Ana dilimizin və Ata yurdumuzun səsi – SOLMAZ ELQIZI
9 min read
Solmaz Ədhəm qızı Əfəndiyeva (Elqızı) – 16 mart 1964-cü ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb.
1971-1981-ci illərdə həmin kənddəki Nizami Gəncəvi adına orta məktəbdə təhsil alıb.
1983-cü ildə Bakı Maliyyə-Kredit Texnikumunun (indiki İqtisad Kolleci) mühasibat uçotu fakultəsinə daxil olub.
1985-ci ildə kolleci bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb.
Solmaz xanım gənc yaşlarından həm də bədii yaradıcılıqla məşqul olur.
O, ilk xeyir-duasını unudulmaz filosof şairimiz Bəxtiyar Vahabzadədən almış, böyük sözünə, ustad xeyir-duasına istinad edərək yaradıcılığını daha ürəklə, daha həvəslə davam etdirmişdir.
3 kitab müəllifidir. 2004-cü ildə “İlisudan gələn səslər”, 2008-ci ildə “Ulu tanrıdandır bu şeir payım”, 2019-cu ildə “Dünyaya gəlmişik sevilmək üçün” adlı kitabları işıq üzü görüb.
2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2008-ci ildə “Qafqaz Media” İctimai Birliyinin təsis etdiyi “Vicdanlı Qələm” diplomu ilə, 2009-cu ildə “Müasir Azərbaycan ədəbiyyatında qazandığı uğurlara görə” fəxri fərmanı ilə, 2011-ci ildə KİVHİ-nin təsis etdiyi “Qızıl Qələm” diplomu ilə, 2012-ci ildə “Cəsarətli Qələm” diplomu ilə, 2015-ci ildə Avrasiya Şairləri Antologiyasının “Katılım Belgesi” diplomu ilə təltif olunub.
2017-ci ildən Avrasiya Senet Küıtür Edebiyyat Federasyonunun Azərbaycan üzrə üzvü seçilib.
“Karabağdan Kerkükden Çanakkaleye” şiir şeçkisində 7 şeri çap olunub.
Solmaz Elqızının yaradıcılığında diqqət çəkən əsas məqam onun heç kəsi təkrar etməməsidir.
Onun öz yolu, öz dəsti-xətti var. Elə bu məziyyətlərinə görə də digər yazarlardan seçilir.
Solmaz Elqızının poeziyasında Ana Vətənə, Ata yurda, doğma dilə və kitaba sevgi hər sətirdə, hər nəfəsdə duyulur.
O, qələmini xalqının ruhundan yoğurub, onu İlisu bulaqları kimi saf, Qafqaz dağları kimi uca, Şuşa kimi müqəddəs bir sevgi ilə işlədir.
Solmaz Elqızının “Ey zəfər soraqlı Azərbaycanım!” adlı əsəri – Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərə poetik tərzdə ithaf edilmiş yüksək ruhlu vətənpərvərlik nümunəsidir.
Bir sözlə, Solmaz Elqızının poeziyası Ana dilimizin və Ata yurdumuzun səsidir.
Biz də Solmaz xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
EY ZƏFƏR SORAQLI AZƏRBAYCANIM!
QOY ƏBƏDİ OLSUN TARİXİ ZƏFƏR,
HƏR AN SEVİNDİRİR BİZİ XOŞ XƏBƏR.
UĞURA APARIR HƏR YENİ SƏFƏR,
DÖYÜNƏN ÜRƏYİM, DAMARDA QANIM,
EY ZƏFƏR SORAQLI AZƏRBAYCANIM!
NANKOR DÜŞMƏNLƏRLƏ GƏLDİK ÜZ-ÜZƏ,
YERİNİ GÖSTƏRDİK ŞƏRƏFSİZLƏRƏ.
ORDUMUZ YETİŞDİ KÖMƏYİMİZƏ,
DÖYÜNƏN ÜRƏYİM, DAMARDA QANIM,
EY ZƏFƏR SORAQLI AZƏRBAYCANIM!
BU HAQQ İŞİMİZDƏ ŞƏHİDLƏR VERDİK,
MİLYON CÜR AĞRIYA, ƏZABA DÖZDÜK.
SONUNDA MÖHTƏŞƏM QƏLƏBƏ GÖRDÜK,
DÖYÜNƏN ÜRƏYİM, DAMARDA QANIM,
EY ZƏFƏR SORAQLI AZƏRBAYCANIM!
QƏLƏBƏ SEVİNCİ YAŞADIR BİZİ,
YENİDƏN HƏYATA BAĞLAYIR BİZİ.
DAHA GÜCLÜ EDİR İRADƏMİZİ,
DÖYÜNƏN ÜRƏYİM, DAMARDA QANIM,
EY ZƏFƏR SORAQLI AZƏRBAYCANIM!
AÇILIR NUR ÜZLÜ AYDIN SƏHƏRLƏR,
QURULUR YENİDƏN GÖZƏL ŞƏHƏRLƏR.
BOĞMASIN BİZLƏRİ ACI QƏHƏRLƏR,
DÖYÜNƏN ÜRƏYİM, DAMARDA QANIM,
EY ZƏFƏR SORAQLI AZƏRBSYCANIM!
44 GÜNLÜK MÜHARIBƏ
Əmri verdi Baş Komandan,
Səsinə səs verdi cahan.
Öz gücünü etdi bəyan,
Qırx dörd günlük müharibə.
Möcüzəydi başdan-başa,
Kim nə deyər haqq savaşa?
Zəfər ilə çatdı başa,
Qırx dörd günlük müharibə.
Yeri-göyü titrətdi o,
Doğru,haqq-ədalətdi o.
Düşmənləri mat etdi o,
Qırx dörd günlük müharibə.
Yolları deyildi hamar,
Düşməni etdi tarı-mar.
Dedi,güclü ordumuz var,
Qırx dörd günlük müharibə.
İtkiləri olsa da çox,
Ordusundan güc aldı çox.
Haqq yolundan dönmədi yox,
Qırx dörd günlük müharibə.
TARİX ÜÇÜN TARİX YAZDI SƏRKƏRDƏ
Yaşadıb müqəddəs Vətən andını,
Qoruyub qəlbində sevgi odunu,
Sındırıb həsrətin son inadını,
Bilsin bütün dünya, görsün hər yer də,
Tarix üçün tarix yazdı Sərkərdə.
Yolu haqq yoludur, Öndər yoludur,
Vətən sevgisiylə qəlbi doludur.
Müdrik xalqı kimi dahi, uludur,
Bilsin bütün dünya, görsün hər yer də,
Tarix üçün tarix yazdı Sərkərdə.
Ata vəsiyyəti oldu şüarı,
Xalqına xidmətdir dövləti,varı.
Qürurludur, yenilməzdir vüqarı,
Bilsin bütün dünya, görsün hər yer də,
Tarix üçün tarix yazdı Sərkərdə.
Sevdi ordusunu və millətini,
Sevgiylə qazandı şan-şöhrətini.
Qorudu dünyada əzəmətini,
Bilsin bütün dünya, görsün hər yer də,
Tarix üçün tarix yazdı Sərkərdə.
Ötəcək çox illər, çox qərinələr,
Heykəlin qoyacaq gələn nəsillər.
Sevinəcək onu sevən könüllər,
Bilsin bütün dünya, görsün hər yer də,
Tarix üçün tarix yazdı Sərkərdə.
AZƏRBAYCAN ƏSGƏRİNƏ
İgid əsgər, adın düşdü dillərə,
Sevinc bəxş elədin hər könüllərə.
Nümunəsən gələcək nəsillərə,
Əhsən, Vətənini sən uca sandın,
Şərəflə içmisən o əsgər andın.
Dağ bilmədin,daş bilmədin,
Boran, şaxta, qış bilmədin.
Sən qorxu, təlaş bilmədin,
Əhsən,Vətənini sən uca sandın,
Şərəflə içmisən o əsgər andın.
Şücaətin aşıb-daşır,
Sənə tərif çox yaraşır.
Düşmən də önündə çaşır,
Əhsən, Vətənini sən uca sandın,
Şərəflə içmisən o əsgər andın.
Sizi çox sevirik,ey qalib əsgər,
Darıxar sizinçün, darıxar səngər.
Əsl qəhrəmansan, əsl cəngavər,
Əhsən, Vətənini sən uca sandın,
Şərəflə içmisən o əsgər andın.
Qələbə soraqlı xəbər gətirdin,
Elimə, obama fərəh gətirdin.
Xoş müjdəylə dolu səhər gətirdin,
Əhsən, Vətənini sən uca sandın,
Şərəflə içmisən o əsgər andın.
Bir daha olmasın münaqişələr,
Daha sona çatsın müharibələr.
Əsirlik, itkinlik, mühasirələr,
Əhsən, Vətənini sən uca sandın,
Şərəflə içmisən o əsgər andın.
04.12.2020
AY ŞUŞAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
5 yanvar 2022-ci il tarixli sərəncamına əsasən
2022-ci il “Şuşa ili” elan edilmişdir.
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Dünyaya bəxş etdin neçə sənətkar,
Üzeyir, Bülbülü, həm Natəvanı.
Məğrur duruşunda tanrı hökmü var,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Cıdır düzün igidlərin oylağı,
Qonaq-qaralıdı İsa bulağın.
Sənsən Qarabağın qədim torpağı,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Qaryağdıoğlunun həzin nəfəsi,
Vaqifin qəzəli, Bülbülün səsi.
Riqqətə gətirir dinləyən kəsi,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Niyazin, Lətifin, Nəvvabın, Xanın,
Hər biri fəxridir Azərbaycanın.
Sənət beşiyisən çox sənətkarın,
Şöhrətin dolaşır bütün cahanı,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Qoynuna bəzəkdi həm Xarıbülbül,
Həsrətlə yaşadıq sənsiz neçə il.
Artıq Sən azadsan, göz yaşını sil,
Cənnət Qarabağın ürəyi, canı,
Ay Şuşam, hüsnünə söylə,tay hanı?
03.02.2022.
DEYİRƏM, İNSANLAR, SEVİN KITABI
Birin həkim edər,birini şair,
O dərin bilikli,həm də ki, mahir.
Xoş sözlər yaraşır kitaba dair,
Oxuyun kitabı,bilin kitabı,
Deyirəm,insanlar sevin kitabı.
Dünyanı kitabla çıx səyahətə,
Gəl kitabda olan bax məharətə.
Onunla çatarsan şana,şöhrətə,
Oxuyun kitabı,bilin kitabı,
Deyirəm,insanlar sevin kitabı.
Kitabla sözümüz ötkəm olacaq,
Kitab könüllərə məlhəm olacaq.
Onu sevənlərə həmdəm olacaq,
Oxuyun kitabı,bilin kitabı,
Deyirəm,insanlar sevin kitabı.
Kitab bu cahanda sözünü deyib,
Özün təsdiqləyib,sözünü deyib.
Bizə dahilərin sözünü deyib,
Oxuyun kitabı,bilin kitabı,
Deyirəm,insanlar sevin kitabı.
Hər evə bol fərəh gətirəndə o,
Köksündə min inci bitirəndə o,
Hər kəsi insan tək yetirəndə o,
Oxuyun kitabı,bilin kitabı,
Deyirəm,insanlar sevin kitabı.
Bütün insanlığa bəyan oldu o,
Elmə,savada həyan oldu o,
Ellərə ziyasın yayan oldu o,
Oxuyun kitabı,bilin kitabı,
Deyirəm,insanlar sevin kitabı.
7.04.2019
SƏNSƏN….
(fani dünyaya xitabən)
Qırıb insanların çox ümidini,
Vaxtsız əcəl zəngi çalan da sənsən..
Arzu,istəkləri çıxarıb boşa,
Hər sözü, söhbəti yalan da S Ə N S Ə N…
Adəm və Həvvadan üzü bu yana,
Neçə insan ömrü bitirdin sona.
Gözüyaşlı qaldı çox ata,ana,
Qəm-qüssə toxumu əkən də S Ə N S Ə N…
Acizə zindansan, zalıma meydan,
Əzəldən qurmusan bax belə dövran.
Çoxlarına verib geniş bir məkan,
Sonunda ipini çəkən də S Ə N S Ə N…
Göstərib varlıya şahlıq taxtını,
Kasıba qıyırsan kölə baxtını.
Unudub tarixin əzəl vaxtını,
Məhşər ayağına çəkən də S Ə N S Ə N…
Nə deyim səndəki belə vərdişə?!
Tapmısan özünə qəddar bir peşə.
Kiməsə bəxş edib güclü əndişə,
Axırda zehnini silən də S Ə N S Ə N…
Vermisən hər kəsə bir cür “mərəzi”,
Sonunda qurursan mizan-tərəzi.
Qəlblərdən silmədin kini, qərəzi,
Axirət evini tikən də S Ə N S Ə N…
Yetirib kimlərə şöhrət, cah-calal,
Çoxlarına verdin bolluca məlal.
Etsən də haqqını hər kəsə halal,
Sonunda kəfənə bükən də S Ə N S Ə N…
S Ə N S Ə N……
25.07.2020
ZiM.Az
.