VƏTƏNLƏŞƏN ŞƏHİDİM – FİZULİ ƏLİYEV

6 min read

 

FİZULİ ADINI DAŞIYIB FİZULİNİN ARZUSUNDA OLAN ÖLMƏZ ŞƏHİDİMİZ

Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir. Və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.

Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir. Bu sıraya çatan cənnətlə mükafatlandırılımışdır. Şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqda hərəkət edib xoşbəxt yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. Onlar vətən deyincə gözləri heç bir şeyi görməyən, geridə buraxdıqlarını düşünmədən öncə vətən deyən möhtəşəm insanlardır. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.

Xalq şairi Bəxdiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:

Qatil gülləsinə qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər.

Azərbaycanın müsdəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirdi. “Biz gəldi-gedərik, təki vətən yaşasın.” Bu amalla yaşayan şəhidlər misili görünməmiş iradə, yenilməzlik nümayiş etdirdilər.

Vətən, xalq sevgisi idi onlara cəsarət verən, sıraları möhkəm edən.

27 sentyabr 2020-ci il. O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücayəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli bayrağımızı azad olunmuş yaşayış məntəqələrinə asmaq üçün başlayan bu yürüş hamının ürəyindən xəbər verdi. “Dəmir Yumruq”əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücayəti ilə qəhrəmanlıq yazdı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olan igidlərimizdən biri  Əliyev Fizuli  Vidadi oğludur.

Əliyev Fizuli Vidadi oğlu = 1985-ci il yanvarın 25-də Bakı şəhərində anadan olub. Doğulan körpəyə həmin zaman Fizuli adını verən ailəsi bu hikmətli adın onun taleyindəki önəmli rolundan xəbərsiz olublar. Zaman keçdikcə böyüyən balaca Fizuli üzünü görmədiyi Qarabağ torpaqlarının həsrətini çəkməyə başlayıb. Vətəndən ayrı düşən o torpaqlara olan sevgisi Fizulini hərbiçi olmağa vadar edib. Orta təhsilini səkkizinci sinifə qədər oxuduqdan sonra C. Naxçıvanski adına Hərbi Məktəbdə hərbi təhsil almağa başlayıb. Həmin məktəbi uğurla başa vurduqdan sonra təhsilini H.Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib.

Ali məktəbi bitirdikdən sonra hərbi hissələrdə fəaliyyətə başlayan Fizuli Əliyev heç zaman arxa cəbhədə xidmət etməyib. Hər zaman ön cəbhədə düşmənlə bir neçə km məsafədə yerləşən sərhəd bölgəsindəki hərbi hissədə xidmət edib.

İllərdir əsir olan Qarabağ torpaqlarının azadlığı hər kəs kimi Fizulinin də yeganə amalına çevrilib. Ali baş komandanın bircə kəlmə “Vur” əmrini gözləyən Fizuli vətən müharibəsində düşmənə qan udduran igidlərimizdən biri olub. Peşəsinə bağlı olan qəhrəman onu layiqincə həyata keçirdiyi kimi müharibə zamanı da ordumuzun necə igidlər yetişdirdiyini bir daha düşmənlərə sübut edib.

Bir neçə yüksəkliyin düşmən tapdağından azad olunmasında zəhməti böyük olan Fizuli Əliyevin son döyüş yeri Suqovuşan ərazisi olub. Qəhrəmanlar Suqovuşanın əsirliyinə son qoyub, Vətən torpaqlarını xalqına qovuşdursa da çox təəssüflər olsun ki, ordumuzun bir neçə qəhrəmanı məhz Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olublar. Fizuli Əlyev də həmin qəhrəmanlardan biridir.

8 oktyabr 2020-ci ildə Fizuli Əliyevin ailəsinin yaddaşında onunla bağlı ən ağır xatirələrin yer aldığı tarixdir. Həmin tarix Fizulinin şəhadət tarixidir…

Haqqında dastanlar yazılan igid oğul səninlə qürur duyur bütöv Azərbaycan.

Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Əliyev Fizili Vidadi oğlu 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli medal, “Azərbaycan Ordusunun 100 illiyi” 1-ci dərəcəli yubley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” 2-ci dərəcəli yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin  90 illiyi” yubley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

Şəhidlər bizim tarix yazan igidlər, unudulmayan yaddaşımızdır.

Hər biri dastan oğullar,

Hünərli aslan oğullar.

Sizinlə qürur duyur

Azərbaycan oğullar!

Azərbaycan xalqı 2-ci Qarabağ müharibəsindən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, qəhrəman şəhidlərini unutmur, unutdurmur. Hətta onları hər kəsə tanıtmaq üçün əlindən gələni edir. Vətəni Vətən edən, ona azadlıq verən, düşmənlərə həddini bildirən oğullardır şəhidlər.

Onlar bizim and yerimiz, onlar bizim qürurumuzdur!

Adınız daima ucalarda yaşayacaq. Bu el, oba, millət sizinlə qürur duyacaq.

Zəfər igidləri, Zəfəriniz mübarək!..

 

ŞANLI QƏLƏBƏ

 

Qarabağda şəhid oldu,

Minlərlə igidlər.

44 günlük vətən müharibəsi,

Azadlığı qazandı

Şuşa, Kəlbəcər, Laçın,

Ağdam, Füzuli, Zəngilan,

Qubadlı

Nişanələr saxlayır igidlərin adından.

Ali Baş Komandanın

Böyük şücaətləri,

Xalqım üçün əzizdir,

Şəhidin dəyərləri.

Ali Baş Komandanım

Şərəfli medallarla

3- dərəcəli “Rəşadət” ordeniylə

Təltif etdi şəhidi.

Ölməz vətən hünəri,

Ölməz vətən şəhidi,

Şəhidin ziyarəti,

Ürəklərdə yurd saldı

Şəhidin məhəbbəti

Kapitan Fizulinin sevgisi,

Daim tarixdə qaldı.

 

ŞƏHİDLƏR XİYABANI

 

Şəhidlər xiyabanı,

Bəzənib gül-çiçəklə,

Fərasət dərdli ana

Onun dərdinin sayı

Sığmaz şerə, dastana.

Dayanıb qarşısında,

Onun məzar daşının,

Axıdır göz yaşın

Bu şərəfli qadının,

Ər hünərli qadının

Qəlbindəki arzular,

Ömrü yarıda qaldı.

Olub keçən günləri,

Yenə yadına saldı.

Dilə döbdü qəlbində

Gözundə xatirələr

Daima yada düşəcək

İgid,qəhraman oğul

Kapitan Fizulinin

Adına yazılacaq

Neçə-neçə nəğmələr

Tarixlərə donəcək!..

 

Raziyə KAMİLQIZI,
AYB-nin və AJB-nin üzvü.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir