NİZAMİ HÜSEYNOVUN YENİ ŞEİRLƏRİ
5 min readNizami Hüseynağa oğlu Hüseynov – 12 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Xəlilli kəndində anadan olub. 1985-ci ildə ADPU-nun filologiya fakültəsini bitirib. Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində yerləşən Elçin Qaranzadə adına 270 N:-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Eyni zamanda, DİM-də ekspertdir. Metodik vəsaitin həmmüəlliflərindən biridir. “Qabaqcıl maarif əlaçısı” və “Baş müəllim” adlarına layiq görülüb.
Nizami müəllim həm də gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur. “Çağlayan bulaq” adlı ilk şeirlər 2020-ci ildə “Borçalı” nəşriyyatında çap olunub. Şeirləri “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, “zim.az” və “zirve.info”, “ziya.info.az” saytlarında, “Zirvə” poeziya antologiyasında, “Ziya”, “Zəfər”, “Heydər zirvəsi”, “Canım Azərbaycanım”, “Turan”, “Şah dağı”, “Qara-Arxac” və s. ədəbi məcmuələrdə dərc olunub.
“Abdulla Şaiq”, “Zirvə”, “Zəfər” və “Qızıl Qələm” mükafatları laureatıdır.
Ailəlidir. İki övlad, 3 nəvəsi var.
Biz də Nizami müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!
ZiM.Az
MÜƏLLİM
Gecələr sübhədək yatmayıb bəzən,
Sabahkı dərsini düşünər müəllim.
Yeni bir üsulu kəşf eləyərsə,
Bir qanadlı quşa dönər müəllim.
Elmin yollarında şam kimi yanar,
Hər ağrı- acını gizlədər, danar
Şagird sorağıyla yollara qonar,
Sevincdən kükrəyib daşar müəllim.
Qaranlıq yolları işıqlandırar,
Gecələr tez yatıb səhər tez durar,
Özünü çox xoşbəxt bir insan sanar,
Elmli şagirdi olan müəllim!
TANRIM, ELƏ YAZ KI…
Tanrım, elə yaz ki, qalan ömrümü
Hörmətdən düşməyim dil bazarında
Dünyamı dəyişib mən olmayanda
Xəcalət çəkməsin heç məzarım da.
Heç vaxt deməsinlər,riyakar idi,
Desinlər, haqq söylər, düz danışardı.
Kimsəni incitməz,xətrinə dəyməz
Küsməzdi, küssə də tez barışardı.
Xeyirxah olaq ki, unudulmayaq
Həmişə qürurla ansınlar bizi.
Yaddan çıxarmayıb hərdən olsa da,
Ziyarət etsinlər qoy qəbrimizi.
GÖRÜŞÜNƏ GƏLMİŞƏM
Ata yurdum. Ana yurdum, Cəlilabad!
Sənin görüşünə gəlmişəm bu gün.
Ətrini hiss edib əsən küləkdən
Sənin görüşünə gəlmişəm bu gün.
Gözəl təbiəti seyr etmək üçün,
Yaxın insanlarla görüşmək üçün,
Kədəri,sevinci bölüşmək üçün
Sənin görüşünə gəlmişəm bu gün.
Səndə həmişəlik mən qalmamaqçün,
Sənli günlərimi xatırlamaqçün,
Torpağı öpərək səcdə qılmaqçün
Sənin görüşünə gəlmişəm bu gün.
İndi aydın oldu, niyə.nə üçün,
Sənin görüşünə gəlmişəm bu gün?
Bax bütün bunları yaşamaq üçün
Sənin görüşünə gəlmişəm bu gün,
Sənin görüşünə gəlmişəm bu gün!
İSTƏRƏM
Vətən, torpağında bir çay da axır,
Qəlbləri odlara yandırır, yaxır.
O taydan qardaşım həsrətlə baxır,
O baxan qardaşa çatmaq istərəm.
Arazın ürəyi aramla vurur,
Yolumda ən böyük bir sərhəd durur,
O tayda qardaşlar boynunu burur,
Sərhəddi aradan atmaq istərəm.
Hər səhər bu taydan o taya baxıb,
Qəlbimi alovsuz odlara yaxıb,
Şəhriyar çeşəməyin gözünə taxıb,
Savalan dağına baxmaq istərəm.
Nizami sözünü düzgün anlayın,
Ustad Şəhriyarı tapın, yanlayın,
Qorxmaz ərənləri yığın,sanlayın,
O tayı bu taya qatmaq istərəm.
ŞAD OLAR
Oğrun-oğrun həsrət ilə baxan yar,
Elə baxma, ürəyimi qəm alar.
Baxışıyla məni dərdə salan yar,
Könül versən, mənim qəlbim şad olar.
Hamı bilir, qışda boran, qar olar,
Sevən qəlblər geniş olar, dar olar
Sənin kimi gözəl mənə yarl, olar,
Könül versən, mənim qəlbim şad olar.
Sənsiz həyat mənə bir zindan olar,
Ürəyim həsrətdən odlanıb yanar,
Səni görcək ,gözəl, dərdim azalar,
Könül versən, mənim qəlbim şad olar.
ŞAD OL, KÖNÜL
Ömrün gözəl bir çağıdır,
Şad ol, könül, nə məlulsan.
Hər tərəf cənnət bağıdır,
Şad ol, könül, nə məlulsan.
Əsir düşmüşdü Şuşamız,
Susmuşdu şən avazımız,
Azad oldu torpağımız
Şad ol, könül, nə məlulsan
Əridi dağda qarımız,
Gəldi çiçəkli yazımız,
Hasil oldu muradımız,
Şad ol, könül, nə məlulsan.
BİLMİR Kİ…
Şərəfdən, düzlükdən danışır biri
Bunlar nə deməkdir, anlamır onu.
Ləyaqət, insanlıq tapdalanırsa,
Bəlkə, yetişmişdir dünyanın sonu.
Kiçik böyük bilmir,söz dinləməyir,
Ağlına nə gəldi, onu eyləyir.
Günahkar olana irad tutursan,
Özün haqlı bilir, hədyan söyləyir.
Hamıdan özünü çox güclü sanır,
Bilmir ki, dünyanı bir yaradan var?
Bilmir ki, hər şeyi idarə edən
Bir gün bu dünyanı ona edər dar.
NƏ YAXŞI…
Pislik edənlərə yaxşılıq eylə,
Qoy bu yaxşılıqdan pislər utansın.
Pislik eləməyə nə var ki, axı
Gərək yaxşılığa insan can atsın.
Həyatda özünün yolun olmalı,
Kimsənin diqtəsi xeyir gətirməz.
İnsan insanlığın qorumalıdır
Nəyin xətrinəsə onu itirməz.
Nə yaxşı həyatda bəzi insanlar
Səhvlər etsələr də, belə deyillər.
Onlar dərk edirlər,hörmətdən salar
İnsanı yabançı belə meyillər.
ZiM.Az
.