OĞLUM VƏTƏN, BAYRAQ UĞRUNDA ŞƏHİDLİYƏ UCALDI…
15 min readVətən müharibəsi şəhidi gizir Emil Vaqif oğlu İsgəndərovun
(5 avqust 1990-cu il Sumqayıt şəhəri – 7 noyabr 2020-cu il Şuşa rayonu) anası Tənzilə xanım ilə müsahibə.
Dünyada – milyardlarla insanın evi olan bu böyük, ucsuz-bucaqsız Yer planetində neçə-neçə ölkələr, dövlətlər, dinlər, millətlər var. Dünyada yaşayan millətlərin ən şərqdəkindən tutmuş ən qərbdəkinə, ən şimaldakından tutmuş ən cənubdakına qədər hamısının öz tarixi və bu tarixdə yaşanmış önəmli tarixi hadisələri var. Bu millətlərin bəzilərində onlar üçün xüsusi önəm kəsb edən tarixi hadisələr çox, bəzilərində isə azdır. Hətta bəzi millətlər var ki, onlar yüzilliklərlə başqa-başqa işğalçı dövlətlərin işğalı altında qalıblar və hələ də bu boyunduruqda qalmaqdadırlar. Təəssüflər olsun ki, belə millətlərin sayı da az deyil. Lakin Azərbaycan xalqı, bu xalqın əsasını, tərkib hissəsini təşkil edən türk milləti və bu xalqın qurub yaratdığı Azərbaycan dövləti böyük, ucu-bucağı görünməyən dünyada yaşayan bütün xalqlardan, millətlərdən və dövlətlərdən fərqlənir. Ona görə ki, eramızdan əvvəlki dövrlərdən ta müasir dövrümüzə qədər bizim tariximizdə saysız-hesabsız qəhrəmanlar, sərkərdələr, tarixi hadisələr, bu millətin, bu xalqın qurduğu dövlətlər olmuşdur. Hətta mənfur qonşularımız bu tarixi qəhrəmanları və hadisələri nə qədər əlimizdən almağa, dəyişdirməyə cəhd göstərsələr də tariximizi özününküləşdirə bilmirlər, əksinə onların hər həmləsindən sonra tariximiz daha da zənginləşir.
Tariximizi, xüsusilə də ən yeni tariximizi zənginləşdirən ən böyük hadisələrdən biri də 44 günlük Vətən müharibəsi və o müharibəyə son nöqtəni qoyan Şuşa zəfəri oldu. Vətən müharibəsinin – ən yeni tarixin ən yeni salnaməsinin başlıca yaradıcıları Ali Baş Komandanımız, Azərbaycan Respublikası Silahlı Qüvvələri, müharibə iştirakçıları, qazilərimiz və ən əsası canından, qanından keçib böyük fədakarlıq göstərən, şirin canını sevdiyi vətəninə elə sevə-sevə də fəda edən Şəhidlərimiz oldular. Bu dəfə qanları ilə qəhrəmanlıq salnaməsi yazmış Şəhidlərimizdən birinin həyat yoluna onu dünyaya gətirib boya-başa çatdıran və Şəhidimizin özü kimi qəhrəman olan anası tərəfindən işıq tutacaq, qəhrəman şəhidimizi dərindən tanıyıb həyat və döyüş yolunu tam dəqiqliklə dərk etməyə çalışacağıq. Haqqında söz açacağımız qəhrəman Azərbaycan Respublikası Daxili Qoşunlarının xüsusi təyinatlısı, Şuşa fatehi, Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olan gizirimiz Emil Vaqif oğlu İsgəndərovdur. Məqaləmin bu hissəsində Şəhidimizin anası Tənzilə xanım ilə apardığım müsahibəni oxucularıma təqdim edirəm:
– Salam. Xahiş edirəm, özünüzü təqdim edəsiniz.
– Mən Azərbaycan Silahlı Qüvvələrinin Daxili Qoşunlarının xüsusi təyinatlı “Yarasa” dəstəsinin üzvü, gizir Emil Vaqif oğlu İsgəndərovun anası Tənzilə İsgəndərovayam.
– Şəhidimiz Emil İsgəndərov haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz? Onun kiçik yaşlarında hansı xasiyyətlərə malik olması, necə bir uşaq olması barədə oxucularımıza hansı məlumatları verə bilərdiniz?
– Emil haqqında sözə haradan və necə başlayım, onu bilmirəm. Əvvəl oradan başlayım ki, hələ Emil 3 yaşında olanda atası Vaqif İsgəndərov Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatıldı. Elə bil Emil o vaxtdan müharibənin qoxusunu hiss etmişdi. Ona görə də o, başqa həmyaşıdları kimi şirniyyata, oyuncaq maşınlara meyl etmirdi. O, həmin vaxtlarda özü üçün oyuncaq avtomat, tapança, tank aldırırdı. Özü istədiyi üçün hətta atasının işlənmiş hərbi formasından ona hərbi paltar da tikmişdim. Emil o paltarı geyinəndə özünü əsgər kimi aparar, bundan elə sevinərdi ki… Ağdam işğal olmazdan əvvəl atası Emili özü ilə Ağdama da aparmışdı. Ağdam işğal olunanda Emil də orada idi. Hamı məni danlayıb deyirdi ki, körpəni hara yollamısan, qorxmursan, başına bir iş gələr? Ancaq Emil özü Ağdama getməyi atasından təkidlə tələb etmişdi. Hələ körpə vaxtından o çox ağıllı, səmimi, mehriban, eyni zamanda bir az da dəcəl uşaq idi. Sağlığında Emil mənim üçün həm ata, həm qardaş, həm oğul, həm də yaxın dost, sirdaş idi. Ona görə də Emilin şəhid olduğu həmin gün mən bir anda sadaladığım yaxınlarımın hamısını, hər şeyimi birdən itirdim. Elə bil ki, ondan sonra ucsuz-bucaqsız səhrada tək qalmışdım. Beynim bir ağ vərəq kimi idi. Emil orta məktəbdə oxuyarkən bir az dəcəl uşaq olsa da bununla bərabər hamının hörmətini qazanmışdı. Mənə həddən çox bağlı idi. Hətta aramızda bir zarafatımız da var idi. Deyirdim ki, ay Emil, sən hərbi xidmətə yola düşəndə səninlə mən də gedəcəyəm, birlikdə xidmət edəcəyik. Deyirdi ki, niyə, ana? Deyirdim ki, səni hərbi hissənin darvazasından içəri salandan sonra mən sənin həsrətinə dayana bilməyəcəyəm. Ona görə də ən yaxşısı sənin yanında qalmaqdır. O, mənim bu sözümə ürəkdən gülürdü. Lakin həqiqətdə isə bunu edə bilmədim.
– Bilirəm ki, Şəhidimiz əslən Qubadlı rayonundan olub. O, Qubadlını görmüşdümü, sizə Qubadlı haqqında suallar verirdimi?
– Emilin atası əslən Qubadlı rayonunun Çardaqlı kəndindən idi. Biz o kəndi görməmişdik. Amma iki yaşı olanda Emili Qubadlı rayonunun Bəxtiyarlı kəndində qardaşımın qız övladının toy şənliyinə aparmışdıq. Biz Sumqayıtda doğulub boya-başa çatmışıq. Amma Emil məzuniyyətdə olduğu vaxtlarda Azərbaycanın hər tərəfini qarış-qarış gəzib. O, bunu çox xoşlayırdı. Bir dəfə məni də Gəncəni gəzməyə aparmışdı. Emilin Gəncənin girişində çəkdirdiyi şəkilləri var idi. Demişdim ki, mən də orada dayanıb şəkil çəkdirəcəyəm. Emil şəhid olduqdan sonra həmin yerlərə getsəm də şəkil çəkdirə bilmədim. Gözümün yaşı imkan vermədi ki, bunu edim. Elə orada dedim ki, canım oğlum, sənin sevinə-sevinə gəzdiyin, şəkillər çəkdirdiyin torpaqları mən ağlaya-ağlaya gəzirəm. Səni həmin yerlərdə axtarıram, ancaq tapa bilmirəm. Onu da qeyd edim ki, Qarabağda, eləcə də ata yurdu Qubadlıda doğulmasa da deyirdi ki, ən gözəl təbiətə malik səfalı yerlərimiz həmin işğalda olan torpaqlarımızdadır. İnşəAllah, həmin torpaqları işğaldan azad edəndən, dığaları oradan qovandan sonra həmin yerləri də qarış-qarış özüm gəzəcəyəm və sizləri də ora, eyni zamanda ata yurdum Qubadlıya aparacağam. Amma qismət olmadı.
– Emilin hərbi xidmətə həvəsi necə idi, onu hərbi xidmətə yola saldığınızı necə xatırlayırsınız?
– Emil hərbi xidmətə çox həvəsli idi. Elə bil tələsirdi ki, tez böyüsün, hərbi xidmətə getsin. Nəhayət ki, həmin gün gəldi. Emil hərbi xidmətə yola düşən gün mən həsrətdə qalacağımı bilsəm də çox yaxşı idim. Sevinirdim ki, nəhayət, oğlum böyüyüb, kişi kimi vətənə xidmət etməyə gedir. Günlər, aylar keçdi, Emil hərbi xidmətdə əsgər yoldaşları, komandirləri arasında inam, etibar, hörmət qazandı. İdmançı idi Emil. Orta məktəbdən məzun olanda son zəng tədbiri üçün hərbi forma tikdirmişdi, o, orta məktəbi beləcə hərbi forma ilə bitirmişdi. Emil vətənə xidmət etməkdən zövq alar, vətən qarşısında borcunu yerinə yetirməkdən qürurlanardı.
– Şəhidimizin gələcəklə bağlı arzuları və planları var idimi, bu arzular, planlar barədə sizə demişdimi?
– Onun gələcək planları və arzuları tükənməz idi. Mənə də bu barədə sevinclə deyər, gələcəyə böyük ümidlərlə baxardı… Lakin vətən sevgisi onun üçün bütün istəklərindən, sevgilərindən yüksəkdə dayandığı üçün onun qalan planları və arzuları yarımçıq, elə arzu olaraq qaldı…
– Qəhrəmanımız hərbi təlimlərdə tez-tez olurdumu, ümumiyyətlə, bu təlimlərin müharibəyə hazırlıq olması barədə danışırdımı?
– Emil vətənini, xalqını, hərb sənətini olduqca çox sevən bir gənc idi. Xidməti dövründə o, hərbi təlimlərə tez-tez gedirdi. Bu təlimlərdən yorulduğunu heç bir vaxt dilinə gətirməzdi. Hərbi təlimlərlə bərabər Emil əsas da idmanla məşğul olurdu. Amma evdə müharibənin olacağından danışmazdı. Atası ilə nə isə danışırdı, mən anlamırdım. Sonradan bilmişəm ki, o, torpaqlarımızın azad edilməsi üçün müharibənin başlaya biləcəyi barədə danışır, təlimlərə də elə buna görə çox can atırmış. Ancaq mənə deyirdi ki, ana, nəvələrinə (özünün övladlarını nəzərdə tuturdu) yaxşı bax. Mən onun həmin vaxt nə demək istədiyini yaxşı anlamamışdım, deyirdim ki, mən nəvələrimə iki gözüm kimi baxıram. İki oğlu var Emilin. Bir dəfə məhəllədə söhbət zamanı qadınlar dedilər ki, deyəsən, müharibə olacaq. Mən telefonla danışanda Emildən soruşdum ki, qadınlar belə danışırlar, müharibə gözlənilirmi? Zarafatla dedi ki, qadınlara de ki, öz işləri ilə məşğul olsalar, yaxşıdır. Bu söhbətdən iki gün sonra Aprel döyüşləri oldu. Amma o, bu barədə bizə heç bildirməzdi, hərbi sirr barədə, ümumiyyətlə, ondan nə isə soruşulmasını xoşlamazdı. Dediyi elə bu idi ki, kim nə deyirsə, desin, sən hər danışan kəsə fikir vermə, narahat olma, hər şey yaxşı olacaq.
– Emil Vətən müharibəsinə yollananda sizə döyüşə getdiyini bildirdimi, əgər bu barədə bildinizsə, bir ana kimi hansı hissləri keçirdiniz və onu hansı hisslərlə döyüş meydanına yola saldınız?
– Emilgil yeni mənzillərinə köçmüşdülər, 2020-ci ilin mart ayında biz onlara getmişdik. Emili elə həmin ayda Qubadakı xidmət yerindən Hacıqabula göndərmişdilər. Emilin 2-ci oğlu da yeni mənzildə 2020-ci ilin iyul ayında anadan oldu. Sentyabrın əvvəli biz yenə Emilgilə getmişdik. Sonralar bildim ki, özü atasına deyib ki, gəl, bizim uşaqları apar. Soruşanda həyat yoldaşına da, mənə də deyirdi ki, Bərdədəyəm, xidməti burada davam etdirirəm. Ancaq atasına deyibmiş ki, evi təhvil ver, vəziyyəti görürsən, məni bilmək olmaz ki, nə vaxtsa, sağ gələrəm ya yox… Elə bil şəhid olacağını özü bilirmiş, elə bil özünə agah olubmuş. Mən hər dəfə Emili evdən yola salanda əsgər anası kimi qürur hissi keçirirdim. Sonuncu dəfə yola salanda da müharibəyə yola saldığımı bilmirdim. Həmişəki kimi gedib-qayıdacağı ümidi ilə yola salmışdım. Belə olacağını bilməzdim. Nə bilim, hər şey qismətdir…
– Vətən müharibəsinin gedişi zamanı qəhrəmanımızla necə əlaqə saxlayırdınız?
– Vətən müharibəsi başlayandan sonra Emillə əsasən telefonda mesaj yazmaqla əlaqə saxlayırdıq. Vaxtı olanda özü də zəng də edirdi. Sonuncu danışığımız 30 oktyabr 2020-ci ildə, saat 11:30-da oldu. Onda da hal-əhval tutduqdan sonra dedi ki, uşaqlardan muğayat olun, məndən narahat olmayın. Sonra isə danışıq əlaqəmiz kəsildi. Dedim ki, ola bilsin, sonra zəng edər və ya mesaj yazar, amma həmin gündən mən onunla əlaqə saxlaya bilmədim. Oktyabrın 31-də isə axşam zəng edəndə atasına deyib ki, biz Şura xalagilə gedirik, narahat olmayın, bir-iki günə Şura xalagildən sizə yazacağam. O gündən əlaqə saxlaya bilmədik. Sonradan mən bildim ki, atası ilə danışanda “Şura xala” dedikdə Şuşaya getməklərini, Şuşa uğrunda döyüşüb Şuşanı azad edəcəklərini nəzərdə tuturmuş. Lakin atası narahat olacağımı nəzərə alaraq onun Şuşaya getməsi barədə həmin vaxt mənə deməmişdi.
– Emilin şəhid olma xəbərini haradan və necə öyrənə bildiniz?
– Emillə əlaqə saxlaya bilmədiyimiz müddətdə yuxum qaçmışdı, istəsəm də narahatlıqdan yata bilmirdim, bir balaca yuxulayanda isə qarışıq yuxular görürdüm, birdən də Emili görürdüm yuxumda, o, gülümsəyirdi. Artıq Emillə əlaqəmizin kəsilməsindən 5 gün keçirdi. Gün keçdikcə də daha çox narahat olurduq. Çünki bilirdik ki, Emilin vəziyyəti yaxşı olsa, heç vaxt bizi məlumatsız, xəbərsiz buraxmazdı. Atası hər yerə məlumat vermişdi və demişdi ki, Emildən bir xəbər tuta bilmirik. 7 noyabrda tanımadığımız gənclər bizim köhnə məhəlləyə gəlib bizi soruşublar, deyiblər ki, Qubadakı hərbi hissədən gəlmişik. Hərbçi yoldaşımız Emil şəhid olub. Qonşular deyib ki, ailəsi axtarır, amma hələ nə isə dəqiq məlumat yoxdur. 11 noyabrda atası Emili axtarmağa getdi. Mənə də dedi ki, hərbi komissarlığa telefonla danışmaq üçün gedir. Sonradan bilmişəm ki, o, Emilin şəhid olduğunu bilib, lakin mənə düzünü deməyib. Mənim Emildən başqa Əli və İsgəndər adlı iki oğlum da var. Əli də 44 günlük Vətən müharibəsində döyüşürdü. Emil barədə birinci olaraq Əliyə zəng edib soruşublar ki, siz şəhid Emil İsgəndərovun qohumusunuz? Əli də deyib ki, Emil mənim qardaşımdır, amma o, şəhid olmayıb, Şuşada döyüşür. Lakin sonradan bildiyimə görə günorta vaxtları atasına zəng edib deyiblər ki, oğlunuz Emil şəhid olub, ona görə də məlumatı dəqiqləşdirmək üçün atası özü gedib. 11 noyabr 2020-ci ildə saat 19:30-da Vaqifdən zəng gəldi. Telefonu mən açdım. O, soruşdu ki, evdə kim var? Dedim ki, özümüzdən başqa heç kəs yoxdur. Mən soruşdum ki, Vaqif, Emildən nə xəbər var, salamatçılıqdır? Dedi, Vətən sağ olsun. Başa düşdüm ki, artıq Emil həyatda yoxdur. Kaş ki həmin an mən də ölərdim… Demə, Vaqif özü Emilin şəhid olduğunu bilirmiş, lakin mənə deməyə ürək etməyib. Atası Emilin nəşini gecə biz ağlamayaq deyə məscidə qoyubmuş. Emil mənim üçün hər şey idi. Noyabrın 12-si səhər Emilin Azərbaycan bayrağına bükülmüş tabutunu evə gətirdilər. Tabutu evdə yerə qoyanda işıqlar söndü. Əl atıb işığı yandırmaq istədikdə otağın lampası partlayaraq şüşələri tabutun üstünə səpələndi. Fikirləşdim ki, balamın işığı söndü, onunla birlikdə evimin də işığı söndü… Sonradan Emilin yanında olan döyüş yoldaşları bizə dedilər ki, Emil qolundan yaralanıbmış. Özü də bərk qızdırmalıymış. Deyiblər ki, sən qayıt, müalicə al, bu vəziyyətdə döyüşə bilməyəcəksən. Lakin o, qayıtmayıb, Şuşada döyüşünü davam etdirib və orada da şəhadətə qovuşub. Gözümüzün önündə Şuşa fatehi Emilimin üçrəngli bayrağımıza bükülmüş tabutu dayanmışdı. Birdən hələ uşaq vaxtlarından Emilin bayrağı çox sevdiyini xatırladım. Özümə təskinlik verib qürurlandım ki, oğlum vətən uğrunda, bayraq uğrunda Şəhidlik zirvəsinə yüksəldi, bizə bildirməsə belə bəlkə də elə onun ən ülvi arzusu bu imiş, o ən ülvi arzusuna çatdı… Vətən uğrunda, bayraq uğrunda mübarizə aparmaq, torpaqlarımızı düşmən tapdağından azad etmək, bu yolda şəhid olmaq və sevdiyi bayrağa bürünüb vətən torpağının köksünə köç etmək…
Ürəyiniz rahat olsun, təskinlik tapsın, Tənzilə ana! Vətən uğrunda, bayraq uğrunda Şəhidliyə yüksələn qəhrəman oğlunuz Emilin və onunla birgə eyni fədakarlığı göstərən bütün Şəhidlərimizin heç birinin qanı yerdə qalmadı! Bu gün Şəhidlərin uğrunda can verdikləri üçrəngli bayrağın üç rənginin işığında Qarabağı tamamilə azad edən Ordumuz gözünü aydın, işıqlı sabaha, cənublu, şimallı, Zəngəzurlu, Göyçəli, İrəvanlı, tarixi torpaqlarımızın azad olunacağı günlərə dikib… O gün yaxındadır və o gün bizim haqlı qələbəmiz üçün Emil qardaşımın və onun şəxsində bütün Şəhidlərimizin ruhu bizə kömək olacaq!
Onu da qeyd edim ki, Vətən müharibəsi şəhidi gizir Emil Vaqif oğlu İsgəndərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə ” 3-cü dərəcəli medalla ilə təltif edilmişdir.
Şəhid Emil İsgəndərov ailəli idi, İbrahim və Nicat adlı iki övlad atası idi.
– Müsahibə üçün Tənzilə anaya təşəkkür edir, Allahdan ona səbir, qəhrəman oğlu, şəhid Emil İsgəndərova və bütün şəhidlərimizə rəhmət diləyirəm! Amin! Şəhidlər ölməz, Vətən bölünməz! Torpaq, uğrunda ölən varsa, Vətəndir!
SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi,
şair-publisist,
AJB üzvü
01.02.2024
ZiM.Az
.