İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib

17 min read

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il okt­ya­brın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Döv­­­lət Bayrağını ucaldıb.

Dövlətimizin başçısı burada çıxış edib.

 

 

Prezident İlham Əliyevin çıxışı

 

– Əziz həmvətənlər.

Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi mey­danında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azər­baycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad gös­tərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azər­baycan xalqı­nın və Azərbaycan dövlətinin milli maraqlarını mü­dafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyaca­ğam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmiş­dim. Şadam ki, son 20 il ər­zin­də verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr ic­ra edil­­di.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azər­baycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox göz­ləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azər­baycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqya­sın­da özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesabla­şırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, da­ha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azər­­bay­can önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Er­mə­nistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiy­yat ya­ratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qa­bağın­dadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiy­yat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olma­malıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın ol­malıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güc­­­lü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən və­zi­fəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sü­but etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur et­dik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əmə­liy­yatı bi­zim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qal­dı­raraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edi­rik.

Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşı­sında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borclu­yuq. Həm üç il bun­dan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçiril­miş antiter­ror əməliyyatı zamanı Azər­baycan əsgəri, zabiti əsl qəh­rə­man­lıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silah­lı Qüv­vələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azər­baycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermə­nistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istə­yirdik. 17 il ərzində mən şəxsən mənasız və nəticəsiz danı­şıq­larda də­fə­­lərlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər aza­lırdı. Ermə­nis­tanın işğalçı siyasətini bir daha təhlil edərək tam əmin­liklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytar­maq fikrində de­yildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi et­­mək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azər­baycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziy­yətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim tor­pağımızda ikinci erməni dövləti yaradılsın.

Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayan­dırmağa hazırıq. Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alın­maz qala sa­yı­lan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğ­lubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt – noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriy­yəti o vaxt da – noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı ba­şa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstə­diyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır.

Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstər­miş­dir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim söz­lər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mü­kafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək la­zımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azər­baycan xalqı bi­lirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün bu­radayıq, Xankəndidəyik, Xankəndinin mərkə­zin­dəyik, Azərbaycan Ger­bi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoş­bəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yarat­mı­şıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il bo­yun­ca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi ir­sinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçi­riləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçiril­məmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvazökar insan idi, heç vaxt təmtəraqlı mərasimlər keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xa­tırlayıram, o zaman Moskvada çalı­şırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda ora­ya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə,- artıq sağlam­lığı o qədər də yerində deyildi, – Ankarada xəstəxanada, xəstə­xana­nın yeməkxanasında keçir­mi­şik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbay­canlının ürə­yində yaşayan Şuşada qeyd etməli idim. Orada Azər­baycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azər­baycan xalqı olub, onların da­vam­çıları olub.

Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada ol­ma­ğım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirmə­liyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sın­ma­dıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir öl­kə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bü­tün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir da­ha göstərir. Baxın görün, bu gün Azərbay­cana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəklə­yir­di və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşik­siz qalmışdır, torpaqlarımız ta­mamilə dağıdılmış­dır. Bu gün azad edil­miş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini gö­rür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparıl­mışdır. Bizə qarşı soy­qırımı törədil­mişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soy­qırımını tanı­yıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almış­dır. Bax, o çətin dövrdən bu günə qədər keçdi­yimiz yol şə­rəf və ləya­qət yoludur. Biz toparlandıq, güc yığdıq. Azər­baycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seç­mişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ər­zin­də isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

Bu bina keçən əsrin 60-cı illərində inşa edilmişdir, Azərbaycan büd­­cəsi hesabına. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya ko­­mitəsinin binası idi. Buna partkom binası deyirdilər. Bu binada bir çox şəxslər oturub. Vaxt var idi burada azərbaycan­lı­larla ermənilər dost­luq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qara­bağ­da, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zən­gəzurda, Dərələ­yəz­də, Ba­sar­keçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində ya­şa­mışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azər­bay­canında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gə­lin­­məmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-ha­vanı mən xatır­layıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü. Bu gün Sər­səng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Hey­dər Əli­yevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edil­mişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xan­kən­diyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xan­kən­didə gördüyünüz binaların müt­ləq əksəriyyəti məhz o illərdə inşa edil­­mişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağ­lıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edir­di.

Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırdı. Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya ko­mitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, an­caq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kə­narlaş­dırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyün­dən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müa­vini və­zifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni mil­lətçiləri mə­sələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbay­can­dan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəze­tində, ye­nə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edər­kən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki ola­raq vəziyyəti nə­zarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik gös­tərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər ke­çi­ril­mişdir və bütün bunlar mil­lətçiləri daha da ruhlandırırdı. Ermə­nistandan buraya durmadan er­mə­ni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlir­dilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başla­mışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqla­rı­nın faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Hey­dər Əliyev­siz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utanc­verici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyi­şən antimilli höku­mətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışır­dı­lar, həm sovet dövründə, həm müstəqillik döv­rün­də. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticə­sində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifə­lərini guya donduraraq kənara çəkildilər.

Yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bilərdi.

Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Ba­kıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tank­ları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxa­na­sında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təm­kinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azər­­baycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il göz­lədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayra­ğı­mız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqı­nın onil­liklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləya­qətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bü­töv­lü­yümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa et­mişik.

Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Bu­rada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldır­maq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı ora­da, təcridxanada ve­rilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl de­di­yim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermə­nistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibə­sini unutmasınlar! Antiterror tədbirlə­rini unutmasınlar! Əgər yenə də Er­mənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadr­lara yaxşı baxsın.

Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoş­bəxt­likdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azər­bay­can Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qal­dırdığım Bay­raq burada əbədi dalğalanacaq və biz burada əbədi ya­şayacağıq. Qara­bağ bizimdir, Qarabağ Azərbaycandır!

 

***

Sonra dövlətimizin başçısı şəhərin ərazisinə baxış keçirdi.

Xankəndi şəhərinin komendantı, polis general-mayoru Sərdar Sə­fə­rov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ra­port ver­­­di.

 

ZiM.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir