AzTU-nun RƏHBƏRLİYİ

15 min read

AzTU-nun REKTORu –

iqtisad elmləri doktoru,

professor VİLAYƏT VƏLİYEV

 

Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il martın 28-də anadan olub;

1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib;

1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib;

1983-2003-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsində çalışıb, 2003-cü ildən, AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra, 2011-ci ilədək (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda “Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyib;

1985-1989-cu illərdə DNQYPİ-nin aspiranturasında təhsil alıb və 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 – “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb;

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında müvafiq olaraq UNOCAL və PENNZOIL şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb;

1994-cü ildən ABŞ-ın Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvüdür, 2017-ci ildə İdarə Heyətinin üzvü və 2018-ci ildə regional məsələlər üzrə Vitse prezidenti seçilib;

1995-1999-cu illərdə DNQYPİ-nin doktoranturasında əyani təhsil alıb;

1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb;

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb;

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) dissertasiya işini müdafiə edərək, 08.00.13 – “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb;

2013-cü ildə 5302.01 – “Ekonometriya, iqtisadi statistika” ixtisası (əvvəlki 08.00.13 – “İqtisadiyyatın riyazi və instrumental üsulları”) üzrə professor elmi adını alıb;

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb;

2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N.02.016 (sonradan FD.02.016) Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 – “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərib;

2009-2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb;

90-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, UNOCAL, PENNZOIL və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirir;

2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirir;

2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır;

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir;

Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır;

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri, AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü, İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalının baş redaktoru, “Azərbaycan Neft Təsərrüfatı” (Azərbaycan), “İqtisadiyyat və sosiologiya” (Moldova), “İnformasiya cəmiyyəti problemləri” (Azərbaycan), “İqtisadiyyat və idarəetmə” (Rusiya) jurnallarının redaksiya heyətinin üzvüdür;

Rus və ingilis dillərini bilir;

Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 31 iyul 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsinə təyin edilib.

(https://zefer.info.az/?p=1081)

 

 

 

Tədris işləri üzrə prorektor –

texnika elmləri doktoru,

professor Nurəli Yusifbəyli

Nurəli Adil oğlu Yusifbəyli 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olub. 1980-cı ildə Kiyev Politexnik İnstitutunun (indiki Kiyev Texniki Akademiyası) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib.

1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində çalışıb. 2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrini icra edib. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olub.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə “MDB-nin Əməkdar energetiki” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Mühəndisi” fəxri adına layiq görülüb.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə “Qızıl Buta” mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi ilə birgə təşkil olunan innovasiya müsabiqəsində II yerə layiq görülüb. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülüb.

1990-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirib. 1997-ci ildə “Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Dispetçer İdarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Texnika elmləri doktoru, professordur, 6 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 2 patent, 3 Azərbaycan Standartı və 140-dan çox elmi əsərin müəllifidir.

“ELECTRO-energetics-tecnnics-mechanics+control” Beynəlxalq Elmi-İstesalat jurnalının baş redaktorudur.

Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir.

Azərbaycan MEA Energetika üzrə problem Şuranının sədr müavini və beynəlxalq “IEEE”(Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, “Проблемы энергетики” və “Applied Mathematics” jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.

1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, 2003-cü ildən AzTU-nun “İdarəetmə və Avtomatika” və 2016-cı ildən ADNSU “Elektoenergetika” kafedrasının professoru və “İstilik energetikası” kafedrasının müdiridir. ADNSU nəzdində D.02.142 Dissertasiya Şurasının sədr müavinidir.

Təhsil nazirinin əmri ilə 2021-ci ilin yanvar ayında AzTU-nun tədris işləri üzrə prorektoru təyin olunub.

 (https://zefer.info.az/?p=1051)

 

Elm və innovasiyalar üzrə prorektor –

texnika elmləri doktoru,

professor Sübhan Namazov

Sübhan Nadir oğlu Namazov 1971-ci il martın 24-də anadan olub.

1989-cu ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub, 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildə Beynəlxalq İSESKO təqaüdünə layiq görülüb.

1994-1997-ci illərdə AzTU-da doktorantura təhsili alıb.

1997-ci ildə vaxtından əvvəl müdafiə edərək, materialşünaslıq (maşınqayırma üzrə) ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb.

2002-ci ildə dosent elmi adını alıb.

2007-ci ildə materialşünaslıq (maşınqayırma üzrə) ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb.

2010-cu ildə professor elmi adını alıb.

Əmək fəaliyyətinə 1994-cü ildə AzTU-da Konstruksiya və kompozisiya materiallarının texnologiyası kafedrasında tədqiqatçı-mühəndis kimi başlayıb.

2000-2001- illərdə Metallurgiya fakültəsində elmi işlər üzrə dekan müavini vəzifəsində çalışıb.

2001-2002-ci illərdə DAAD təqaüdçüsü olaraq doktorluq dissertasiyasının yerinə yetirilməsi məqsədilə Almaniyanın Aaxen Texniki Universitetində Metallurgiya və MAterialşünasıq İnstitutlarında qonaq tədqiqatçı kimi çalışıb.

2003-2011-ci illərdə Tədris hissəsinin müdiri vəzifəsində işləyib.

2011-2019-cu illərdə Metallurgiya və metalşünaslıq kafedrasının müdiri vəzifəsində çalışıb.

220-dək elmi işin, o cümlədən, 1 monoqrafiya, 3 patent, 5 dərsliyin müəllifidir.

Onun elmi rəhbərliyi ilə 6 nəfər texnika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

Elmi əsərləri Almaniya, Rusiya, İspaniya, İsveçrə, Ukrayna, Slovakiya, Yuqoslaviya, Türkiyə, Litva və s. ölkələrdə ingilis, alman, rus, və ispan dillərində nəşr edilib.

2011- ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.

2008-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanınıda Ali Attestasiya Komissiyasında Texnika üzrə Ekspert Şurasının üzvü olub.

2011-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanınıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müstəqil ekspert kimi fəaliyyət göstərib.

2012-ci ildən AzTU-da yerinə yetirilən beynəlxalq layihələrdə iştirakçı, 2018-ci ildən “Erasmus+” KA2 layihələrinin AzTU üzrə koordinatordur.

2018-2019, 2020-2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant layihəsinin layihə rəhbəri olub.

2016-2018-cı illlərdə AzTU-da fəaliyyət göstərən D.02.171 doktorluq Dissrtasiya Şurasının üzvü olub.

Prezident İlham Əliyevin 2020-ci il 31 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

Rus, alman və ingilis dillərini bilir.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Təhsil nazirinin əmri ilə 2022-ci ilin may ayında AzTU-nun elm və innovasiya üzrə prorektoru təyin olunub.

(https://zefer.info.az/?p=1062)

 

Beynəlxalq əlaqələr üzrə prorektor –

iqtisad üzrə fəlsəfə doktoru

Fariz Məmmədov

Fariz Orucalı oğlu Məmmədov 1981-ci il fevralı 4-də Sumqayıt şəhərində anadan olub.

1988-1998-ci illərdə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində orta təhsil alıb.

Orta təhsilini bitirdikdən sonra 1998-1999-cu illərdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Məsələlər üzrə Bürosu tərəfindən maliyyələşdirilən “FLEX” (Gələcək Liderlərin Mübadiləsi) tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil alıb.

1999-2003-cü illərdə Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavriat, 2003-2005-ci illərdə magistratura səviyyəsini bitirib.

2013-2015-ci illərdə ADA Universiteti (Azərbaycan) və Maastrixt Menecment Universitetinin (Hollandiya) birgə “Ekzekyutiv MBA” proqramı çərçivəsində beynəlxalq biznes istiqamətində MBA proqramı üzrə magistratura təhsili alıb.

2016-2020-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “5302.01 – Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə dissertantura təhsili alıb. 2022-ci ildə ekonometriya ixtisaslaşması üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.

2007-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Neft-qaz problemlərinin iqtisadi tədqiqi şöbəsində böyük laborant vəzifəsində çalışıb.

2009-2015-ci illərdə “Azərenerji” ASC-də İnvestisiyalar və Strateji İnkişaf İdarəsinin Layihələrin təhlili və qiymətləndirilməsi şöbəsində aparıcı mühəndis, şöbə rəisi, daha sonra idarə rəisinin müavini vəzifələrində işləyib.

2015-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İnnovasiyanın inkişafı şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan 2020-ci ilin aprelinədək Asiya İnkişaf Bankının Azərbaycan Missiyasının ofisində “Paylayıcı Elektrik Şəbəkələrinin Yenidənqurulması üzrə İnvestisiya Proqramı: Tranş 1” layihəsinin icrası çərçivəsində məsləhətçi vəzifəsini icra edib.

2020-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun müşaviri vəzifəsinə təyin olunub.

Təhsil nazirinin əmri ilə 2022-ci ilin sentyabr ayında AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

(https://zefer.info.az/?p=1026)

 

 

Rəqəmsallaşma və layihələr üzrə prorektor –

iqtisad üzrə fəlsəfə doktoru

Rəşad Əliyev

Rəşad Yavər oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistratura səviyyəsini bitirib. 2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.

2005-2006-ci illərdə “Azərbaycan Ticarət və Dağıtım” MMC, “Azərsun Holdinq” və “Sun Qrup Menecment” MMC-də dizayner, marketinq mütəxəssisi, məhsul müdiri vəzifələridə çalışıb.

2006–2009-cu illərdə “Azərbaycan Sənaye Bankı” ASC-də bank proqramı üzrə mütəxəssis, informasiya texnologiyaları üzrə baş mütəxəssis, İnformasiya texnologiyaları departamentinin direktor müavini, İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-2012-ci illərdə “Royal Bank” ASC-nin İT departamentinin direktor müavini, direktoru vəzifələrində çalışıb.

2014-2016-ci illərdə “Zirvə İdman Kompleksi” MMC-də (AAAF Park Yaşayış Kompleksi) direktor müavini, 2018-2020 “AAAF Holdinq”in İdarə Heyətinin sədri vəzifələrini icra edib.

10 il müddətində MilliNet internet mükafatının təşkilat komitəsinin üzvü olub, həmçinin “Startup Azerbaijan”da mentorluq fəaliyyəti ilə məşğul olub.

2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsində işləyib.

Təhsil nazirinin əmri ilə 2021-ci ilin avqust ayında AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru vəzifəsinə təyin olunub.  

(https://zefer.info.az/?p=1044)

 

 

 

Sosial məsələlər və ictimayyətlə əlaqələr üzrə prorektor –

texnika üzrə fəlsəfə doktoru, 

dosent Nərmin  Rzayeva

Nərmin Eldar qızı Rzayeva 1990-cı il iyunun 24-də Bakıda anadan olub. 1997-2008-ci illərdə Bakıda Texniki-Humanitar Liseydə təhsil alıb.

2008-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tətbiqi riyaziyyat ixtisasına qəbul olunub. 2012-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirib.

2012-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura səviyyəsində Mexanika və informasiya texnologiyaları fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda laborant kimi başlayıb. Daha sonra həmin institutda baş laborant, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb.

2013-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasında böyük laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2018-ci ildə kompüter elmləri ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2019-cu ildə dosent elmi adını alıb və həmin ildən İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosenti vəzifəsində çalışır.

2017-2022-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi-tədqiqat, daha sonra isə Strateji planlaşdırma şöbələrinin müdiri vəzifəsində çalışıb.

2019-2021-ci illərdə “PPA Architects” adlı Avstriya şirkətinin regional meneceri vəzifəsində çalışıb, bir sıra böyük miqyaslı layihələrin layihə meneceri olub.

2020-ci ildən Niderlandın Leiden Universitetinin nəzdində Elm və Texnologiya Araşdırmaları Mərkəzində (CWTS) “Elmin ölçülməsi” (Scientometrics) ixtisası üzrə ikinci PhD dissertasiyası üzərində çalışır. Elmi işinin çərçivəsində elmi kommunikasiya sistemində trendlər, elmi nəşrin yeni formaları və bu sahədə dünya təcrübələrinin ölkəmizə uyğunlaşdırılması istiqamətində araşdırmalar aparır.

70-dən çox elmi əsərin, o cümlədən 20-ə yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, Almaniyada dərc olunmuş iki monoqrafiyanın və dörd Avrasiya patentinin müəllifidir.

Elmi məqalələri Niderland, Almaniya, Birləşmiş Krallıq, Yunanıstan, Polşa, Türkiyə, Ukrayna və digər ölkələrin müvafiq sahə üzrə aparıcı jurnallarında nəşr olunub.

“Elmi fəaliyyətdə fərqləndiyinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb.

Bir sıra nüfuzlu beynəlxalq konfransların təşkilat komitələrinə rəhbərlik edib.

İngilis, rus və türk dillərinə sərbəst danışır. Müxtəlif beynəlxalq layihələrin, konsorsiumların və mübadilə proqramlarının fəal iştirakçısı olaraq Niderland, Avstriya, Almaniya, Birləşmiş Krallıq, Polşa və digər ölkələrə ezam olunub, beynəlxalq təcrübələri öyrənib.

2019-cu ildən YAP-ın üzvüdür.

Təhsil nazirinin əmri ilə 2022-ci ilin dekabr ayında AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

 (https://zefer.info.az/?p=876)

 

Ziya.info.az

 

.

 

 

 

 

Oxşar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir