Şəfəq Vilayətqızı: “Qalibsən, azadsan, hürrsən, ey Vətən!”
4 min read
Şəfəq Vilayətqızı (İsmayılzadə Şəfəq Vilayət qızı) – 27 iyul 1976-cı ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası peşə ixtisas məktəbində müəllim işləyib. Anası isə orta məktəbdə fizika-riyaziyyat müəllimi olub.
Şəfəq Vilayətqızı 11 yaşından şeirə maraq göstərib. Şeirləri mütəmadi olaraq qəzet və jurnallarda, antologiyalarda, toplularda və ədəbi məcmuələrdə dərc olunur. “Sevənlər varsa”, “Özü boyda yalan dünya”, “Tələsə-tələsə gecikdim sənə”, “Bir ovuc sevda” adlı 4 kitabı işıq üzü görüb. “Ən gözəl mən sevdim səni” və “Vətən hardan başlayır” adlı daha iki kitabı çapa hazırlanır.
“Xurşudbanu Natavan” medalı ilə, “Qızıl qələm”, “Azər-baycanın fəxri”, “Ulu öndər”, “Heydər Əliyev-100”, “İlin şai-ri” və s. kimi bir çox media mükafatları ilə təltif olunub.
Uzun illər “Azərişıq” ASC-nin Enerji təchizatı idarəsində Satış şöbəsinin mühasibi vəzifəsində işləyib.
Hazırda Gəncə şəhərində yaşayır.
Ailəlidir, iki qız övladı var.
Biz də Şəfəq Vilayətqızına yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
EY VƏTƏN
Bu gün qəlbimizdə güllər açıldı,
Əsir torpaqlara günəş saçıldı,
Uca dağlarına bayraq sancıldı.
Qəlbimdə başlayıb, ruhumda bitən
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
Yolunda can qoyan igidlərin var,
Edərlər düşmənə bu dünyanı dar,
Düzlərin bənövşə, qayaların qar,
Biləmməz qədrini hər yoldan ötən
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
Düşmənə həddini bildirərik biz,
Qürurla üzünü güldürərik biz,
Həsrəti, hicranı öldürərik biz,
Olarıq qəminə, sevincinə tən,
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
Başını dik saxla, qürurla dayan,
Olubdu şöhrətin dünyaya bəyan,
Oğlun var, qizın var canına qıyan,
Hər an harayına, ününə yetən
Bizimçün Qibləgah, Pirsən, ey Vətən!
Xəzərsən, Arazsan, Kürsən, ey Vətən!
Qalibsən, azadsan, hürrsən, ey Vətən!
OLMASIN
Hər kəsin çiynində iki mələk var,
Yaxşı insanlara Allah olar yar,
El-oba içində olmamaqçün xar,
Gərəkdir, sözündə yalan olmasın.
Yüz ölçüb danış ki, günaha batma,
Öz kölgənə güvən, kölgədə yatma,
Halal çörəyinə haramı qatma,
Borc üçün qapını çalan olmasın.
Hazır ol, gün gələr sökülməyər dan,
Ömrə vəfa yoxdur, ölüm var haqdan,
Ruhunu təmizlə günahdan, ahdan
Boynunda qul haqqı, falan olmasın.
ÖZÜNÜ GÖRƏYDİN KAŞ
Sən ağlıma gəldiyində,
İlk dilimə gələn söz var.
“Ay vəfasız” söyləyirəm-
Sözdə belə sanki köz var.
Sinəndə daş gəzdirirsən,
Ağır olar yükün sənin.
Mən həsrətdən ölsəm belə,
Heç tərpənməz tükün sənin.
Çox soyuqdu baxışların,
Üşüyürəm gözümdə yaş.
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…
Elə bilmə könül qırmaq,
Biri üçün hünər işdi.
Atdığın ox tam hədəfdən,
Ürəyimi dəldi keçdi.
Bu sevdanın acısinı,
Çəkəcəksən zamanı var.
Çıxacaqdır qabağına,
Özün kimi vəfasız yar.
Baxarsan ki, həyat səni,
Eşq önündə qoyub çaş-baş.
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…
Tüstülədin söndün axı,
Eşq odunda yanammadın.
Baxıb görmək bəs deyil ki,
Hislərimi qanammadın.
Mən intizar dünyasının,
Sakininə çevrilmişəm.
Bir alınmaz qala idim,
Xəyanətlə devrilmişəm.
Qız ağacı, qoz ağacı-
Sanıb atdın bəlkə də daş…
Burdan yaxşı görünmürsən,
Bir özünü görəydin kaş…
ZiM.Az