqlarındakı səslərə təkrar qulaq asırdılar.

Axşam düşdü, hər tərəfə qaranlıq çökdü…  Anardan zəng gəlmədi…

Səhəri diri gözü ilə açan doğmalar Anarın başında bir iş olduğunu düşündülər. Səhər açılsa da gecənin qaranlığı sanki yaşadıqları evdən çəkilməmiş, hamının üzünə sonsuz kədər çökmüşdü.

***

Aradan bir neçə gün keçdi. Bəhruz oğlunun axtarışına çıxdı.  Hərbi orqanlara müraciət etdi,  qızı və yeznəsi ilə birgə Gəncəyə, Goranboya  getdi. Anarı soraqladı, lakin heç yerdən dəqiq bir məlumat ala bilmədi. Hara getdisə, kor-peşiman qayıdıb evə gəldi.  Hər dəfə darvazadan içəri girəndə nəvələri Kubra ilə Emil onun qabağına qaçıb: – Baba, atanı gətirmədin? – deyə soruşurdular. Nəcibə ana, Turanə bacı  və Zərifə gəlin Anar bəlkə əsir düşüb deyir və təsəlli tapırdılar.

Oğlunun dirisindən, ölüsündən xəbərsiz qalan Nəcibə ana dərin iztirablar keçirir,  tez-tez üşüyürdü. Gecələr də  narahatlıqdan yata bilmirdi.  Günlər ailənin yeganə oğlu, iki övlad atasının həsrəti ilə keçirdi.  Bəhruz kişi fikirləşirdi ki, bu neçə vaxtı Anar sağ olsaydı, bir yol tapıb evə zəng vurardı. O yuxarı hərbi orqanlarla tez-tez əlaqə saxlayır, oğlunun axtarışı ilə bağlı müraciət edirdi. Bir dəfə yenə müraciət edəndə oğlunun şəhid  xəbərini verərək nəşinin ermənilərin əlində olduğunu və yaxın zamanda geri alacaqlarını bildirdilər. Anarın sağ olacağına ümidini üzmüş ata gec-tez belə bir xəbəri eşidəcəyini gözləyirdi. Aldığı xəbərdən sarsılan Bəhruz ailə üzvlərinə heç nə demədi, bu barədə yalnız yeznəsi Elsevər bilirdi.

Bir gecə təzə yuxuya gedən  Nəcibə ana narahat halda  oyanıb yerinin içində oturdu. Qızı Turanə  yuxudan oyanıb onun yanına getdi və anasının dağınıq saçlarını tumarlayıb səliqəyə sala-sala soruşdu:

  • Ana, niyə narahatsan, yuxu gördün?
  • Hə qızım, yuxuda Anarı gördüm. Yuxuda mənə deyir ki, oğlun yoxdur. Sonra da üç

barmağını sinəsinə sıxıb göstərir. Görəsən bu nə deməkdirr, o niyə üç barmaq  göstərir, hə?

Bir az fikrə gedən Turanə  qaşlarını düyünləyib dedi:

  • Ana, yəqin nəyəsə bir işarə bildirir, üç barmaq,  üç…  Artıq üçüncü aydır ki, Anardan xəbər

yoxdur.  Məncə, ondan bir xəbər çıxacaq.

  • Ay allah, kaş ki oğlum sağ olaydı.
  • Ana, düzünü deyim ki, bu yaxınlarda mən də qardaşımı yuxuda gördüm, amma sənə

demədim. Yuxuda gördüm ki, Anar evə tərəf gəlir. Soruşdum ki, qaqaş gəlmisən? O isə mənə deyir ki, sən get, mən də gəlirəm. Sizə sürpriz edəcəm, sonra isə  uzaqlaşır.

  • Yuxular çox vaxt düz çıxır, qızım. Birdən Anara nəsə olar… Allah, özün rəhm elə!

Anasının üşüdüyünü görən Turanə ona təsəlli verərək yatağına uzatdı və üstünü örtdü.

Aradan bir neçə gün keçdi. Bəhruz kişinin telefonuna zəng gəldi. Ermənilərdən əsirlərin və cəsədlərin  geri alınması barədə xəbər var idi.  Bəhruzdan və arvadından  cəsədin Anara aid olub-olmamasını dəqiqləşdirmək üçün  DNT analizinin  götürülməsinin zəruri olduğu bildirildi. Ana və ata tələb olunan analizi verdilər.

Dekabr ayının iyirmi doqquzu idi. Hər kəs analizin cavablarının nəticəsini səbirsizliklə gözləyirdi.  Nəhayət, bir xəbər çıxdı…  Elsevərin telefonuna zəng gəldi və cəsədin birinin Anara aid olması barədə xəbər verildi. Eşitdiyindən sarsılan Elsevər bu xəbəri öncə ömür-gün yoldaşı Turanəyə dedi. Xəbərin doğruluğuna inanmaq istəməyən Turanə Elsevərlə tez maşına minib Corata getdilər. Yolboyu ağlayan Turanə: – Qardaş, məni niyə tək qoydun, – deyir, üz-gözünü cırırdı. Elsevər təlaş içində idi, maşını yüksək sürətlə sürürdü. Evə çatanda o qayınatası Bəhruzun məlumatlı olduğunu gördü. Nəcibə ana Turanənin vay qardaş deməyini eşitdi və xəbərdən agah oldu.  Zərifə gəlinin atası Baxış kişi də bəd xəbəri eşidib onlara gəldi. Bəhruz oğlunun şəhid olması barədə hələ üç ay əvvəl məlumat alsa da, evdə deməmişdi.  Cəsədin tapılması xəbərini eşidəndə onun  gözləri doldu, nəvələrini bağrına basıb ağladı.  Həmin günü evdə canına tez-tez üşütmə düşən Nəcibə ana  vay deyib çığırır, saçlarını yolurdu.  Nəcibə ananın halı xarab oldu, onu güclə ayıldıb su verdilər. Ağlayıb qışqırmaqdan səsi batan Turanə anasına baxaraq: – Can ay ana, bundan sonra Anarsız necə yaşayacağıq, balaları ata istəyəndə nə deyəcəyik? – dedi və huşunu itirərək yerə yıxıldı. Qohumlardan Səbinə və Xəyalə  köməkləşib onu yerdən qaldırdılar. Divana oturdub  sakitləşdirici dərman içirtdi. Zərifə gəlin isə evin bir küncünə qısılıb atasız qalan körpələrinə baxaraq ağlayırdı. Baxış kişi qızının göz yaşlarını sildikcə özü də ağlayır və deyirdi: –  Oğulları analarından ayıran qara torpaq indi anatək onları ağuşuna alıb qəhrəman Vətən oğlu kimi tanıtdırır və yaşadır. Şəhid analarının ürəyi viran qalan torpaqlara bənzəyir. Qəhrəman oğul yetirən analara heykəl qoymaq lazımdır, heykəl…

Artıq axşam idi.  Xəbəri eşidən bütün qohumlar onlara gəlirdi. Şəhidi gətirmək üçün yaxın qohumlarla gecə yola çıxan Bəhruzun axıtdığı acı göz yaşlarında oğlu ilə birgə olan günlərin varlığı və şirinliyi süzülür, damla-damla yox olurdu. Tərtər rayonuna çatanda onları qarşılayan hərbiçilərdən biri Bəhruz ataya yaxınlaşaraq səbir dilədi. Şəhid oğlunun  şişmiş qolundan çıxardığı saatı ona verdi və Anara məxsus şəxsi avtomobilinin də Tərtərdə qaldığını dedi. Bəhruzun gözü isə yalnız oğlunu axtarırdı…

Kapitan Anar Heydərovun cənazəsi səhərisi gün yaşadığı Corat qəsəbəsindəki fərdi evinə gətirildi. Üçrəngli bayrağa bürünən tabutu çiyinlərində evin həyətinə gətirən hərbiçilərə kənardan həsədlə baxan məktəbyaşlı məhəllə oğlanları: – Böyüyəndə mən də hərbiçi olacağam. Vətən yolunda  can qoyacağam.  Marş irəli, Azərbaycan əsgəri! – deyirdilər.

Son mənzilə yola salınan kapitan Anar Heydərov Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olundu.

Şəhidin valideynlərinə, yaxınlarına başsağlığı verməyə gələnlər çox idi. Anarın iş yoldaşları və hərbiçilər də gəlirdi. Hərbiçilərdən biri boynundakı gümüş sepi çıxarıb Bəhruz kişiyə vermək istədi:

  • Ən qızğın döyüşlərin birində bu  sepi mənə komandirim Anar vermişdi. Sonra mən ağır

yaralandım və hospitalda yatdım. Yaralı vəziyyətimdə döyüş meydanından hospitala göndərilməyimə də məhz  komandirim kömək etmişdi. Güman edirəm ki, oğlunuza aid olan əşya bir yadigar kimi sizdə qalsa, yaxşı olar.

  • Yox, oğlum onu sənə bağışlayıb. Bu sep hər zaman Anarın varlığını sənə hiss

etdirəcək.  Komandirinin əmanətini qoru və onu unutma.

  • Unutmaq? Əsla! Anar əsl qəhrəmandır, onu unutmaq olmaz. O yüzə qədər erməni

öldürüb, iki postu ələ keçirib, nə qədər yaralının təcili hospitala çatdırılmasına kömək edib. Amma özü yaralı ola-ola vuruşurdu.  Lakin ermənilər tərəfindən uçuncu posta yaxın ağaclara yerləşdirilən kameraların olduğunu bilməyib, yaralı vəziyyətdə irəli gedib ki, o postu da ələ keçirsin. Təəssüf…  Belə komandirin şəhid olması məni çox yandırdı. O çox xeyirxah və səmimi insan idi. Qələbə eşqiylə yanan ürəyin sahibinin and yeri vicdan və haqq idi. Özündən çox əsgərləri düşünürdü… Şəhid  kapitan Anar Heydərovun adı əbədi olaraq üçrəngli bayrağımıztək yüksəkliklərdə qalacaqdır.

Bəhruz ata həmin əsgəri qucaqladı və göz yaşlarına hakim ola bilmədi…

***

Nəcibə ana otaqların birini oğlunun şəkilləri ilə bəzəmiş, ev muzeyi yaratmışdı. Turanənin məktəbli oğlanları Məmməd və Ömər şəkillərə baxıb, dayım şəhid olub, deyirdi. Kubra isə qardaşı Emili qucaqlayıb şəkili ona göstərir: – Atamızdır, bax! – deyirdi. Emil atasnın şəklini əlinə alıb: – Ata, gəl də, niyə gəlmirsən? Axı mən sənin üçün çox darıxıram, yenə görmək istəyirəm, – deyir,  medallarını götürüb boynuna taxır, o baş-bu başa qaçırdı. Nəcibə ana nəvələrinə baxır və Anarın əmanəti olan  balalarını göz bəbəyi kimi qoruyacağına söz verirdi: – Evimin yanan gur çırağı idin, oğul. İndi çıraq həmişəlik sönüb. Uşaqlarıma yaxşı baxın, tapşırırdın. Rahat yat, söz verirəm, nə qədər sağam onları özüm böyüdəcəm. Onlara baxıb təsəlli tapacam, bəlkə yoxluğunu bizə əmanət olan övladların mənə unutdurar.

Uşaqlar böyüdükcə atalarının harada olduğunu soruşurdular. Kubra artıq məktəbli idi. Dərs zamanı qəhrəmanlıq, vətənpərvərlik mövzusundan danışılanda şəhidlərdən və onların şücaətindən də söz açılırdı.  Bir dəfə müəllim yenə bu mövzuda danışanda şəhidlərin adlarını çəkdi.  Anar Heydərovun da adını eşidən Kubra ayağa qalxıb: – Müəllim, o mənim atamdır! Mən onu çox sevirəm! – deyərək ağladı.  Müəllim şagirdinə yaxınlaşıb onun başını sığallayaraq: – Biz hamımız atanla fəxr edirik! Sən qəhrəmanlıq dastanı və tarix yazan şəhid övladısan. Bütün oğul və qızlarımız nümunəvi və şərəfli həyat yolu keçən şəhidlərdən Vətəni sevməyi öyrənməlidir. Vətən vəfası daşan igid oğullarımız sizin azad və firavan yaşamanız üçün Qarabağ uğrunda II Vətən müharibəsində torpaqlarımızı azad edib, özləri isə şəhid olub. Şəhidlər Xiyabanında uyuyan həm I Qarabağ, həm də II Qarabağ Müharibəsi şəhidləri ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olublar, – dedi. Sonra Kubraya atasının medallarını sadaladı: – Bax Kubra, sənin atan hələ sağlığında nümunəvi hərbiçi olduğuna görə  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, şəhid olandan sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunubdur. Dövlətimiz düşmən güllələri önündə gözünü qırpmadan Vətən yolunda canını fəda edən hər bir döyüşçünü yüksək qiymətləndirir. Adı şanlı tariximizin Zəfər salnaməsində əbədi həkk olan şəhidlər ölmür, əbədi yaşayır.  Müəllim danışdıqca şagirdlər diqqətlə ona qulaq asır və dönüb şəhid qızı Kubraya baxırdılar. Kubra isə qürur duyur, bugünkü dərsdə atası haqqında daha çox biliklər əldə etdiyinə görə müəlliminə minnətdarlığını bildirirdi.

Dərs qurtaranda Kubra qaça-qaça evə gəlib otağa keçdi və atasının şəklini əlinə götürərək öpə-öpə dedi:

  • Ata, mən indi başa düşdüm ki, niyə yanıma daha gəlmirsən.

Sonra stolun altına girib şəkli sinəsinə sıxdı və  hönkür-hönkür ağladı.

Nəcibə nənə evin içində Kubranı axtara-axtara qalmışdı. Birdən onu stolun altında ağlayan gördü. O nəvəsini kənara çıxarıb soruşdu: – Sən niyə şəkli götürüb orada ağlayırsan?

  • Nənə, mən hər şeyi bilirəm, atam şəhid olub. Müəllim şəhidlərin adını çəkəndə atamın da

adını eşitdim.  Mən yerimdən qalxıb şəhid Anarın qızı olduğumu söylədim. Müəllim atam haqqında danışıb dedi ki, şəhidlər ölmür.  Nənə, bəs atam indi hardadır, ora gedək.

Bəhruz işdən gələndə səs gələn otağa keçdi və soruşdu:

  • Nəcibə, burda nə baş verir? Kubra niyə ağlayır?

Kubra nənəsini qabaqlayıb dedi:

  • Baba, mənim atam şəhid olub, məktəbdə eşitdim. Bəs mənə və qardaşıma deyirdiniz ki, o

Allah babanın yanına gedib, hə? Mən də onun qayıdacağını gözləyirdim.  Baba məni ora aparın, nə olar, aparın.

Bəhruzla Nəcibə bir-birinə baxdı, hər ikisi doluxsundu. Ağlayan nəvənin şəhid atasının şəklini əlindən yerə qoymadığına, tez-tez öpməsinə dözə bilməyən Bəhruz  dedi:

  • Yaxşı hazırlaşın, gedək atanın yanına. Get paltarını dəyiş, şəkili də qoy yerinə. Orada qara

mərmər daşın üzərində atanın  şəkli var.

  • Baba, mən paltarımı dəyişmək istəmirəm. Qoy atam məni məktəbli formasında  görsün və

bilsin ki, mən böyümüşəm,  məktəbə gedirəm.

Yeddi yaşlı Kübranın nəmli gözlərindəki kədər və kövrək hisslərlə dediyi sözlər nənə və babasının ürəyini dağlayırdı.

Bəhruz dedi:

  • Onda get qardaşını da gətur bura. Ona aldığım bu hərbi formanı geyindirim. Balaca əsgərin

gəlişi atana əyan olsun və ruhu da şad olsun.

Kubra əlindəki şəkli stolun üstünə qoyub cəld qardaşı Emili gətirməyə getdi. Bayaqdan susan Nəcibə dedi:

– Bəhruz, nə ağıllı iş görürsən, aldığın hərbi forma da lap yerinə düşdü.  Uşaqları indiyədək qəbirüstə aparmırdıq ki, balacadırlar, baxıb pis olacaqlar. Məncə, aparsaq yaxşı olar, onlar da gözlərini yoldan yığarlar.

– Elədir, artıq  Emil də böyüyür, allah qoysa məktəbə gedəndə o da fəxr edəcək ki, atası torpaq uğrunda şəhidlik zirvəsinə ucalıbdır.

Çox keçmədi ki, Kubra Emillə gəldi. Baba aldığı hərbi formanı Emilə geyindirdi. O əynindəki formadan xoşlanıb babasının və nənəsinin üzündən öpdü. Bəhruz onları öz şəxsi maşını ilə Şəhidlər Xiyabanına apardı. Yolüstü aldığı gülləri nəvələrin əlinə verib dedi:

  • Bu gülləri atanızın məzarı üstünə qoyun.

Kubra və Emil gülləri məzarın üstünə qoydu.  Hər ikisi atasının mərmər başdaşı üzərindəki şəkli

öpə-öpə deyirdi:  – Ata, səni çox sevirik.

Sonra Emil balaca əlləri ilə sinə daşının üstünə sığal çəkib dedi:

  • Baba, atam bu daşın altındadır, hə? Mənim tək daşı qaldırmağa gücüm çatmır. Gəl birlikdə

daşı qaldıraq, atamı ordan çıxaraq və evə aparaq. Burda qalmasın. Nənə, bura  sizin dediyiniz Allah babanın evidir, ağ ev, hə?

Kubra qardaşına baxıb dedi:

– Hə qaqa, bura ağ evdir, atamızın öz evidir. Biz onu görmək istəyəndə həmişə bura gələcəyik, çünki atamız burada əbədi məskən salıbdır.

Kubra məzarın hər tərəfini silib təmizlədi. Sonra başqa məzar başında mollanın yasin oxuduğunu görüb nənəsinə dedi:

  • Nənə, mollanı çağıraq atam üçün dua oxusun.

Nəcibə mollanı çağırdı, yasin oxundu.  Sonra onlar bütün şəhidlərin məzarını ziyarət etdilər.

Kubra şəhid övladı olduğu üçün fəxr etdiyini, Emil isə əlindəki üçrəngli bayrağı yelləyərək:

– Baba, mən əynimdəki paltarı çıxarmayacam. Böyüyəndə mən də kapitan olacağam, lap atam kimi, – deyirdi.

Kubra babasına dedi:

  • Baba, bundan sonra biz atamızla yalnız burada görüşə bilərik. Bizi yenə bura gətirərsən?
  • Əlbəttə, gətirərəm. Təkcə bura yox, Şamaxı rayonunun Məlhəm kəndində və Coratın

özündə atanın xatirəsinin əbədiləşdirilməsi naminə açılan şəhid  bulağına da sizi aparacam. Atanızın kim olduğunu biləcəksiniz.  Elə indi burdan birbaşa gedirik Corat qəsəbəsindəki bulağa, suyundan için, atanızın ruhu şad olsun.

Kubra babasının boynunu qucaqlayıb dedi:

  • Baba, biz atamızın adına layiq övladlar olacağıq, onunla fəxr edirik.
  • Heyif ki, atanız qələbə sevinci ilə yaşasa da o günü görə bilmədi. Kaş ki o da bütün

torpaqlarımızın azad olunmasını, 8 Noyabr – Zəfər Gününü görəydi.

  • Baba, qazanılan Zəfərdə atamın da payı var.  Axı şəhidlərin damla-damla torpağa axan

qanı  bahasına zəfər qazanılıbdır. Hara addım atırıqsa, orada atamızın, bütün  şəhidlərin

adı var.

  • Düz deyirsən, ağıllı nəvəm. Sizi gələcəyə inamla aparan addımlarınızda şəhid

qəhrəmanlığı, cəsarəti var. Hər biriniz şəhid əmanətisiniz. Əmanəti qorumaq və həqiqətlərlə birgə gələcəyə ötürmək bizim öhdəmizə düşür. Şəhidlərin qısa, lakin rəşadətli və şərəfli ömür yoluna işıq salan sizsiniz, böyüyən körpələrdir. Biz atanız Anarı Vətən üçün böyütdük, o da bir vətəndaş kimi  borcunu yerinə yetirdi, canını Vətən yolunda fəda etdi. Bu gün torpaqlarımız şəhidlərin qanı hesabına azaddır.  İndi Azərbaycan bütövdür!

Nəcibə ana və Bəhruz ata xoş arzularla yaşayan nəvələrin əlindən tutub şəhid bulağına getdilər.   Anardan əmanət qalan bu iki uşağın parlaq gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklərinə söz verdilər.

Son.

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir